Şəki yenidən Nuxa olsunmu? -   “Heç yaxşı səslənmir”

saytların hazırlanması

Evə çatdırılma

Şəki yenidən Nuxa olsunmu? - “Heç yaxşı səslənmir”

Sosial

20 May 2026 14:26 99


Sovet dövründə Azərbaycanın bir sıra coğrafi məntəqə və yaşayış yerlərinin adları ideoloji səbəblərdən dəyişdirilib. Gəncə – Kirovabad, Beyləqan – Jdanov, Tərtər - Mir Bəşir və s. adları alıb. Amma bəzi tarixi şəhərlərin adları heç bir əsas olmadan dəyişikliyə uğrayıb. Nuxa şəhəri kimi.

Müstəqillik dövründə bir çox şəhər və qəsəbələrin köhnə və xalqın yaddaşından silinməyən adları bərpa olundu. Lakin “Şəki” adının “Nuxa” ilə dəyişdilməsi yaddan çıxdı.

Nuxanın Şəkiyə çevrilməsinin tarixçəsi də var. Marqarita pizza

1968-ci ildə Nuxa şəhər partiya komistəsinin birinci katibi Aydın Kaşıyev Bakıya məktub yazaraq bildirir ki, “Nuxa” sözünün elmi və tarixi əsası yoxdur, bu məkan tarixən “Şəki” adlanıb.

“Bununla bağlı tədbir görülsün və yenidən rayonun adı Şəki adlandırılsın” – sətirli məktuba Nuxa şəhərinin adı haqqında tarixi arayış da əlavə edib.

Qeyd edək ki, bu arayışda “Şəki” adının işlənmə tarixi haqqında elmi mənbələr göstərilib. O zamanlar Ali Sovetin Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov akademik Məmmədağa Şirəliyevi və tarix elmlər doktoru Zelik Yanpoliskini Nuxaya göndərib. Onlar arxiv materiallar ilə tanış olub və yerli əhali ilə söhbət aparıb.

Bu hadisədən sonra Azərbaycan SSR Mərkəzi Komitəsi mart ayında qərara qəbul edib: “Nuxa şəhər rəhbərliyinin və Ali Sovetin Rəyasət Heyətinin təklifi nəzərə alınsın və Nuxa şəhəri bundan sonra Şəki şəhəri adlandırılsın”.

“Nuxa şəhərinin Şəki adlandırılması ilə bağlı müxtəlif versiyalar var. Bunu qədim Noqay (Nuqay) tayfaları ilə əlaqələndirənlər də var. Bəzən isə məsələni daha yanlış şəkildə izah edərək bildirirlər ki, şəhərin sak tayfaları ilə bağlı olan “Şəki” adı rusların buraya gəlişindən sonra yaranıb. Halbuki buna görə adın dəyişdirilməsi tamamilə doğru addım hesab olunurdu”.

Bu sözləri “Yeni Sabah”a tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz bildirib.

Onun sözlərinə görə, şəhərin əvvəlcə “Nuxa” adlandırılması ciddi səhv sayılırdı:

“Şəhərin adının dəyişdirilməsi Azərbaycan SSR Ali Sovetinin qərarı ilə həyata keçirilib. Təəssüf ki, şəhərin adı dəyişdirilərkən yerli əhalinin fikri öyrənilməyib. Lakin bəzi hallarda ictimai rəy də tam doğru olmaya bilərdi. Çünki sovet məmurlarının apardığı təbliğat nəticəsində əhali arasında yanlış təsəvvür formalaşa bilərdi. Buna görə də mütəxəssislərin rəyi və tarixi qaynaqlarda şəhərin qədim adının işlənməsi nəzərə alınaraq qərar verilməsi daha məqsədəuyğun idi.

Əslində, şəhərin əvvəlcə “Nuxa” adlandırılması ciddi səhv sayılırdı. Sonradan bu adın yenidən “Şəki” ilə əvəzlənməsi müsbət hal kimi qiymətləndirilir”.

B.Əzizin sözlərinə əlavə edərək bildirib ki, qədim Şəki haqqında Roma və yunan mənbələrində məlumat verilib:

“Şəki adı qədim türk tayfalarından olan saklarla əlaqələndirilir. Hətta qədim Albaniyanın vilayətlərindən birinin adı da Sakasena kimi qeyd olunur. Bu baxımdan, qədim iskit tayfaları ilə bağlı olan şəhərin “Şəki” adlandırılması tarixi baxımdan əsaslı hesab edilir.

Kimmer, iskit və sak tayfalarının eramızın əvvəllərindən bu ərazidə toplu şəkildə məskunlaşdığı bildirilir. Roma və yunan mənbələrində də bu barədə geniş məlumat verilir və ərazi “Şəki”, “Saki” bölgəsi kimi qeyd olunur. Azərbaycan tarixçilərinin böyük hissəsi Şəkinin ən azı 2700 ildən artıq tarixə malik olduğunu bildirir.

Hazırda şəhərin adının yenidən dəyişdirilməsi ilə bağlı hər hansı qərar gözlənilmir. Belə bir addımın atılması isə yanlış qərar olar”.

Əslən Şəki şəhərindən olan sabiq Baş nazir müavini Abid Şərifov mövzu ilə bağlı qeyd edib ki, “Nuxa” adı heç yaxşı səslənmir:

“Tarixi hamımız az-çox oxumuşuq. Amma mən heç vaxt Nuxa adına rast gəlməmişəm. Lakin Şəki adı hər yerdə tanınıb. Şəkinin adını dəyişdirmək düzgün olmaz. Mən öz fikrimi deyirəm, Nuxa adı heç yaxşı səslənmir”.

A.Şərifov vurğulayıb ki, indi “Nuxa” adının qaytarılması vacib məsələ deyil.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!