“Azərbaycan öz ərazisində 30 ildir separatizmə və terrora səbəb olan ocağı ortadan qaldırmaq üçün separatçı rejimi və onun silahlı qüvvələrini terrorist təşkilat elan etməli və əməliyyatlar üçün hüquqi baza yaratmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.
O, Qarabağ ərazisində son təxribat-diversiya hərəkətləri – “partizan müharibəsi” taktikasından söz açıb.
S. Əkbər düşünür ki, baş verən hadisələr qondarma rejimin mahiyyətini ortaya çıxarıb:
“Azərbaycan həmin qondarma qurumun “silahlı qüvvələri”ni, “ordu”sunu, “polis”ini terrorçu təşkilat elan edərək onun üzvlərini məhv etməlidir. Son hadisələrdən sonra əməliyyatlar üçün tam hazırlıq vəziyyəti elan olunmalıdır. Yaxın dövrdə, hətta sentyabrın sonuna qədər Azərbaycan Qarabağda əməliyyatlar keçirməlidir”.
“Artıq DTX-da cinayət işi açılıb. Fikrimcə, DTX hadisənin mahiyyətini və icraçıları üzə çıxarmalı və lazımi tədbirlər görməlidir. Bu hadisədən asılı olmayaraq, Azərbaycan zəruri addımları atmalıdır. Nə qədər yubansaq, o qədər də itkimiz olacaq. Düşmən günbəgün güclənir. Ona görə də qəti addım atılmalıdır”, – deyə S. Əkbər əlavə edib.
Siyasi təhlilçinin fikrincə, sentyabrın sonuna qədər Azərbaycan hərbi əməliyyata başlamalıdır:
“Mərhələ-mərhələ əməliyyatlar, kompleks siyasət həyat keçirməliyik. Çünki strateji savaşdayıq və bunun siyasi, diplomatik, maliyyə-iqtisadi, kəşfiyyat, təhlükəsizlik, o cümlədə həbi, informasiya və psixoloji tərəfləri mövcuddur. Bütün sahələrdə paralel işlər aparmaqla birlikdə tanınmamış quruma qarşı əməliyyatlar keçirməliyik”.
S. Əkbərin sözlərinə görə, buna qədər çoxsaylı nöqtə əməliyyatları həyata keçirilməli idi:
“Lakin bu barədə indi danışmaq artıq gecdir. Çünki son hadisələrlə yeni bir mərhələyə qədəm qoymuşuq. Təhqiqat aparılmadan bu işin mahiyyətini anlamaq çətindir. Nə bilirik, bəlkə, Rusiya hərbi kəşfiyyatının xüsusi təyinatlıları o minaları basdırıb? Məqsəd də sülh prosesini pozmaq və təxribata çəkməkdir, bəlkə? Çünki humanitar yüklərin keçməsi ilə bağlı “humanitar həmlə”ni Azərbaycan boşa çıxardı.
Bu gün Bakını reaktiv siyasət aparmağa məcbur edirlər. Mən isə deməkdən yorulmuşam ki, düşmənin apardığı siyasətə davamlı cavab vermək məcburiyyətində qalmamalıyıq. Əksinə, bütün sahələrdə preventiv, qabaqlayıcı siyasət yürüdülməlidir. Bütün sahələrdə düşmənə qarşı önləyici tədbirlər görməliyik ki, onların atdığı addımlara cavab verməkdən gecikməyəcək.
Qısası, hazırlıqlar yekunlaşmalı və ay sonuna qədər bölgədə həlledici əməliyyata başlamalıyıq”.
Rafi MÜLSÜMOV
Telegram kanalımız