“Qarabağdakı keçmiş qondarma rejimin saxlanılan üzvləri üçün beynəlxalq məhkəmənin qurulmasına ehtiyac yoxdur. Azərbaycanın məhkəmə təşkil etməyə yetərli imkanları, siyasi iradəsi var”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Erkin Qədirli deyib. Deputat bildirib ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə üzv deyil, ancaq üzv olsaydı belə, ona ehtiyac duymayacaqdı.
Erkin Qədirlinin sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə görə, beynəlxalq məhkəmələr dövlətlərin məhkəmələrinə əlavədir:
“Beynəlxalq məhkəmə yalnız o halda işə baxır ki, dövlətin məhkəməsi həmin işə baxa bilməsin, buna imkanı və ya siyasi iradəsi çatmasın. Azərbaycanda isə həm siyasi iradə, həm də imkan var.
Artıq istintaq orqanlarının işi gedir, qanunvericiliyimizə uyğun olaraq məhkəmə prosesi baş tutacaq. Ola bilsin, bəzi şübhəli bilinən, cinayətdə təqsirləndirilən şəxslər hələ bizim istintaq orqanlarının əlinə keçməyib. Ancaq onlar beynəlxalq axtarışa verilib və bu, ayrıca bir prosedurdur”.
Xarici jurnalistlərin məhkəmə prosesinə cəlb edilməsi məsələsinə gəldikdə isə, deputat bunun məhkəmə prosesinin açıqlığından asılı olacağını deyib. Erkin Qədirli bildirib ki, normalda məhkəmə prosesi açıq olur, yalnız müəyyən detallarla bağlı qapalı iclas keçirilə bilər, ancaq bu məsələdə qapalı iclasın keçirilməsinə şərait yaradacaq hansısa detal yoxdur:
“Güman etmirəm ki, prosesin qapalı aparılsın. Bu məhkəməni maksimum açıq etmək üçün Azərbaycan dövlətinin siyasi iradəsi yetərincə güclüdür. İstər yerli, istər xarici mətbuat məhkəmənin qaydalarına uyğun oradan materiallar hazırlaya bilər. Ancaq məhkəmə prosesində foto, video çəkiliş yalnız icazə ilə mümkündür. Ona görə də mən burada icazə verilib-verilməyəcəyini dəqiq deyə bilmərəm. Reportaj hazırlamaq üçün, fikrimcə, jurnalistlər buraxılacaq. Hesab edirəm ki, bu məsələdə hamımızın anlayışı eynidir - proses açıq olmalıdır və belə də olacaq, məhkəmə prosesinin keçirilməsinə ziyan vurmadan oradan reportajlar hazırlamağa icazə veriləcək”.
Telegram kanalımız