Bir neçə gün əvvəl Kəlbəcərə arı ailələri və heyvandarlıq təsərrüfatı köçürülüb. Bu isə sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. İnsanlardan əvvəl heyvanların işğaldan azad olunmuş ərazilərə göndərilməsi birmənalı qarşılanmayıb.
Maraqlıdır, təsərrüfat sahiblərinin Kəlbəcərə köçürülməsi yerli əhalinin də geri qayıtmasını sürətləndirə bilərmi?
Mövzu barədə Yenisabah.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov ilk əvvəl müharibədən sonra Kəlbəcərdə komendant saatının tətbiq edilməsindən söz açıb: Toyuqlu pizza
“Kəlbəcər işğaldan azad edildikdən sonra orada komendant saatı tətbiq olundu, yəni gediş-gəlişlə bağlı məhdudiyyətlər tətbiq edildi. Burada isə məqsəd vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək idi. Çünki ermənilər işğaldan azad edilən ərazilərimizi minalayıb və müharibə başa çatsa da, xəritəni təhvil verməyiblər. Buna görə də insanların oraya getməsinə icazə verilmir. Amma təmizlənən ərazilərdə müəyyən qurumlar fəaliyyət göstərir və həmin yerlərə işlə bağlı gediş-gəliş təmin olunur. Həm iribuynuzlu, həm xırdabuynuzlu heyvanların, həm də arı ailələrinin oraya köçürülməsi planlı şəkildə aidiyyəti qurumların razılığı əsasında buraxılış vərəqi verildikdən sonra nəzarət altında baş tutub. Yəni Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin razılığı var”.
Millət vəkili köçün baş tutmasının həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Müəyyən təsərrüfatın köçürülməsini yüksək qiymətləndirirəm. Qarşı tərəfdə, o cümlədən bütün dünya Kəlbəcər camaatının, torpaq sahiblərinin doğma yurdlarına qayıtdığını görür. Siyasi baxımdan bu mühüm addımdır. Baxmayaraq ki orada minalar partlayır, bu, insanları qorxutmur, onlar orada yaşamaq istəyirlər. Bunun özü böyük psixoloji təsirdir”.
Həmsöhbətimiz sakinlərin məsələ ilə bağlı narazılığının da normal qarşılanmalı olduğunu diqqətə çatdırıb:
“Bunu düzgün hesab edirəm. Çünki camaat məqsədin nə olduğu barədə məlumatlandırılmalıdır. Kəlbəcər ən böyük dağ rayonlarından biridir. O təhlükəsizlik baxımından tam təmizlənməyib, ona görə də bütün əraziyə köçün baş tutması düzgün olmaz. Susuzluq kəndində baş verən hadisə də bunu təsdiq edir. Ərazilərdə mina var, sərhəd bölgələrə də bəzən düşmən müdaxilə etmək istəyir, gizli gəlib mina basdırmağa çalışır. Bu kimi təhlükələr olduğuna görə vəziyyəti hamımız başa düşməliyik. Lakin xüsusilə imtiyazlı vətəndaşlarımızın-şəhid ailələrinin, qazilərin, veteranların, xüsusilə də yaşlı nəslin həmin ərazilərə getməsinə haradasa planlı və mərkəzləşdirilmiş qaydada razılıq vermək lazımdır. Çünki insanlar öz ata-baba yurdunu, əzizlərinin qəbrini ziyarət etmək istəyir. Ona görə də təhlükəsiz ərazilərə onların ayda 1-2 dəfə tur şəklində gediş-gəlişinə şərait yaratmaq lazımdır. Mən bir kəlbəcərli olaraq çox sevinirəm ki, artıq Kəlbəcərə köç gedir. Köçənlər də həyəcanlı şəkildə bununla bağlı paylaşım edirlər. Həqiqətən, qürurverici məsələdir. Bunu hər kəs alqışlamalıdır. Amma dediyim kimi, müəyyən qadağaların qalmasını da qəbullanmalıyıq”.
Aqil Məmmədov düşmənin ərazilərimizdən çıxarkən törətdiyi vəhşiliklərdən də bəhs edib:
“Digər rayonlarımızda olduğu kimi Kəlbəcərdə də ermənilər hər şeyi dağıdıb. Şəxsən öz doğulduğum kənddə bir evin dam örtüyü yoxdur. Hamısı sökülüb. Ermənilərin müvəqqəti yaşadığı çayqırağı ərazilərdə tək-tək evlərin üstü sökülməyib. Biz onlara çıxmaları üçün vaxt verdiyimiz zaman ərazini bərbad vəziyyətə qoydular. Buna baxmayaraq insanlar o torpaqlara qayıtmaq, qurmaq, yaratmaq istəyir. Bunlara normal qiymət vermək vacibdir”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız