“Şuşa Bəyannaməsi məkan, zaman və məzmun olaraq tarixi hadisədir. Hərbi-strateji məzmunu, logistika ilə bağlı məqamlar çox önəmlidir, amma sənədin iqtisadi tərəfləri də var. Gəlin bir az bu məsələləri incələyək. Bu ilin mart ayında Azərbaycan ilə Türkiyə arasında 15 sənəd imzalanmışdı, sənədlərdə diqqət çəkən məqamlardan biri də yaxın 3 ildə qarşılıqlı ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılması hədəfi idi. Dünən imzalanan Bəyannamədə həmin hədəf bir daha təkrarlandı. Hədəf pis deyil, amma gəlin, əlaqələrin “anatomiyasına” rəqəmlərin işığında baxaq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4 mlrd. 170 mln. dollar olub: Marqarita pizza
“Azərbaycan Türkiyəyə 2,598 mln. dollarlıq ixrac edib (ümumi ixracın 18,9%-i), Türkiyədən 1 mlrd. 563 mln. dollarlıq (ümumi idxalın 14,5%-i) mal-məhsul idxal edib. 2021-ci ilin ilk 5 ayının ticarət dövriyyəsinin detallarına baxaq. Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 1 mlrd. 207 mln. dollarlıq (ümumi ixracın 16,2%-i) mal-məhsul ixrac edib. Bu ixracın 98 mln. dollarını xam neft, 805 mln. dollarını isə təbii qaz təşkil edib. Türkiyə isə bu ilin ilk 5 ayında Azərbaycana 660 mln. dollarlıq (ümumi idxalın 15%-i) mal-məhsul ixrac edib.
Bəs bu rəqəmlər və 15 mlrd. dollarlıq ticarət dövriyyəsi hədəfi bizə nə deyir? Ötən illərin təcrübəsi və bu ilin ilk 5 ayının nəticəsi bizə onu deməyə imkan verir ki, Azərbaycanın Türkiyəyə ixrac potensialı məhduddur. Maksimum qaz və neft ixracını bir az artıra, ixracımızı yaxın 3 ildə təqribən 4 mlrd. dollara çatdıra bilərik. Deməli, faktiki olaraq əgər 15 mlrd. dollarlıq ticarət dövriyyəsi hədəfi reallaşsa, biz Türkiyədən 11 mlrd. dollarlıq mal-məhsul idxal etməliyik. Xatırladım ki, Azərbaycanın 2020-ci ildə bütün ölkələrdən idxalı 10 mlrd. 730 mln. dollar olub. Yəni əgər 15 mlrd. dollarlıq hədəf tutacaqsa, biz elə tək Türkiyədən 2023-cü ildə 11 mlrd. dollarlıq mal-məhsul idxal etməliyik, bu isə real görünmür, əgər hətta reallaşsa belə, bizim daxili bazarın alıcılıq qabiliyyəti o qədər deyil. Yəni Türkiyə bizdə 11 mlrd. dollarlıq mal satmaq istəyirsə, bizim camaatın qazancları, alıcılıq qabiliyyəti indikindən 2-3 dəfə artıq olmalıdır ki, o da bu hökumətlə, bu sistemlə mümkün deyil”.
İqtisadçı bildirib ki, Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması deməkdir:
“Bu isə manata basqıların artması ilə nəticələnəcək, lirə zatən ucuzdur, ucuzlaşması daha da artacaq, Türkiyədən idxal daha cəlbedici hala gəlib, deməli, bizim yerli istehsalın yaranması perspektivi də xeyli azalır”.
Natiq Cəfərli hesab edir ki, Azərbaycan üçün daha önəmli olanı birgə müəssisələrin yaradılması istiqamətidir:
“Türkiyənin yüngül sənaye (tekstil), mebel, məişət texnikası və s. sahələrin istehsalında böyük potensialı və təcrübəsi var. Əsasən də, işğaldan azad edilən regionlarda böyük tekstil fabriklərinin, yeni sanəye müəssisələrinin yaradılması istiqaməti üstünlük təşkil etməlidir. Bu həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir. Məmləkətimizin ciddi logistik və coğrafi üstünlüyü də var, Türkiyədən corab-tuman almaqdansa, bunun üçün valyuta xərcləməkdənsə, qardaş ölkə ilə birgə müəssisələr açıb Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası (Türkiyə brendləri ilə birgə) ixrac etmək daha məntiqli və doğru yoldur. Pambığı xammal kimi satmaqdansa, ondan pal-paltar istehsal etmək daha yaxşıdır. Məncə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa, birgə istehsalın genişlənməsinə daha çox önəm verilməlidir”.
Telegram kanalımız