“Mənə elə gəlir ki, televiziyalar hələ yaşayacaq”.
Bunu “Yeni Sabah”a kino redaktoru, sənətşünas Nadir Bədəlov deyib.
Amma İTV baş direktoru Balakişi Qasımov hesab edir ki, ənənəvi televiziya “Titanik” gəmisi kimi batır: “İndi iki yol var, ya “Titanik”dəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq”. pizza hut
N.Bədəlovun sözlərinə görə, yaxın müddətdə telekanalların bağlanması məsələsi gündəmə gəlməyəcək:
“Çünki orada yaradıcı iş və texniki imkanlar genişdir. Məncə, sosial şəbəkələr onu üstələyə bilməz”.
Sənətşünas bildirib ki, insanlar televiziya vasitəsilə hər cür məlumat əldə edir:
“Televiziyaların üstün tərəfləri sosial şəbəkələrdən daha çoxdur. Film çəkilişlərindən tutmuş gündəlik xəbərlərə qədər. Doğrudur, niyyətim sosial şəbəkələri pisləmək deyil. Çünki onların maddi və texniki bazaları haqqında o qədər də məlumatlı deyiləm. Lakin yenə də inanmıram ki, sosial şəbəkələr ənənəvi televiziya ilə mübarizə apara bilsin. Bəli, bu gün sosial media daha aktivdir və cəmiyyətdə geniş istifadə olunur. Hər bir halda mən üstünlüyün televiziyada qalacağını düşünürəm”.
Bununla belə, N.Bədəlov qeyd edib ki, televiziyanın “Titanik” kimi batması sadəcə müzakirə mövzusudur:
“Kino yarananda da dedilər ki, teatrlar sıradan çıxacaq. Aradan uzun illər keçdi, amma teatrlar hələ də fəaliyyət göstərir. Eynilə televiziya yarananda da bildirdilər ki, heç kəs gedib bilet alıb filmlərə baxmayacaq. Çünki televiziya vasitəsilə həmin filmləri izləmək ödənişsiz və daha əlverişlidir. Kinoteatrlar bu gün də fəaliyyət göstərir. İnternet yarananda da yenə eyni fikirlər səsləndirildi. Televiziya hələ də gündəmdədir və ləğv olunacağını deyə bilmərik.
Xəbər ilk olaraq sosial mediada yayılsa belə, televiziyaların reportyor qrupları var. Onlar bizə hadisə yerindən daha dəqiq və dolğun məlumatlar verirlər. Televiziyalar bu gün də çoxumuzun evinin daimi sakinlərindən biridir. Çünki evdə olanda çoxumuz ondan istifadə edirik və hələlik onun bağlanması ilə bağlı fikirlər sadəcə müzakirələrdir”.
Aydan Hacı
Telegram kanalımız