“Vurulmayan hədəflər deyəndə burada bir neçə istiqamət ola bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy deyib.
O, Rusiya prezidenti Vladimir Putinin “Rossiya 1” telekanalına verdiyi açıqlamaya şərh bildirib. Toyuqlu pizza
Xatırladaq ki, V. Putin müshaibəsində deyib:
“Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya hələ istifadə olunamış həmin obyektlərə zərbələr endirməyə başlayacaq”.
Öz növbəsində N. Cəfərsoy vurğulayıb:
“Birincisi, Ukrayna yetərincə böyük coğrafiyaya və yetərincə güclü ordu ehtiyatlarına malikdir. Baxmayaraq ki, 100 gündən çoxdur ki, müharibə gedir, amma bu ordu hələ də müqavimət göstərməyə qadirdir.
Putinin açıqlamasına gəldikdə isə hesab edirəm ki, burada hərbi və strateji obyektlər nəzərdə tutulub. Yəqin ki, bunların birincisi Ukrayna ordusunun hələ də qalan hərbi ehtiyat anbarlarıdır. Eyni zamanda burada yanacaq anbarları da ola bilər. Ola bilsin ki, birinci bunu nəzərdə tutur.
İkincisi, - bəlkə də bu, ən əhəmiyyətli məqamdır - Putin Ukraynaya Qərbdən gələn dəmiryol xəttlərini atəşə tutmağı da eyham vura bilər. Təxmin edirəm ki, birbaşa bunu nəzərdə tutur. Çünki Polşa, Rumıniya və Moldova üzərindən Ukraynaya gələn müxtəlif dəmiryolu xəttləri var ki, bunların da bəziləri vurulub. Amma vurulmayan xəttlər də qalır. Görünür, Qərblə Rusiya arasında bunlarla bağlı sanki bir az örtülü sövdələşmə var. Yaxud da Rusiya bu dəmiryollarını hansısa motivlərə görə vurmur”.
Politoloq əlavə edib:
“Bildiyiniz kimi, bu saat Avropaya Ukraynadan çox ciddi şəkildə köç davam edir. Eləcə də Ukraynaya müəyyən qida və hərbi materiallar gətirilir. Bunların da hamısı dəmiryolu ilə gəlir. Yəqin ki, ilk məqsəd budur. Düşünürəm ki, Rusiya dəmiryollarını üzərində qatar hərəkət edərkən vuracaq. Ola bilsin ki, Putin bunu nəzərdə tutur.
Xatırlayırsınızsa, bundan öncə Rusiya XİN rəhbəri Sergey Lavrov da demişdi ki, Ukraynaya edilən silah yardımları bizim legitim hədəfimizdir. İndiyə qədər biz bu şəkildə vurulmaları mətbuatda çox görmədik”.
“Üçüncüsü, Ukraynadakı müəyyən hərbi-siyasi obyektlər var ki, bunlar da vurula bilər. Kiyevdəki Müdafiə Nazirliyi, yaxud Ukrayna Təhlükəsizlik Xidməti və s. İndiyə qədər biz mərkəzi aparataların vurulması ilə bağlı xəbələri eşitmədik. Bu da nəzərədə tutula bilər.
O ki qaldı döyüşlərin şiddətlənməsi ilə bağlı səsləndirilən fikirlərə, müharibə onsuz da şiddətli şəkildə davam edir. Sadəcə müharibənin coğrafiyası daha çox şərq – Donbass cəbhəsində, dəqiq desək, Severodonetsk və Kramatorsk şəhərləri istiqamətində intensivləşib. Daha çox fəaliyyətlər burada gedir. Əsasən, şərq, ondan sonra Xarkov ətrafı, ən sonda isə cənub istiqamətində döyüşlərin getdiyini demək olar. Belə olan halda da istisna etmirəm ki, döyüşlər yayda da davam etsin”, – müshaibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız