Vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin rolu

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin rolu

Sosial

23 Avqust 2024 11:04 475


Vətəndaş cəmiyyətinin mövcudluğunun vacib forması, bu və ya digər məqsədlərini həyata keçirmək üçün, könüllü əsaslarla insanları birləşdirən, qeyri-hökumət təşkilatlarının sistemidir. 

QHT şəbəkəsinin daha çox inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür. Onu qeyd etmək lazımdır ki, bu təşkilatlar bütün ölkəni, ya regionu əhatə edir və ya lokal xarakter daşıya bilir; rəsmi və ya qeyri-formal ola bilir, uzunmüddətli və ya yaranmış yerli problemin həllinə yönəlmiş konkret hadisə üçün qurulur. Cəmiyyətin birliyinə müxtəlif maraqların uyğunlaşdırılması yolu ilə, yəni ali hakimiyyət qurumlarında qrupların təmsilçiliyinin nəticəsində nail olunur. 

Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır.  pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin formalaşmasına ciddi töfhələr verir: 

“Ölkədə fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatlarının yaradıcılarından biri kimi, deyə bilərəm ki, başlıca olaraq, hər bir QHT Azərbaycan qanunları çərçivəsində davam etdirməlidir. 

Düşünürəm ki, QHT-lərin əsas nizamnaməsində əsas fəaliyyət məqsədi milli düşüncə olmalıdır. Əgər təşkilatın məqsədi qeyri-millidirsə, o hansı ictimai rəyi formalaşdıracaq? İctimai rəy hansısa problem görəndə ona düşmən kimi yanaşmır. Ona görə ictimai rəy formalaşdırılır ki, problem aradan qaldırılsın. 

QHT-lər gərək belə məsələləri Azərbaycan əleyhinə istifadə etməsin, Avropanın bir çox fondlarının köləsi, nökəri olmasın. Mən düşünürəm ki, Azərbaycanda yetərincə qeyri-hökumət təşkilatı var ki, çox ciddi şəkildə vətəndaş cəmiyyətinin formalaşmasına olduqca böyük töfhələr verir və bu gün də verməkdə davam edir. Biz təkcə qadın-uşaq məsələləri ilə bağlı deyil, Azərbaycan xalqının, türk millətinin milli məsələlərini də önə çəkirik. 

Qurum olaraq, bu mövzuda bir çox konfranslar, simfoziumlar keçiririk. Məsələn, qərbi Azərbaycan məsələsi bizim milli məsələmizdir. Onun içində 1988-ci ildə Ermənistandan qovulmuş qadınların və uşaqların hüquqları da yer alır. İspaniyanın Madrid şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” simfoziumunun biri də məhz elə qadın haqları ilə bağlıdır. Biz məsələyə görüntü olaraq baxmırıq, onun kökünə baxırıq. Onun yaranma səbəbləri və aradan qaldırılması üçün bir QHT nələr edə bilərsə, addımlar atırıq”.

"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, Fatimə Hacıbəyli QHT-lərin cəmiyyətdəki rolunun danılmaz olduğunu diqqətə çatdırıb:

“Fikrimcə, ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyəti artıq qənaətbəxşdir. Bu barədə mən öz rəhbəri olduğum qeyri-hökumət təşkilatının fəaliyyətlərindən danışa bilərəm. Mən çox istəyərdim ki, QHT-lər konkret bir istiqamət üzrə ixtisaslaşsınlar, həmin mövzular üzrə peşəkarlaşsınlar. 

Necə ki, biz erkən nigah, cavan qızların maariflənməsi və ailə problemləri ilə bağlı layihələr həyata keçiririk. Bəzi təşkilatlar var ki, bu gün ailə problemlərindən danışır, sabah isə tamamilə fərqli istiqamətdə çıxış edir. Yaxşı olar ki, hər bir QHT öz istiqamətində işləsin, fəaliyyətini bu formada qursun. 

Ancaq təbii ki, bu gün qeyri-hökumət təşkilatlarının cəmiyyətdə rolu danılmazdır. Çünki həqiqətən də biz QHT Agentliyi ilə işlədiyimiz zaman, onlar bizim hər bir addımımıza diqqət yetirir. Əvvəllər QHT-lərin adını çox pis çıxarmışdılar. Mən özüm 2015-ildən etibarən QHT sektorundayam və bütün işlərimiz, fəaliyyətlərimiz tam qanunauyğun və şəffaf formada həyata keçirilir. 

Bu qeyri-hökumət təşkilatları vicdanla və sistemli formada fəaliyyət göstərir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!