May ayının ortalarını yaşayırıq və artıq çoxları yay planlarını qurmağa başlayıb. Xüsusilə Bakıətrafı bağ evləri və hovuzlu villalar yenidən ən çox axtarılan seçimlər sırasına çıxıb. Yay mövsümü yaxınlaşdıqca lüks bağ evlərinin qiymətləri də sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu dəfə marağa səbəb olan elan isə Nardaranda, “Seabreeze” yaxınlığında yerləşən premium bağ evi olub.
“Yeni Sabah” xəbər verir ki, həm görüntüsü, həm də qiyməti ilə sözügedən villa qısa zamanda gündəm yaradıb.
Bağ evinin yalnız yay ayları – iyun, iyul və avqust üçün icarəyə verildiyi bildirilir. Ev 5 sot ərazidə yerləşir və ümumi sahəsi 200 kvadratmetrdir. Marqarita pizza
Fotolardan da görünür ki, mülkdə yüksək səviyyədə şərait qurulub. Həyətdə geniş hovuz, müasir dizaynlı istirahət zonası, böyük manqal və mətbəx sahəsi var. Bundan əlavə, evin daxilində taxta üzlüklü sauna da diqqət çəkən detallardandır.
Minimalist üslubda inşa edilən bağ evinin həm həyəti, həm də interyeri premium villaları xatırladır.
Lakin ən çox müzakirə olunan məqam qiymətidir. Belə ki, bağ evinin 3 aylıq kirayə haqqı nə az, nə çox, 25 min manat olaraq göstərilib. Bu isə aylıq təxminən 8 min manatdan çox edir.
Bəziləri bu qiyməti “həddindən artıq baha” hesab etsə də, digərləri Seabreeze ətrafında yay mövsümündə bu tip villaların yüksək qiymətə təklif olunmasının normal olduğunu yazıblar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız