Bu mövzuda yazmaq da, danışmaq da çətindir. Amma Ağadadaş Ağayev danışıb. Deyib ki, məsələni böyütməyin...
Mən həmişə danışmağın tərəfdarı olmuşam. İnsanlar danışmayanda dalaşırlar. Əgər Ağadadaş Ağayevlə o mühafizəçi dalaşmağa deyil, danışmağa üstünlük versəydi, bu cür biabırçılıq baş verməzdi. Danışmadılar, dalaşdılar. İndi də hamı onlardan danışır...
Ağadadaş Ağayev sənət adamıdır. Onun "silahı" mikrofondur. Özünüz gördünüz, əlindəki balta Ağadadaş müəllimə yaraşmırdı. Baş verən insident isə heç yaraşmadı... pizza
İstintaq yeni başlayıb. Aydın məsələdir ki, insident hərtərəfli araşdırılacaq. İstintaqçılar bizə bəlli olan və olmayan tərəfləri üzə çıxaracaqlar. Biz gördüyümüzü danışırıq. Görünən isə odur ki, iki yaşlı-başlı adam 21-ci əsrdə mağara təfəkkürü ilə hərəkət edir. Onların yerinə mən utandım.
Dünəndən bəri məni ən çox bu sual düşündürür: Ağadadaş Ağayev o baltanı mühafizəçini öldürmək üçün gətirmişdi? Əgər niyyəti mühafizəçini öldürmək idisə, bəs niyə 30-40 metr qalmış ona tərəf tolazlayır? Axı zərbənin hədəfə dəyməyəcəyini özü də bilirdi. Bununla bağlı qəti fikrim yoxdur. Sualın cavabını istintaq verəcək.
Ağadadaş Ağayev mühafizəçiyə hücum edəndə əliyalın idi. Bu o demək deyil ki, mühafizəçi başını xanəndənin yumruğunun altına verməliydi. Əlbəttə, özünü müdafiə etməli, rəqibini zərərsizləşdirməliydi. Amma yerə yıxdığı adamın ağzına təpik vurmamalıydı. 68 yaşlı xəstə ilə faşistlərin əsirlərlə davrandığı kimi davranmamalıydı. Yerdə canı ilə əlləşən adamı təpikləmək ləyaqətli davranış deyil.
İdmançı digər peşə sahiblərindən daha səbrli olmalıdır. İdmançı gücünü qocaya, zəifə göstərməməlidir. Bunun adı xuliqanlıqdır. Elə Nurəddin Cəlilovu da xuliqanlıq ittihamı ilə saxlayıblar.
Hamının biləyində az-çox güc olur, amma hamının canında alicənablıq olmur...
Seymur VERDİZADƏ
Telegram kanalımız