Artıq bir müddətdir ki, toy və yas məclislərində zəhərlənmə hallarının qeydə alınmasının şahidi oluruq. Bu tendensiyanın artması cəmiyyətdə narahatlıq doğurur.
Bəs zəhərlənmələrə səbəb nədir?
Bununla bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən məsələdə aidiyyatı qurumun məsuliyyət daşıdığını vurğulayıb: Sezar pizza
“Son bir ayda neçə yüz zəhərlənmə məlumatı almışıq. Bu mediadan alınan məlumatlardır. Yaxşı ki, media var. Mediadan alınan məlumatlar real rəqəmlərin 60-70 faizini əks etdirir. Düşünürəm ki, bu cür intensiv zəhərlənmələrə görə AQTA rəhbərliyi istefa verməlidir. Bu vəziyyət mütləq dəyişməlidir. Sözügedən qurumun ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsidir. Məndə olan məlumata görə, rayon yerlərində toy edən insan özünə lazım olan ərzaqları götürür və AQTA-nın regional ofisinə gedir. Orada güya bu ərzaqlar analizdən keçir və toy sahibinə sənəd təqdim olunur. Bundan sonra həmin şəxsə icazə verilir ki, bu ərzaqlardan istifadə etsin. Bu yalançı kağız və sənədlərə son qoyulmalıdır. Müstəqil ekspertiza yaradılmalı və onun rəyi məhkəmələrdə tanınmalıdır”.
E.Hüseynov bildirib ki, düzgün aparılmayan ekspertiza, zəhərlənənlərin statistikasının gizlədilməsi kimi hallar ölkədə anormal vəziyyətin yaranmasına səbəb olub:
“Bütün cəmiyyət media işçilərinə qurban olsun ki, onlar bu statistikanı araşdırıb ortaya çıxarırlar. Görəsən, AQTA medianın təqdim etdiyi bu məlumatları izləyirmi? Dəfələrlə bu quruma demişəm ki, siz gərək medianı tam təqib edərək, onlarla birgə işləyəsiniz. Azad İstehlakçılar Birliyi olaraq daima Qida Agentliyini media və cəmiyyətlə birgə işləmək üçün təşviq etməyə çalışırıq. Onların ayaqları yerdən üzülüb, milyon dollar dəyərində olan laborotoriyalar, akkreditasiyalar, Avropa Birliyinin sənədləri və s. kimi amillər həmin qurumdakıların ağlını başından alıb. Elə bilirlər ki, laborotoriyaya qurbağa qoymaqla məsələni həll etmək olar. Xalqın içinə çıxmaq lazımdır. Şadlıq saraylarında, yas mərasimlərində agentliyin nümayəndələri olmalıdır. Ancaq onların ayaqları cəmiyyətdən üzülüb. Nə qədər belə davam edəcəksə, zəhərlənmələr də bir o qədər artacaqdır. AQTA-nın saytında zəhərlənmə üzrə statistika dünya üzrə 1400 dəfə az göstərilir. Güya, bizim ölkədə zəhərlənmələr dünya ölkələri və Avropa dövlətlərində olan hallardan 1400 dəfə azdır. Bu anormaldır. Yalnış statistikaya baxıb zövq alırlar. Həmin problemlərə son qoyulmalı, ölkədə mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. AQTA-nın əsasnaməsində dəyişikliklər olunması zəruridir”.
Ekspert zəhərlənmələrlə bağlı istehlakçıların təqsirləndirilməsindən də söz açıb:
“Öncədən bildirim ki, məclislərdə qeydə alınan zəhərlənmələrə görə deyəcəklər insanlar özlərinin hazırladıqları qidalara görə zəhərləniblər. Hələ 27 ildə mən görməmişəm ki, sənaye üsulu ilə hazırlanan məhsuldan hansısa zəhərlənmə halı qeydə alınsın. Çünki onların sənədi var. Bu sənəd agentlik tərəfindən verildiyinə görə, qurum öz-özünü təkzib edə bilmir. Çox təəssüflər olsun ki, heç vaxt sənaye üsulu ilə hazırlanan məhsuldan zəhərlənmə qeydə alınmayacaq. Dünya ölkələrində sənaye üsulu ilə hazırlanan qidaları istehlak edən 10 nəfərdən 1-i ildə bir dəfə zəhərlənir. Sənaye üsulu ilə qida hazırlayanların əlində pul var və buna görə də özlərini daim və hər yolla qoruya bilirlər”.
Aytac Şahin
Telegram kanalımız