Bu, pafos deyil, gerçəkdir. Gerçək odur ki, Azərbaycan xalqıl tarixin bütün dövrlərində öz bətnindən qəhrəman oğullar doğurub. Vətən darda olanda, yurdumuzun başının üstünü qara buludlar alanda həmin oğullar silaha sarılıb. Onlar öz canlarını Vətən yolunda fəda ediblər. 18 yaşlı şəhidimiz Qismət Heydərov kimi...
Vətən Müharibəsinin 18 yaşlı şəhidlərindən biridir Qismət. İkinci Qarabağ Müharibəsinin ilk şəhidlərindəndir Qismət. Anasının dediyi kimi, ailəsinə, əzizlərinə deyil, Vətənə qismət olan igidlərimizdən biridir Qismət...
Qismət Heydərov 20 iyul 2002-ci ildə Goranboy rayonunun Erkeç kəndində dünyaya göz açıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsi zamanı Qismət Heydərov Füzulinin azad edilməsi uğrunda savaşıb. Qismət Heydərov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. pizza sifarişi
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qismət həmçinin "İgidliyə görə" medalı ilə təltif edilib.
Qismət Heydərov Goranboy rayon Yolqullar kəndində dəfin olunub.
Şəhidin atası İsmayıl Heydərov 3 il əvvəl evlərində qona qolan “Report”un əməkdaşına bildirib ki, oğlu iyul ayının 23-də həqiqi hərbi xidmətə gedib:
“Oğlumu yola salan zaman kiçik qardaşım onu qucaqladı, kövrəlib ağladı. Qismət ona dedi ki, əmi ağlama torpaqlarımızı işğaldan azad etməyə gedirəm. Oğlum könüllü olaraq döyüşə gedib. Oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əmisi indi də o anı xatırlayıb deyir ki, onun dediyi oldu, torpaqlarımız işğaldan azad edildi. Yenə Allaha şükür ki, oğlumun qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi. Mən oğlumla, bütün şəhidlərimizlə fəxr edirəm. Allah hamsına rəhmət eləsin, qazilərimizə də can sağlığı versin”.
Şəhidin anası Gülandam Heydərova isə oğlunun hərbi xidmətə getməsini belə xatırlayır:
“Oğluma hərbi komissarlıqdan çağırış kağızı gəlmişdi və yanıma gəlib - “Ana, mən şəhid olsam nə edərsən?” dedi. Ona dedim ki, Qismət nə isə ürəyinə damıbsa, onda qoymaram gedəsən. Amma o, öz istəyi ilə müharibəyə getdi və şəhid oldu.
Şəhidlik hər insana qismət olmur, amma mən onu bir dəfədə olsa hərbi formada görə bilmədim, kaş ki görə bilsəydim. O, mənim körpə şəhidimdir. Qismət balam mənim qismətim olmadı”.
Qismətin bacısı Aytac Heydərova qardaşı haqda danışanda göz yaşlarını boğa bilmədi: "Mən gəlin köçəndə belimi qismət bağladı. Məni maşına mindirib yola salanda başını pəncərədən içəri salıb belə dedi: "Bir ömür boyu arxandayam. Amma ömrü qısa oldu. Cəmi 18 yaşında şəhid oldu. Yeganə təsəllimiz odur ki, torpaqlarımız işğaldan azad olundu. Qismətin qanı yerdə qalmadı".
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız