Dünən iştirak etdiyim bir məclisdə maraqlı bir mənzərə ilə qarşılaşdım. Yaşları 21-dən 42-yə qədər dəyişən təxminən 15 nəfər bir araya gəlmişdi. Oradakıların böyük hissəsi artıq boşanmışdı, digərləri isə ümumiyyətlə evlənmək barədə düşünmədiyini deyirdi.
Müasir insan həqiqətənmi tənhalığı seçir, yoxsa münasibətlərin gətirdiyi məsuliyyət və risklərdən qaçır? Bəlkə də söhbət təklik sevgisindən deyil, dəyişən dövrün insanlara fərqli həyat modelləri təqdim etməsindən gedir. Düşündüm ki, insanlar doğrudanmı azad olmaq üçün tək qalmağa üstünlük verirlər, yoxsa tək qalmağı azadlıq kimi qəbul etməyə başlayıblar?
Bir vaxtlar insanın müəyyən yaşı keçəndən sonra evlənməsi, ailə qurması və övlad sahibi olması həyatın dəyişməz qanunu hesab edilirdi. Cəmiyyətdə demək olar ki, çox şey bu qaydanın üzərində qurulmuşdu. Ancaq son illər bu mənzərə sürətlə dəyişir. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da tək yaşayan insanların sayı günü-gündən artır. pizza hut
Əvvəllər “evdə qalmaq”, “ailə qurmamaq” bir növ uğursuzluq kimi qəbul olunurdu. Bu gün isə xüsusilə böyük şəhərlərdə vəziyyət tamamilə fərqlidir. Artıq 30, hətta 40 yaşına çatmış insanlar evlənmədiklərinə görə özlərini narahat hiss etmirlər. Əksinə, bir çoxları bunu şəxsi azadlıq kimi qiymətləndirirlər.
Məsələnin ən maraqlı tərəfi odur ki, insanlar artıq tək qalmaqdan da qorxmurlar. Çünki əvvəlki nəsillərdən fərqli olaraq onların sosial ehtiyaclarını ödəyən başqa vasitələr var. Sosial şəbəkələr, onlayn platformalar, dost çevrələri və iş həyatı ailənin bir zamanlar daşıdığı funksiyaların bir hissəsini öz üzərinə götürüb.
Tək yaşamağı seçən insanların əsas arqumentləri də fərqlidir. Çoxları düşünür ki, belə olan halda heç kimə hesabat vermirsən, nə vaxt istəsən yatırsan, nə vaxt istəsən səyahət edirsən, pulunu necə istəsən xərcləyirsən. Mübahisə yoxdur, qısqanclıq yoxdur və s.
Amma məsələnin görünməyən tərəfləri də var.
Düşünürəm ki, insanlar heç vaxt bu qədər biri-birinə yaxın olmayıb, amma eyni zamanda heç vaxt bu qədər tənha da olmayıblar.
Məncə, son illər ən çox danışılan problemlərdən biri məhz sosial təcrid və emosional tənhalıqdır. Maraqlıdır ki, bəzən ətrafında yüzlərlə dostu olan insanlar belə özlərini tamamilə tək hiss edirlər.
Düşünürəm ki, boşanmaların artması, xəyanət xəbərləri, məişət zorakılığı halları və uğursuz münasibət nümunələri gənclərdə evliliyə qarşı fobiya yaradır. Bir çox insan düşünür ki, xoşbəxt olmayan evlilikdənsə, tək yaşamaq daha yaxşıdır.
Bəlkə də problem ailənin özündə deyil, insanların münasibətlərə yanaşmasındadır.
Müasir dövrdə hər kəs mükəmməl partnyor axtarır. Sosial şəbəkələr insanlarda ideal həyat və ideal münasibət illüziyası yaradıb. Bunun da fəsadlarını günü-güdən görürük.
Bəs tək yaşamağın populyarlaşması cəmiyyət üçün təhlükədirmi?
Bəziləri düşünür ki, bu, fərdi azadlığın bir formasıdır. İnsanlar artıq cəmiyyətin istədiyi kimi deyil, öz istəklərinə uyğun yaşayırlar.
Ümumi nəzər saldıqda bəlkə də məsələ tək yaşamaqda deyil. Problem odur ki, insanlar həm azad olmaq, həm də tək qalmamaq istəyirlər. Həm heç kimə bağlı olmaq istəmirlər, həm də yanında güvənə biləcəyi birinin olmasını arzulayırlar.
Bu isə müasir insanın ən böyük paradoksudur.
Bəs insan azadlığını itirmədən yaxın münasibət qura bilərmi?
Görünür bu sualın cavabını tapmaq hələlik çətindir. Lakin görünən mənzərə heç də ürəkaçan deyil…
Aydan Hacı
Telegram kanalımız