YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Bundan sonra müharibə daha da şiddətlənəcək” - Açıqlama

“Bundan sonra müharibə daha da şiddətlənəcək” - Açıqlama

Dünya

30 Sentyabr 2022 18:29 8769


“Birincisi, bu, gözlənilən idi. Daha doğrusu, “referendum”un olması barəsində fikir bildirilmişdi, amma belə sürətlə olacağı bilinmirdi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib.

Politoloq Rusiyanın separatçı DXR və LXR ilə yanaşı Ukraynanın işğalı altında olan Zaporojye və Xerson vilayətlərinin müstəqilliyinin tanınmasından sonra bu gün həmin ərazilərin Rusiyaya birləşdirilməsi faktına münasibət bildirib.

Politoloq “referendum”un səbəblərini belə izah edib:

“Bəs bu “referendum” niyə oldu? Çünki ən çox da avqust və sentyabrın əvvəllərində Ukrayna ordusu müharibədə dönüş etdi, hətta Donetskin bir sıra şəhərləri, o cümlədən Liman şəhəri belə azad olundu. Ona görə də həm bu, həm qismən səfərbərliyin elan olunması, həm də Rusiyanın bu müharibədə biabırçı şəkildə rüsvay olmasının nəticəsində təcili olaraq bu “referendum” keçirildi. Çox güman ki, o ərazilərin Rusiyanın bir əyaləti kimi ilhaq ediləcəyi elan olunacaq və hətta Dmitri Roqozinin də oraya qubernator təyin olunacağı gözlənilir”.

Analitik deyib ki, bu “referendum”un heç bir hüquqi sənəd kimi əhəmiyyəti yoxdur:

“Bütün dünya da onu tanımır və hətta yaxın münasibət qurduqları Türkiyə Respublikası Prezidentinin sözçüsü İbrahim Kalın da dedi ki, biz bunu tanımayacağıq. Bəs yaxşı, bundan sonra nə olacaq? Bu “referendum”un keçirilməsinin əsas səbəbi Vladimir Putinin bir daha Rusiyanın Ukrayna müharibəsinin iflasının təsviridir. Qorxur ki, ora da əldən çıxacaq.

Əlbəttə ki, dünya nizamında dəyişiklər olacaq. Çünki müharibədə fərqi yoxdur, kim uduzdu, kim uddu, bu nizam artıq dəyişilib. Kimsə kiminsə yanında bir mövqe seçməlidir. Bundan sonra isə Ukrayna ordusu ön cəbhədə daha da yeniliklər edərək həmin bu əraziləri onsuz da geci-tezi işğaldan azad edəcək. Bu “referendum”u keçirməklə Rusiya öz subyektlərinin sayını artırmaq istəyir. Bundan sonra Ukraynaya gələn dəstəklərin sayında da sıçrayış olacaq. Onsuz da bu “referendum” oldu-olmadı, Rusiya o əraziləri öz torpağı kimi sayırdı və orada döyüşürdü”.

T. Qasımlı əmindir ki, Rusiya indi geri çəkilib və bu da məğlubiyyətin bir nümunəsidir:

“Hazırda Rusiyanın nüvə silahı təhdidi də həmin o status-kvonun saxlamaq, Ukraynanı masaya oturtmaq və dünyanı təhdid edib bu əraziləri özününkü kimi tanıtmaqdır. Amma bundan sonra müharibə daha da şiddətlənəcək və ən mühüm Ukrayna tərəfinin daha ürəklə döyüşməsi və bu ərazilərin nəyin bahasına olursa-olsun işğaldan azad edilməsinə gətirib çıxaracaq.

Onsuz da Rusiya bundan öncə də Ukraynaya deyirdi ki, “Krımı, Donetski və Luqanskı tanı, neytral ol, NATO-ya üzv olma, biz də əvvəlki vəziyyətə qayıdaq”. Amma bunu heç kim də qəbul etmir. Bunların hamısı isə Ukraynanı masaya otuzdurmaq və bu əraziləri əlində saxlamaqdır.

Bildiyiniz kimi, Rusiya qismən səfərbərlik elan edib və burada düz-əməlli səfərbərlikdən də söz getmir. Çünki ön cəbhəyə aparılanların hamısı biabırcasına ya qırılır, ya əsir düşür. Yəni Rusiyanın müharibəni dayanmaq istəməsinə baxmayaraq, düşünürəm ki, daha da şiddətlənmə olacaq”.

“Bundan əlavə də, Ukrayna dayanmamalıdır. Mən ilk gündən deyirəm ki, Ukrayna qurbanlıq qoyuna çevrilməməlidir. Onsuz da Ukrayna ordusu qəhrəmanlıqla döyüşür və bu müharibədə hər şey Ukrayna dövlətinin atdığı addımlardan asılıdır ki, bu geri dönüşü etsin. Yəni nüvə silahı ataram, dağıdaram filan, bunlar blefdir ki, Ukrayna qorxaraq masaya otursun, eləcə də bununla Rusiya müəyyən bir vaxt qazansın, amma bunun da olacağına inanmıram”, – analitik fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!