Son günlər şagirdlərin məktəblərdə özbaşınalığını əks etdirən videolar durmadan yayılır.
Belə ki, bəzi şagirdlər dərs prosesində müəllimi saymır, sinif otağını dağıdır, yaxud bir-biri ilə dava edirlər.
Tanınmış şoumen Kamran Həsənli mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, son zamanlar orta məktəblərdə ardı-arası kəsilməyən qalmaqallı olaylarda yerli telekanalların rolu heç də az deyil: Toyuqlu pizza
“Mən televizyonçu olduğum üçün ilk növbədə məhz bu məsələdən - təməldən başlamaq istəyirəm. Əvvəlcə televiziyalarda dəyişiklik olmalıdır. Əks halda, televiziyanın təbliğ etdiyi “mənəvi nümunə”ni məktəbdə də, bağçada da görəcəksiniz. Televiziyaların son 10 ildə təbliğ etdiyi elə qalmaqallar, dava-dalaş, mənəviyyatsızlıqdır. Belə halda uşaqlardan nə gözləyirsiniz? Uşaqlar ağ basma kimi bir şeydir, nə göstərsəniz onu da təkrar edəcəklər. Ailədən də, məktəbdə də çox təqsirkar elə telekanallardır. Yeniyetmələr görürlər ki, telekanallarda hansısa əzilib-büzülən bir gəda, alçaq, yalançı şəxs çox böyük pullara, yaxşı evlərə, maşınlara sahibdir. Onlar da fikirləşirlər ki, əgər belədirsə, biz də dönüb olaq ədəbsiz, həyasız birinə. Televiziyalar qadın həyasızlığını təbliğ edirlər”.
K.Həsənli bu cür hadisələrin artmasını orta məktəblərdə qadın müəllimlərin daha çox olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, şagirdlərə mütləq kişi müəllimlər də dərs keçməlidir:
“Məktəblərdə də müəllimlərin çoxu qadındır. Maaş azdır deyə kişi müəllimləri yoxdur. Mən bir şey demirəm, qadınlar bizim həyatımızın işığıdır, amma məktəblərdə heç olmasa, 30 faiz kişi müəllim olmalıdır ki, şagird hiss etsin ki, burada ata nəvazişi də var. Sinifdə 30 nəfər varsa, onun 15-i qız olur, müəllim kollektivi də qadındır, uşaq qadınların içində böyüyür, istər-istəməz qadına xas olan xüsusiyyətlər keçir oğlanlara. Ona görə də dönüb çox lazımsız bir ünsürə çevrilirlər”.
K.Həsənli kişiləri də müəllimlik peşəsinə cəlb etməli olduğumuzu bildirib:
“Oğlanların müəllim peşəsini seçmək istəməməsinin başlıca səbəbi maaşdır. İnsanlar ailələrini dolandırmaq istəyirlər. Bundan əlavə, bu gün müəllim peşəsinin statusu aşağı düşüb. Sovet dönəmində müəllimin bir statusu var idi, o məmur idi. O vaxt müəllim şagirdin əlinə, valideynin cibinə baxmırdı, kişi müəllimlər normal maaş alırdılar. Mən özüm də müəllim ailəsində böyümüşəm, atam da, anam da müəllim olub, ona görə bilirəm. Onlar qürurla bu peşəni icra edirdilər. O vaxt şagirdlər nəinki müəllimdən çəkinirdi, hətta elə bilirdilər ki, müəllim bir heykəldir, o yemir, yatmır. Lakin müəllimin statusu düşdükdən sonra hər şey pozuldu. Müəllimlərə az maaş verdilər, onun da gözü qaldı valideynin əlində. Uşaq da biləndə ki, valideyni ona pul verir, başlayır müəllimə obyekt kimi davranmağa.
Kişilər də bu peşəyə cəlb olunmalıdır. Hətta mən düşünürəm ki, kişi müəllimlərin maaşı bir az artıq olmalıdır ki, insanları cəlb edə bilək. Çünki kişilər fikirləşir ki, sabah gedib müəllim işləsəm, maaşım da az olacaq, üstəgəl statusum da olmacaq. Biz elə fikirləşirik qız uşağı müəllim olmalıdır. Psixologiyamızda da qüsur var, mentallığımız imkan vermir ki, başqa cür düşünək, elə bilirik müəllimlik qadın peşəsidir”.
Əsətxanım RZAZADƏ
Telegram kanalımız