“Hazırda nüvə silahına sahib olan dövlətlərin sayı daha çoxdur. Əgər belə bir situasiya yaransa və hər kəs bu silahdan istifadə etməyə başlasa, ümumiyyətlə dünya dağıla bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bizimyol.info portalının təsisçisi, siyasi şərhçi Bahəddin Həzi deyib.
Onun sözlərinə görə, indiki dövrdə nüvə silahı opponentlərə qarşı qorxu mahiyyəti daşıyır: pizza hut
“Nüvə silahı dövlətlər üçün bir növ çəkindirici faktordur. Tarix boyu nüvə silahından cəmi 2 dəfə istifadə edilib. 1945-ci il avqustun 6 və 9-da. ABŞ Yaponiyanın Naqasaki və Hiroşima şəhərlərinə nüvə bombardmanı həyata keçirib. Həmin tarixdən bəri hər hansı bir dövlət başqa bir dövlətə qarşı nüvə silahından istifadə etməyib”.
B.Həzi vurğulayıb ki, müasir müharibələrdə daha fərqli texnologiyalardan istifadə edilir:
“Fikrimcə, nüvə silahı çəkindirici olmaqla yanaşı, müəyyən mənada praktiki istifadəsi mümkün olmayan hərbi vasitəyə çevrilib. Çünki hüquqi və siyasi olaraq, elə çərçivələr formalaşıb ki, nüvə silahından istifadə etmək istəyənlər də bunu bacarmır. Digər tərəfdən, artıq müharibənin də xarakteri dəyişib. Müasir müharibələrdə ənənəvi üsullardan istifadə edilsə də, hərbi toqquşmalar artıq texnoloji prosesə çevrilib. Artıq informasiyanın və texnologiyaların mübarizəsini görürürük. Yeni nəsil müharibələrdə tamamilə fərqli texnoloji silahlardan, yeni komponentlərdən istifadə olunur. Nüvə silahı isə sadəcə çəkindirici faktor kimi qalıb. Bu silahın istifadəsi heç kim üçün sərfəli deyil”.
B.Həzi diqqətə çatdırıb ki, nüvə silahından istifadə bütün bəşəriyyətin məhvinə səbəb ola bilər:
“Nüvə bombasından istifadə bəşəriyyət üçün intihardır. Düşünmürəm ki, dünyadakı hərbi toqquşmalar bu həddə çatacaq. ABŞ-nin İranda və digər regionlarda apardığı müharibələr həm də bir növ Çinə qarşı mübarizənin tərkib hissəsidir. Bu, artıq qlobal güclərin müharibəsidir və baş verən hərbi toqquşmalara dünya müharibəsi də demək olar”.
Qeyd edək ki, nüvə silahının tətbiqi beynəlxalq hüquqda birbaşa və universal şəkildə qadağan olunmasa da, 1968-ci il NPT (Yayılmama haqqında müqavilə) və 2021-ci ildə qüvvəyə minmiş TPNW (Qadağan edilmə haqqında müqavilə) bu istiqamətdə əsas sənədlərdir. Lakin TPNW-yə nüvə dövlətlərinin heç biri qoşulmayıb. Beynəlxalq Ədalət Məhkəməsinin rəyinə görə, bu silahın istifadəsi humanitar hüquq normalarına zidd olsa da, dövlətin varlığına son qoyan ekstremal özünümüdafiə hallarında tətbiqi ilə bağlı dəqiq hüquqi hökm yoxdur.
Son illərdə Rusiya-Ukrayna müharibəsi nüvə ritorikasını Soyuq müharibə dövründən bəri ən təhlükəli həddə çatdırıb; Rusiyanın taktiki nüvə silahı tətbiqi ilə bağlı xəbərdarlıqları qlobal gərginliyi artırıb. Eyni zamanda, İsrail-İran qarşıdurması və Hindistan-Pakistan arasındakı sərhəd toqquşmaları nüvə dövlətlərinin iştirak etdiyi aktiv münaqişə ocaqlarıdır. Müasir müharibələr göstərir ki, nüvə silahı artıq sadəcə hücumdan qorunmaq üçün deyil, həm də konvensional müharibələrdə digər güclərin müdaxiləsini əngəlləmək üçün strateji bir "qalxan" kimi istifadə edilir. Bu da qlobal nüvə təhlükəsizliyi arxitekturasının nə dərəcədə kövrək olduğunu sübut edir.
Nazim Hacıyev
Telegram kanalımız