“Rusiya və Azərbaycan arasında bank hesabları vasitəsilə köçürmələr onsuz da qalır. Sanksiya ancaq “Zolotaya Korona” kimi sistemlərdə ani pul köçürmələrinə aiddir. Köçürmələr uzağı 2 gün çəksə də, əsas odur ki, sistem işləyir”.
Bunu “Yeni Sabah”a iqtisadçı Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana əsasən böyük məbləğdə pul köçürmələri edilir: pizza sifarişi
“Aİ-nin nə üçün bu addımı atdığını bilmirəm. Düşünürəm ki, bank hesabları ilə onlayn köçürmələr arasında müəyyən müddət olduğu üçün birincilərə nəzarət etmək mümkün olur. Yəni ani köçürmələrə nəzarətdə saxlamaq çətin olur. Onlayn pul köçürmələri ilə bağlı başqa alternativ variantların mövcud olub-olmadığını bilmirəm. Bildiyim ən məşhuru elə “Zolotaya Korona” idi.
Amma bu məsələdə uduzan tərəf Azərbaycandır. Çünki Azərbaycandan Rusiyaya ödənişlər üstün səviyyədə deyil. Əsasən Rusiyadan ölkəmizə böyük məbləğdə pul köçürmələri edilirdi. Orada yaşayan azərbaycanlılar öz qohum-əqrəbalarına pul baratları göndərirdilər”.
Ə.Həsənov qeyd edib ki, sahibkarlar və böyük şirkətlər yalnız bank vasitəsilə köçürmələrinə üstünlük verirlər:
“Azərbaycanda Rusiyaya görə sanksiya altında olan hazırda 2 bankdır. Bunlardan biri “Bank VTB”, digəri isə “Yelo Bank”dır. VTB birbaşa Rusiyaya məxsusdur, “Yelo Bank” isə Rusiya mənşəli özəl bankdır. Digər banklarda bu cür problemlər yoxdur.
Hazırda qeyri-rəsmi adı “göyərçin poçtu” (etibarlı şəxslərin vasitəçiliyi ilə əldən-ələ pul çatdırılması - red.) olan variantdan istifadə edənlər də var. Adətən, böyük məbləğdə pulların köçürülməsi həyata keçirilir. Lakin hər bir halda bu, təhlükəlidir. Çünki ortada heç bir sənəd olmadığı üçün hansısa problemlə qarşılaşanda bunun qarşısını almaq çətin olur”.
Xatırlatma: Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiya paketindən sonra Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə vəsait köçürməsini dayandırıb.
Sistemin veb-saytında Rusiyadan onlayn pul köçürmələri üçün mövcud olan yeganə ölkələr Özbəkistan, Türkiyə və Qırğızıstandır.
Avropa sanksiyaları “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan RNKO “Plyatyojnıy Sentr”ə (Ödəniş Mərkəzi) də tətbiq edilib.
Aydan Hacı
Telegram kanalımız