“20 milyonu kabinetində Nəcməddin Sadıqova vermişəm”

“20 milyonu kabinetində Nəcməddin Sadıqova vermişəm”

Kriminal Veb saytların hazırlanması

15 Sentyabr 2023 11:07 676


Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, həbsdə olan polkovnik Məlikməmməd Qurbanov keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovu ittiham edib. Deyib ki, qiymət şişirtməsi və başqa üsullarla yeyinti nəticəsində əldə olunan milyonlarla vəsait Sadıqova çatdırılırdı. Bu barədə o, sentyabrın 15-də öz məhkəməsində danışıb.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Qurbanov Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov və başqalarıyla əlbir olub külli miqdarda vəsaitlərin yeyintisində ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, 2015-2019-cu illərdə büdcədən ayrılmış vəsaitlərin bir hissəsi o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun tapşırığıyla müəyyən şirkətlərin hesabına köçürülüb. Sonradan o şirkətlərin hesabından nağd şəkildə çıxarılaraq, geri qayıdıb. Alınan malların, göstərilən xidmətlərin dəyəri isə sənədləşmədə xeyli şişirdilib.

Cinayət işinin materiallarına əsasən, 4 il ərzində ordu üçün təkcə balıq məhsullarının alışı zamanı 400 min manat yeyinti olub. Bundan başqa, avtomobil, kompüter və s. avadanlıq, qida məhsullarının alışı zamanı da külli miqdarda mənimsəmə hallarına yol verildiyi iddia edilir.

Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxslərilə bağlı cinayət işində ümumilikdə 92 milyon manatlıq mənimsəmədən söhbət gedir. Bunun 542 min manatlıq hissəsi Məlikməmməd Qurbanova aiddir.

Qurbanov bu ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, nə tapşırıq verilibsə, onu icra edib.

“Mən hərbi hissələrdən gələn sifarişləri büdcə hesabına yerinə yetirirdim, vəzifəm bu idi. Mənə münasibətdə nə qədər mənimsəmə varsa, tam ödəmişəm”, – Qurbanov bildirib.

O, dindirmə zamanı prokurorun suallarını cavablandırarkən deyib ki, qiymətlərin şişirdilməsi və s. üsullarla əldə olunan vəsaitlər Baş Qərargah rəisinə çatırdı. Sonradan həmin vəsaitlərin hansı istiqamət üzrə gedəcəyini Nəcməddin Sadıqov özü müəyyənləşdirirdi:

“Hara nə ödənilməlidir, bunu özü müəyyənləşdirirdi. Şirkətlərə verilən hər sifarişə görə şirkətlər bizə 15 faiz qaytarırdı”.

Qurbanovun sözlərinə görə, Silahlı Qüvvələr üçün ərzaq alışıyla bağlı müxtəlif şirkətlərlə çalışsalar da, əslində, onların hamısı bir adama məxsus şirkətlər idi. Amma təqsirləndirilən polkovnik konkret kimə məxsus olduğunu açıqlamaq istəməyib. Bununla belə, onu deyib ki, həmin adamın işlərini Avtandil Abdıyev görürdü.

“Biz də onunla işləyirdik. Süni şəkildə artırılan pulları da nağdlaşdırıb bizə o qaytarıb. 5 il ərzində Avtandil Abdıyev mənə hissə-hissə olmaqla, ümumilikdə 20 milyon manat pul verib. Mən də o 20 milyonun hamısını otağında Nəcməddin Sadıqova vermişəm”, – Qurbanov bildirib.

O, əlavə edib ki, Sadıqovun tapşırığıyla sonradan o puldan 1 milyon 200 min manat nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manat isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova verib:

“20 milyon manatdan mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib”.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin mühasibi olmuş Ziyafət Həsənov isə məhkəmədə şahid kimi dindirilib. Polkovnik-leytenant Həsənov qiymətlərin müəyyən edilməsi üzrə ehtimal komissiyasının üzvü olub.

Deyir ki, sadəcə, aktlara imza atıb, başqa heç nədən xəbəri yoxdur: “Ancaq sənədlərə qol çəkib, ayın axırında da maaşımı almışam...”

Azadliq.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!