Elə bilirdim ki, artıq məni heç nə heyrətləndirə bilməz. İnsan o qədər hadisələrə şahid olur ki, zaman keçdikcə təəccüb hissini itirir. Hər gün ağıla gəlməyən hadisələrlə qarşılaşırsan, həmin hadisələrin əxlaqa bir az uyğun olanını xəbərə çevirib sayta qoyursan. Davamlı belə faktlarla qarşılaşdıqca, hər şey sənə adi görünməyə başlayır.
Amma sən demə, belə deyilmiş. Bizi heyrətləndirəcək çox şeylər baş verə bilərmiş. Həyatın dibinin də dibi varmış...
Dünən bir xəbər yayıldı. Bakıda qadın 4 uşağını küçəyə ataraq sevgilisi ilə qaçıb. Nitqim qurudu. Heç nəyə heyrətlənmək mümkün deyil deyən mən danışmağa söz tapa bilmədim. Gözümdə təəccüb, qəzəb, üzümdə sonsuz suallar yarandı. Bir qadın, ana, bunu necə edə bilər? Nəyin xətrinə? Hansı istəyə görə? Toyuqlu pizza
Nə olur olsun, belə bir addımı atmağa heç nə əsas verə bilməz. Birmənalı...
Beləsinə el arasında qızmış deyirlər. Hətta bununla bağlı bayatı da var:
Əzizinəm qız qıza,
Oğlan qıza, qız qıza
Oğlan qızsa eybi yox,
Vay o gündən qız qıza.
Qızın qızdığını çox görmüşdüm. Amma 4 uşaq anasının qızdığını birinci dəfədir görürdüm. Yoxsa, dəli deyiləm ki, durduğum yerdə ağzım əyilə dura qulağımın dibində..
Yaxşı ki, həyat yalnız neqativlərdən ibarət deyil. Elə bu günlərdə bir xəbər çıxdı qarşıma. Ailənin gözünün ağı-qarası bir oğul övladı varmış. Həmin oğul Vətən müharibəsində şəhid olub. Ana və atanın bütün arzuları yerlə bir olub. Dünya gözlərində qaralıb onların. Amma Allahın mərhəmətinə sığınıblar. Övladlarının acısını az da olsa unutmaq üçün bu yaşlı ata-ana min bir müalicə ilə yenidən övlad sahibi olublar. İndi onların evində körpə səsi gəlir. Saçları ağappaq olan ata-ana həyata yenidən bağlanıblar. O kadrları görəndə mən öz duyğularıma hakim ola bilmədim. Gözlərim yaşla doldu. Özüm üçün problem, dərd hesab etdiyim bütün məsələləri unutdum.
Azərbaycanda minlərlə ailələr var. Onlar illərdir övlad həsrəti ilə qovurulurlar. Baş vurmadıqları həkim, pir, ziyarətgah qalmayıb. Burunlarının ucu göynəyir ki, evlərindən uşaq səsi gəlsin, həyata bağlanmaq üçün bir bağ tapsınlar. Bəzən Allahın belə işləri olur: Atın qabağına ət, itin qabağına ot qoyur.
İndi bu ana deyilən adama Allah 4 övlad verib. Sən bu payı hansı cəsarətlə küçəyə atırsan? Sənin ləyaqətin hardadır? Analığın hardadır? Şərəfin varmı? Tərbiyən yoxdurmu? Mənəviyyat olubmu, yoxsa bunu sonradan itirdin? Kim səni bu həddə gətirdi? Bəlkə elə səndə bu deyilənlərin heç biri olmayıb, indi şərait yaranan kimi indiyə kimi gizlətdiyin şərəfsizliyi bütün ölkəyə göstərdin?
Suallar çoxdur, cavablar isə heç nə ifadə etmir.
Yaxşı, qadını qoyduq bir kənara. Onu özünə həyat yoldaşımı, sevgilimi kimi qəbul edən sadəcə cinsi kişi olan qarşı tərəfin şərəfinə nə olub? Öz doğma 4 balasına xəyanət edən, küçəyə atan qadına normal kişini bir tərəfə qoyuram, heç anormal kişi də güvənə bilməz. Hörmət etməz. Onunla sadəcə bir müddətlik cinsi tələbatını ödəyər, sonra da aldığı yerdə buraxar. Həmin yerdə isə qadını artıq heç nə gözləmir. Övladlar da, şərəf də, mənəviyyat da onu elə bu addımı atdığı gün tərk edib. Qadın üçün elə dəyərlər var ki, o bir dəfə itirilir, sonra geri qayıtması mümkünsüzdür.
Analıq müqəddəsdir, ağappaqdır. Onu kənardan qorumaq çox çətindir. Əgər ana bu təmizliyi qorumaq istəmirsə, nə övlad, nə ər, nə sevgili bunu etmək gücündə deyil.
Övlad elə bir nemətdir ki, heç bir səbəb - min dəfə təkrar edirəm, HEÇ BİR SƏBƏB - onu küçəyə atmağa əsas verə bilməz.
Elnur Məmmədli
Telegram kanalımız