1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik və hüquqi dövlət quruculuğu yolu əsas prioritetə çevrilib. Bu isə özlüyündə Azərbaycanın Avropa dəyərlərindən bəhrələnməsinə yol açıb. Təsadüfi deyil ki, elə 1991-ci ildə Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa başlayıb. Buradakı ilkin əməkdaşlıq Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə göstərdiyi dəstəyə (TACİS proqramı) əsaslanır. Aİ ilə əlaqələrin köklü şəkildə qurulması Azərbaycanın xarici siyasət doktrinasında əsas istiqamətlərdən biri olub. Lakin təbii olaraq tərəflər arasında yaradılan münasibətlərdə qarşılıqlı faydalılıq prinsipi hökm sürür.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və təbii sərvətlərlə zəngin olması onu Avropa İttifaqı üçün arzuolunan tərəfdaşa çevirir. Tərəflər arasındakı münasibətlərin hüquqi bazası hələ ümumilli lider Heydər Əliyevin dövründə formalaşıb. Bu isə 1996-cı ildə aprelin 22-də “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə baş tutub. Lakin saziş 1999-cu il 1 iyulda qüvvəyə minib.
Bundan bir müddət əvvəl-1995-ci ildə ulu öndər Brüsseldən Vətənə dönərkən təyyarədə müsahibəsi zamanı, “Avropa Birliyinin fəaliyyətinin dünya siyasətinə, iqtisadiyyatına, beynəlxalq aləmdə gedən proseslərə çox böyük təsiri var. Ona görə də bilavasitə Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr yaranması bütün cəhətlərə görə lazımdır, zəruridir və mənfəətlidir. Mənim Brüsseldə səfərimin əsas məqsədi də bundan ibarət idi ki, Azərbaycan Avropa Birliyi ilə daha sıx əlaqə yaratmaq imkanı qazansın.”,-fikirlərini səsləndirərək Avropa İttifaqı ilə əməkdaşlığı yüksək qiymətləndirib. Hətta Heydər Əliyev Aİ ilə əməkdaşlığı başqa təşkilatlarla yaradılan münasibətdən daha nəticəli hesab edib. Heydər Əliyev 22 may 2001-ci ildə Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə 1992-1993-cu illərdən Avropa Birliyinin Qafqaza marağının artdığını söyləmiş, daha sonra isə TASİS, TRASEKA və İNOQEYT proqramının yaranmasının təşkilatın regionumuza olan diqqətinin göstəricisi olduğunu bildirmişdir. Heydər Əliyevin Aİ-yə olan etimadı zamanla özünü əsaslı şəkildə doğruldub. Belə ki, sonrakı dövrlərdə Azərbaycan üzləşdiyi çətin məqamlarda Avropa İttifaqı 400 milyon avro yardım göstərərək ölkə iqtisadiyyatının dirçəlməsində böyük pay sahibi olub. Bununla da tərəflər arasında siyasi, iqtisadi və demokratik sahədə əməkdaşlığın daha da genişlənib. pizza
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi andan etibarən isə Avropa İttifaqı ilə münasibətlər yeni mərhələyə qədəm qoyub. Ölkə başçısı hələ idarəçiliyinin ilk dövrlərində Avropa meyarlarına uyğun olmaq üçün əsaslı addımların atılacağını, Azərbaycanın gələcəyini Avropa ailəsində gördüyünü diqqətə çatdırıb və səsləndirilən bu fikirlərdən sonra addımlar heç də gecikməyib. 2004-cü iyulun 14-də Aİ Şurası Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında qərar qəbul edib. Bu isə özlüyündə beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu göstərir. 2006-cı il 7 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Brüsseldə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Beləliklə, münasibət yeni müstəviyə daşınıb. 14 noyabr tarixində isə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilib. Bu plana uyğun olaraq Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bir daha bəyan edib. 2007-2013-cü illəri əhatə edən bu siyasətin fəaliyyət planı üçün Aİ büdcədən 11 milyard 181 milyon avro dəyərində vəsait ayırıb.
Bildirək ki, bu, ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır. Kral Beynəlxalq Əlaqələr İnstitutunda baş tutan siyasi brifinq zamanı Prezident İlham Əliyev sözügedən əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulamaqla yanaşı Avropa İttifaqının da buradan fayda götürəcəyini qeyd edib. Ölkə başçısı Azərbaycanın açıq qapı siyasəti yürütdüyünü, xarici sərmayələr üçün əlverişli şərait yaradıldığını xatırladıb və iqtisadiyyatın inkişaf sürətinə görə ölkəmizin dünyada ən yüksək göstəriciyə nail olduğunu, Azərbaycanın regionda lider dövlətə çevrildiyini söyləyib.
Hazırda Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır. İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" Sərəncamı əlaqələrin gücləndirilməsinin qarşıya məqsəd qoyulduğun açıq şəkildə göstərib. Azərbaycan 2009-cu ildən Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısıdır. Prezident vaxtilə bunun ölkədə davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün önəmindən bəhs edib və siyasi-iqtisadi islahatlar sahəsində daha çox çalışmalı olduğumuzu vurğulayıb. Proqram Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistanı əhatə edir. "Şərq tərəfdaşlığı"nın əsas məqsəd sözügedən ölkələri Avropa İttifaqına yaxınlaşdırmaq və sabitliyi, əsaslı idarəçiliyi, iqtisadi inkişafı təmin etməkdir. İkinci məqsəd isə tərəfdaş ölkələr üçün vizaların liberallaşdırılmasıdır. “Şərq tərəfdaşlığı”nın iştirakçısı olan ölkələr fikir mübadiləsi, müzakirələr üçün iki ildən bir samit görüşü təşkil edirlər. Həmçinin tərəfdaş ölkələrin Xarici işlər nazirləri hər il iclas keçirir. Bu proqram çərçivəsində Avropaya inteqrasiya sürətlənir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı”nın geniş müzakirə olunduğu dövrdə-2009-cu ildə mətbuat üçün bəyanatında ölkəmizin də Aİ üçün əhəmiyyətini xüsusi vurğulamış və bu əməkdaşlığın önəmini ictimaiyyətə təqdim etmişdir: “Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır”.
Uzun illər davam edən əməkdaşlığın yeni mərhələyə daşınmasında 2017-ci ildə tərəflər arasında baş verən danışıqlar da mühüm əhəmiyyət kəsb edib. Belə ki, fevralın 6-da Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Brüsseldə birgə mətbuat konfransı baş tutub. Prezident konfransda Azərbaycanın müstəqilliyindən bəri Avropa İttifaqının ölkəmiz üçün mühüm yatırımlar etdiyini diqqətə çatdırıb. Ölkə başçısı bir daha Avropa İttifaqının əhəmiyyətli partnyor olduğunu vurğulayıb. Donald Tusk isə Azərbaycanın müstəqilliyindən söz açıb və ərazi bütövlüyümüzü dəstəklədiyini qeyd edib. 2017-ci il noyabrın 24-də isə Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası baş tutub və İlham Əliyev Donald Tuskun dəvəti ilə sessiyada çıxış edib. O, tərəflər arasında yeni saziş ətrafında fəal danışıqların aparıldığını bildirib, həmçinin 9 Aİ üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi qəbul etdiyini deyib: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Strateji tərəfdaşlıq bəyannamələri qəbul etdik. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir”.
Nəhayət, 2018-ci il iyulun 10-da Prezident İlham Əliyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edib və sabahı, yəni iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Sənəd 2 illik bir müddəti əhatə edib və tərəfdaşlığın bərabərhüquqlu xarakter daşıdığı əks olunub. Həmçinin sənədin ilk bəndində qarşılıqlı şəkildə maraqlara, suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və dəstək göstərilməli olduğu qeyd edilib. “Tərəfdaşlıq prioritetləri”ndə Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla Azrbaycana qoyulan birbaşa xarici sərmayələrin yarısında pay sahibi olaraq əsas investisiya tərəfdaşı olması qeyd olunub. Həmçinin tərəflər arasındakı əməkdaşlığın geosiyasi aspekti də sənəddə prioritetlərdən biri kimi göstərilib. Azərbaycan əlverişli geosiyasi mövqeyə malik olmasına diqqət çəkilib. Bu isə Azərbaycanın Cənubi Qafqazın geosiyasi qovşağı statusunda qəbul edilməsi anlamına gəlir.
Azərbaycanla-Avropa İttifaqının əməkdaşlığı təkcə, siyasi, demokratikləşmə, iqtisadi, enerji, ticari, strateji, sosial və insan hüququları kimi məsələlər üzərində qurulmayıb. Beynəlxalq qurum elmi-mədəni sahədə də Azərbaycanla əlaqələrin qurulmasına xüsusi diqqət ayırıb. Belə ki, Avropa İttifaqının həyata keçirdiyi, AB üzvü ,AB üzvü olmayan və üçüncü ölkələri əhatə edən “Erasmus+” proqramı Azərbaycan təhsil sisteminin inkişafında, gənclərin bu sektordakı yeniliklərə açıq olmasında aparıcı yer tutub. Təhsil, təlim, gənclər və idman sahələrini özündə əks etdirən proqram 2014-2020-ci illərdə həyata keçirilib. Məqsəd isə təhsil alan şəxslərə yeni bacarıqlar qazandırılmaq, onların fərdi inkişaflarının gücləndirmək və məşğulluq imkanlarının artırılmasından ibarət olub. Bu dövr ərzində yüzlərlə azərbaycanlı tələbə mübadilə şansından faydalanaraq Avropada olub.
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun 2019-cu il iyulun 9-da mətbuatda yer alan bəyanatında isə regional inkişaf, təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat sektoru ilə bağlı məsələlərin müzakirəsinə toxunulub. Sözügedən tarixdə Donald Tusk Bakıda olub. İlham Əliyev Cənub Qaz Dəhizi layihəsindən söz açaraq bu istiqamətdə proseslərin uğurla davam etdirildiyini bildirib. Qeyd edək ki, Azərbaycan Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasındaaparıcı yerə sahibdir. Hələ 2011-ci ilin yanvarında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalayıb. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına daşıya biləcək, o cümlədən Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynayacaq strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusilə Şah Dəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaqdır. İlham Əliyev bəyanatında dəhlizin önəmini qetməklə yanaşı, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslandığını deyib. İllərdir əldə olunan uğurun səbəbi də elə bu tərəfdaşlıq ruhundan qaynaqlanır. Donald Tusk isə öz növbəsində Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atdığını qeyd edib. Hər iki tərəf bir növ bu tərəfdaşlığın gələcəyə inamı artırdığını və bu yolda yaxşı nəticələrin əldə ediləcəyini diqqətə çatdırıb.
Ötən ilin fevral ayında isə İlham Əliyev Münxendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşüb. Danışıqlar zamanı onlar enerji sahəsindəki əməkdaşlığın inkişafına diqqət yönəldiblər. Sebtyabrın 25-də isə Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşün mövzusunu Cənubi Qafqazdakı təhlükəsizlik , sabitlik məsələləri təşkil edib.
30 illik dövr ərzində Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycana nə kimi üstünlüklər yaratdığından söhbət açası olsaq, ilk olaraq beynəlxalq qurumun ölkə iqtisadiyyatına bu günədək 25 milyar civarında sərmayə qoyduğunu vurğulaya bilərik. Həmçinin Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişafı biznes mühitinin daha da üst səviyyədə formalaşmasında əvəzsiz rol oynayır. Dəqiq rəqəmlərdən çıxış edilməlidirsə, Azərbaycan ticatinin 50 faizini Aİ-yə üzv ölkələrlə ticarət əlaqəsi təşkil edir. Hazırda Azərbaycanda 1600-ə yaxın xarici şirkət var ki, bunlar Avropa İttifaqına üzv olan dövlətlərə məxsusdur. Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz Aİ-nin əsas enerji partnyorudur və Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq məsələsi yenidən müxtəlif auditoriyalarda müzakirə predmetinə çevrilib. Avropa Komissiyasının mətbuat katibi Ana Pisonero Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş barədə danışıqların getdiyini və sazişin ticari hissəsi ilə bağlı Azərbaycanın mövqeyini gözlədiklərini deyib. Ana Pisonero həmçinin yeni sazişin tərəflər arasındakı gələcək əməkdaşlığın və daha sıx əlaqələrin əsasını qoyacağını vurğulayıb. Xatırladaq ki, Prezident İlham Əliyev də martın 5-də baş tutan Yeni Azərbaycan Partiyasının VII qurultayında Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işlədiyimizi və sazişin 90 faizi ilə əlaqədar razılığın əldə olunduğunu vurğuladı. Ölkə başçısı məhz pandemiya səbəbilə bu prosesdə müəyyən ləngimələrin olduğunu, lakin danışıqların qısa zamanda bərpa ediləcəyini dedi.
Yaxın gələcəkdə imzalanması gözlənilən sazişin perspektivləri ilə bağlı Yenisabah.az-ın sorğusunu cavablandıran Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib ki, razılaşma demokratiya, insan hüquqları və əsas azadlıqlara söykənəcək:
“Avropa Birliyi Azərbaycanla əlaqələrimizi möhkəmləndirəcək iddialı, yeni, hərtərəfli olan razılaşmaya dair danışıqlara sadiq qalır. Saziş demokratiya, insan hüquqları və əsas azadlıqlara söykənəcəkdir. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişafına və əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək”.
Sazişin səmərəliliyindən söz açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sabir Rüstəmxanlı isə saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan Avropa Şurasının üzvü olmaqla, Avropa parlamentində təmsil olunmaqla Avropa Birliyinə doğru çox mühüm bir addım atıb. Avropa Birliyi ilə sıx əməkdaşlıq etmək üçün Azərbaycanın imkanları böyükdür. Sadəc hazırda müzakirə olunan bir sıra hüquqi aktlar var. Düzü, həmin məsələdə də Azərbaycanla Avropa Birliyi arasında elə ciddi bir problem yaşanacağını düşünmürəm. Ticarət, gömrük, insan haqları və s. kimi məsələlərdə Avropa İttifaqının müəyyən tələbləri var. Bütün bu məsələlərin həlli isə Azərbaycanda həm millətin, həm də dövlətin xeyrinədir. Hər hansısa beynəlxalq bir birliyə daxil olmaq heç bir ölkənin əl-ayağını bağlamır. Bizim üçün problem sadəcə Qarabağ məsələsinə münasibətdə Avropanın bəzi ölkələrinin ikili standart nümayiş etdirməsi, daima Ermənistana tərəf mövqe tutmaları idi ki, bu məsələ də artıq aradan qaldırılıb. Beləliklə, Azərbaycanın Avropa İttifaqı ilə daha da yaxınlaşmasında maneə qalmayıb. Bu tərəfdaşlıq Azərbaycanın xeyrinədir”.
Sayad Həsənli
Telegram kanalımız