Prezidentliyə namizədlərin “İctimai” Televiziyada yayımlanan ödənişsiz efir vaxtında çıxış edən deputat Zahid Oruc maraqlı təklif irəli sürüb. Namizəd deyib ki, ordumuz təhlükəsizlik və qarşılıqlı öhdəlik baxımından Yaxın Şərqdəki əməliyyatlarda Türkiyə ilə birgə iştirak etməlidir. Sosial şəbəkələrdə namizədin bu çıxışı tənqid və müzakirələrə səbəb olub.
Zahid Oruc efirdə səsləndirdiyi fikirlərlə bağlı daha ətraflı şərhini Yenisabah.az-la bölüşüb. Namizəd təklifini aşağıdakı sözlərlə əsaslandırıb.
“Öncə çıxışlarımızı müntəzəm izlədiyinizə və müxtəlif insanların nöqteyi-nəzərindən şərh etdiyinizə görə təşəkkürümü bildirirəm. Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə coğrafi olaraq böyüdü. Düzdür, bir öz ərazi bütövlüyümüzə nail olmuşuq, amma mahiyyət etibarı ilə böyümədir. Bunun üzərindən biz söylədik ki, dünya geosiyasi baxımdan da yeni bir eraya qədəm qoyur. 21-ci əsrdə dünyanın yenidən şəkilləndirilməsinin şahidi oluruq. Təhlükəsizlik böhranın mahiyyəti də məhz bundan ibarətdir ki, dünya yenidən bölüşdürülür. Mənim fundamental mövqeyim belədir ki, biz bölməsək bizi kiçiltməyə çalışacaqlar. Biz bu prosesdə iştirak etməliyik. Azərbaycanın geosiyasi iddialarını ortaya qoymalıyıq. Bu müxtəlif ərazilərə hərbi hücum planı deyil, tam əksinə, bizim indiki halda Azərbaycan mərkəzli ittifaqlar, birliklər yaratmağımız daha doğrudur. Bizim də daxil olduğumuz 6 dövlət öz arasında Qafqazda sülh və təhlükəsizlik paktı imzalamalıdır ki, üçüncü dövlətlərin bura müdaxiləsi yolverilməzdir. Azərbaycan ötən illər ərzində ərazisi işğal altında ola-ola beynəlxalq təhlükəsizliyin təminatında iştirak edib. Biz İraqda, Kosovoda, ən sonda Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatların bir hissəsində sülhməramlı qüvvə kimi iştirak etmişik. Biz indiki halda sülhməramlı mövqeyimizdən yenə də geri durmuruq, lakin Türkiyənin müxtəlif hərbi əməliyyatlarına qoşulmaq qəti şəkildə Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilməyəcək. Bu gün İraqın özündə Fransa daxil olmaqla qərb ölkələrinin müxtəlif hərbi kontingentləri var. Onlar hamısı təhlükəsizliyin təmin olunması məqsədində olduqlarını bildirirlər. Halbuki qlobal təhlükəsizliyə cavabdeh olmaları ilə bağlı heç kim onlara mandat verməyib. Biz kimlərinsə ehtiyatlı yanaşmasını anlayırıq və qəti şəkildə buna görə hər hansı bir zərbələr olmayacaq. Türkiyə ilə bağladığımız müqaviləyə uyğun olaraq müxtəlif əməliyyatlara qatılmış oluruq”. Sezar pizza
Zahid Oruc Türkiyə və Azərbaycan arasında müəyyən xarakterli bir ordu modelində müəyyən birləşmələr yaradılmasını arzuladıqlarını bildirib:
"Nümunə üçün qeyd edim ki, Qazaxıstanda çaxnaşmalar olanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü ölkələri hadisələrin qarşısını almaq üçün Almatıya və digər ərazilərə müdaxilə etdilər. Heç kim bunu hərbi təcavüz saymadı. Çünki onları mandatlı hesab edirdilər. Bu baxımdan Şuşa bəyannaməsinin mənasını birtərəfli şərh etməklə yalnız özümüzün kiçik dövlət olduğumuza, ermənilərin “müharibəni Türkiyə aparıb, biz türk ordusuna məğlub olmuşuq” iddiasına əlavə arqument vermiş oluruq. Biz bunu ikitərəfli müstəvidə şərh etməliyik. 2010-cu ildə strateji tərəfdaşlıq üzrə bağlanan yüksəksəviyyəli müqavilələr və 2020-ci ildə əldə edilən hərbi ittifaq sənədi bizim Türkiyənin məruz qaldığı təhlükələr zamanı onun yanında olmağımıza işarədir. Mənim mövqeyimi düzgün qəbul edənlər qəlbən bilirlər ki, biz hansı haqlı mövqeyə işarə edirik. Yekunda sadə bir suala cavab vermək lazımdır. Əgər kimsə bu mövqeyə qarşı çıxırsa, onlar Çanaqqala zəfərinə göndərilən Azərbaycan oğullarına da qarşı çıxırlar. Zahid Oruc olaraq mənim formulum bunun davamıdır. Biz necə ki, Türkiyə ilə siyasi səngərdə eyni cəbhədən çıxış ediriksə, hərbi məsələlərdə də daim bir-birimizə dəstək olmalıyıq. Mən çox arzulayıram ki, Türkiyə və Azərbaycan arasında müəyyən xarakterli bir ordu modelində müəyyən birləşmələr yaradılsın. Yeni dövrün çağırışlarına hədəflənərək Azərbaycanın öz geosiyasi mövqeyini möhkəmləndirmək, dünya bölücülüyündə iştirak etmək, ölkəmizin mərkəzində olduğu yeni birliklərin yaradılmasını təmin etmək bizim üçün prioritetdir”.
Nazim Hacıyev
Telegram kanalımız