Azərbaycanlıların diaspor fəaliyyətinin formalaşması və inkişaf yolu 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların diaspor fəaliyyətinin formalaşması və inkişaf yolu 

Siyasət

21 Fevral 2024 10:47 633


Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir. 

Ölkəmizdə diaspor fəaliyyətinin ilk addımları hələ Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı XX əsrin əvvəllərinə qədər gedib çıxır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. 

Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyurdu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.  pizza

Məhz bu dövrdən sonra dünyanın müxtəlif ölkələrinə köçmüş azərbaycanlı mühacirlər Azərbaycan adına müxtəlif məsələlərlə bağlı diaspor və təbliğat fəaliyyətlərinə başladılar. Hazırda rəsmi statistikalara görə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 50 milyona qədər azərbaycanlı yaşayır. Bu rəqəm özündə 10 milyondan çox Azərbaycan vətəndaşını, başda İran (təxminən 20-25 milyon), Rusiya (2.5 milyon), ABŞ (1 milyon), Türkiyə (3 milyon) olmaqla dünyanın onlarla ölkəsində yaşayan etnik azərbaycanlıları ehtiva edir. 

Müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran mühüm məsələlərdən biri də məhz diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlandırılması və onların Azərbaycanın ümumi maraqlarının müdafiəsi istiqamətində fəaliyyətə cəlb edilməsi dururdu. Qarabağ münaqişəsi, xarici ölkələrdə dövlət prestiji və təbliğatının aparılması zərurəti diaspor fəaliyyətini prioritet istiqamətlərdən birinə çevirdi. 

Heç şübhəsiz hər hansısa ölkədə formalaşdırılmış güclü diaspor təşkilatçılığı həmin ölkədəki diplomatik nümayəndəlik qədər önəmlidir. Dünyada olduqca güclü dayaqlara malik olan və müxtəlif vasitələrlə Azərbaycanın siyasi imicinə zərər vurmağa çalışan erməni diasporu qarşısında xüsusilə Avropa ölkələri və ABŞ-da yaşayan azərbaycanlıların fəaliyyətləri hər zaman mühüm əhəmiyyət daşıyır.

Diaspor fəaliyyətinə Azərbaycanın keçmiş prezidenti, ulu öndər Heydər Əliyev xüsusi önəm verirdi. Məhz buna görə o, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. 

Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olundu. 

Diaspor və lobbiçilik fəaliyyətinin inkişafına yönəlik mühüm addımlardan biri də 2002-ci ilin 5 iyulunda prezident Heydər Əliyev tərəfindən imzalanan «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman oldu. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. 

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verir. Bu sahədə mühüm addımlardan biri də prezident İlham Əliyev tərəfindən atılıb. Belə ki onun 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyanın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirilib. Məhz buna görə də müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ölkə maraqları və dövlətin siyasi mövqelərinə uyğun formada kütləvi fəaliyyəti hər zaman aktual olaraq qalacaq.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!