Özümə söz vermişdim ki, bağça, məktəb, müəllim, direktor kimi xatalı mövzulardan yazmayacağam, amma yenə də dayana bilmədim. Qasım bəy Zakirin məşhur “Neçələr silsileyi-təbimə təhrik verir, rişteyi-nəzmə çəkəm yəni duri-ğəltani” beytini mırıldanmağa başladım. Doğrudur, bəndeyi-fəqiriniz nə Zakir kimi bəy, nə də güclü təbə malik şairdir, lakin dayana da bilmirəm.
Məşhur olmaq, vəzifə almaq, kimdənsə intiqam almaq, sifariş almaq kimi müsbət məziyyətlərim də yoxdur. Yazmağımın bircə səbəbi var. Dayana bilmirəm, vəssalam. Bəlkə də, səhər, ya o biri gün biri məni kabinetinə çağırıb üstümə qışqırıb desə ki, əə qudurmusan, başın bədəninə ağırlıq edir, onda gözümün qabağına iki azyaşlı övladımı, heç bir yerdə işləməyən həyat yoldaşımı gətirib "qələt eləmişəm, başımı da divara döymüşəm" deyib kirimişcə yerimdə oturacağam ha, di gəl ki bağça, məktəb, direktor, müəllim, şagird sözlərini eşidəndə büləndi-pərvaz oluram. Bir-iki gün öncə ölkə televiziyalarına müsahibə vermiş Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun eşqi yenə vurdu başıma, daha doğrusu, Zakir demiş elekton qələmimizə təhrik verdi.
Eşqi müəllim dedi ki, təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan və hüquqpozmaların aşkarlanması, eləcə də aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlanılıb. Düzdür, Eşqi müəllim bu uzunluqda cümləni birnəfəsə, çaşmadan, aydın, səlis, gözəl bir intonasiya ilə dedi, amma bu kiçik nitq parçasında həm özümə, həm də möhtərəm oxucuya lüğəvi mənası izah ediləcək sözlər gördüm. Eşqi müəllimin vətən eşqi ilə dediklərini şərh etmək istədim: pizza hut
Təhsil müəssisələrində, yəni bağçalarda, məktəblərdə, internat məktəblərində çalışan müdir, direktor, müəllim, tərbiyəçi, aşpaz, qapıçı, süpürgəçilərdən hər hansı biri işində nöqsana yol versə, atasını yandıracağıq. Məsələn, bir qapıçı, məktəbə gələn jurnalisti dəmir darvazadan içəri buraxsa, vay onun halına, və yaxud bağçada bir aşpaz uşaqların yeməyini basıb yesə, kərə yağı əvəzinə yeməyə teksun qatsa, Ağaməhəmməd şah Qacar kimi yağı əridib o aşpazın boğazına tökəcəyik. Yox, üzr istəyirəm, ürəyi balaca uşaqların eşqi ilə yanıb sönən Eşqi müəllim elə demədi, o dedi ki, təhsil sahəsində çalışanların işində nöqsan, hüquqpozmaların aşkarlanması, belə nöqsanlar varsa (varsa ha!), aradan qaldırmaq üçün monitorinqlərə bağlayacağıq. Bu işi isə nazirliyin komissiyaları (el dilində qəmisyə) görəcək, yəni bu komissiyalar bağçaları, məktəbləri yoxlayacaq görək, oralarda isti aşa soyuq su qatan yoxdur?!
Eşqi müəllim, sizin bu açıqlamanız mənim ürəyimi riqqətə gətirdi, çox sevindim, öz özümə dedim ki, bu işdə, bu müqəddəs yolda sizə, təhsilmizə, körpə balalarımıza, onların valideynlərinə, dövlətimizin siyasətinə kömək edim. Siz və möhtərəm oxucu məni lap Cəbiş müəllim hesab edin, fərq etmir, bütün səmimiyyətimlə bəyan edirəm ki, dediyim, yazdığım heç bir cümləmdə qərəz, art niyyət yoxdur.
Eşqi müəllim, təhsildə neqativ halların qarşısını almaq üçün bağçalardan başlamaq lazımdır. Təhsilmizdə rüşvət ( varsa, yoxdursa, mən sizdən və oxuculardan üzr istəyirəm), fond pulu, müəllim pulu, direktorun ad günü pulu yığmaq vərdişi bağçalardan başlayır. Fakt? Baş üstə!
Böyük qızım 2014-cü ildə Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı körpələr evi uşaq bağçasına gedib. Daha doğrusu, ilk mən getmişəm. Bu körpələr evi elə 2014-cü ildə istifadəyə verildi, müdir Zeynəb xanım idi. Yay vaxtı idi, bağça istifadəyə verilmişdi, lakin sakinlərin əksəriyyətinin bundan xəbəri yox idi, bağçanın açılışından çox az sakinin xəbəri var idi ki, onlardan biri də mən idim. Bağçaya daxil oldum, heyranlıqla işıqlı, geniş, müasir koridordan müdirin kabinetinə yaxınlaşdım, Zeynəb xanıma dedim ki, ilk övladımdır, istəyirəm o da belə gözəl bağçada təhsil alsın. Zeynəb xanım qələm qaşlarını çatıb dərin təəssüf və kədər hissi ilə bildirdi ki, hörmətli valideyn artıq yerimiz yoxdur, sizin övladınız burada təhsil ala bilməz. Zeynəb xanımın kədərli gözlərinə baxdım, ürəyim sızladı, dedim ki, Zeynəb xanım, ilk övladımdır, narahat olub kədərlənməyin, 100 manat sol cibimdə, ürəyimin başındadır. Zeynəb xanım o dəqiqə gülümsədi, S.Rüstəmin dahi misrası və 100 manat sözləri o qədər təsirli idi ki, xanımın çiçəyi çırtladı, beləliklə, böyük qızım oldu yeni istifadəyə verilən bağçanın yeni şagirdi. Di gəl ki, Zeynəb xanım sevinə-sevinə mənə dedi ki, bəs hər ay da 15 manat bağçaya ödəniş etməlisiniz. Bəndeyi-fəqirniz xeyli pəjmürdə olsa da, düz iki il hər ay Zeynəb xanıma (bilmirəm, bəlkə də, Təhsil Nazirliyinin balansına) 15 manat ödədi.
Hörmətli Eşqi müəllim, dəyərli oxucu ürəyinizdə "15 manat nədir ki" deyib lağ etməyin, bir müəssisədə 100-200 uşağın təhsil aldığını düşünün, 15 manat bir ayda 1500-3000 manata çevrilir, kimə, nə üçün sualını yaradır. Və nəzərə alsaq ki, ölkəmizdə Məşədi İbadın hambalı kimi bir abbasının ümidinə yaşayan minlərlə ailə var, o zamana 15 manatın dəyəri daha yaxşı anlaşılar....
İkinci qızımı 2022-ci ilin aprel ayında Sumayıt şəhəri 3-cü mikrorayonda yerləşən 34 saylı bağçaya qoymalı olduq, o zaman bu bağçada adını çəkmək istəmədiyim gənc bir xanım müdir əvəzi kimi çalışırdı. Qəbulunda oldum, çox hörmətlə qarşıladı, Zeynəb xanım kimi nə kədərləndi, nə də çiçəyi çırtladı. Yenə əvvəlki təcrübəmə görə 100 manatı sol cibimdə ürəyimin başında saxlamışdım, bər-ehtiyyat! Amma gərək olmadı, nə müdir əvəzi olan gənc xanım istədi, nə də mənim qabiliyyətim çatdı ki, özüm təklif edim. Balaca qızın bağçaya qəbul olunduğuna tam əmin olandan sonra həmin 100 manata həmin o balaca qıza, barbi oyuncağı, don, evə də bir-iki kiloqram ət aldım, ailəlikcə sevindik. Ən çox da bilirsiniz nəyə sevindik? O müdir əvəzi gənc xanım vardı ha, o dedi ki, aylıq 15 manat ödəmək lazım deyil. Evdə məşvərət etdik ki, yəqin burda keyfiyyətsiz yeməklər verəcəklər, ona görə aylıq 15 manat istəmədilər. Sonra gördük ki, yanılmışıq, körpələrə verilən yeməklər bizim evdə bişən yeməklərdən dadlı imiş, hətta balaca qız anasına dedi ki, bağçanın yeməkləri sənin bişirdiklərindən dadlıdır. Dedim, sağ ol, qızım, ürəyimdəkiləri dedin.
Balaca qız indi məktəbə başlayıb, amma o bağçadakı müəllimini o qədər sevir ki, məktəbdən çıxanda - məni bağça müəllimimi görməyə apar - deyə dil tökür. Arada bir aparardım. Bundan sonra aparmayacağam, bilirsiniz niyə? Ona görə aparmayacağam ki, iki gün öncə bağçanın önündən keçəndə oradan çıxan kasıb geyimli anaların söhbətinə şahid oldum. Bir-biri ilə söhbət edən o iki anadan biri o birinə deyirdi ki, az, nə edəcəyik indi? İkisinin də üzündə kədər vardı, müdir Zeynəbin kədərindən yox ha, kasıb kədərindən idi bu kədər. Məlum oldu ki, həmin bağçaya təptəzə müdir təyin ediblər, bu qəttəzə müdir də valideyinlərin qabağını ərəbzəngi (oxu dilənçi!) kimi kəsib deyib ki, bu gündən etibarən hər bir valideyn aylıq 15 manat ödəniş edəcək! Vəssalam, şüt də tamam!
Bunları eşidəndə barmağımı dişləyib öz-özümə dedim ki, görəsən, iki il idi müdir əvəzi işləyən o xanım müəllimi 15 manat yığa bilmədiyi üçün müdir qoymadılar, yoxsa 25 min manat verə bilmədiyi üçün?!
İndi Eşqi müəllim, sizin o qəmisiyə gedib Zeynəb müəllimdən, bu çiçəyi burnunda müdirdən (vallah, adını da bilmirəm, yoxsa, gizlətməz, yazardım, ismi pünhan qalmazdı) soruşsa ki, sizin xaneyi-viranədə (üzr istəyirəm, rəhbəri olduğunuz bağçada) belə həlləm-qəlləm işlər olur, deyəcək ki, yox, onu deyən qələt edir, başını da divara vurur. (Sizi əmin edirəm, küçə ilə gedəndə onların qohum-əqrabalarından biri maşınını üstümə sürüb xox gəlsə, mən də elə deyəcəm.)
Amma bu ürəyi (sizin kimi olmasa da) vətən eşqi ilə döyünən sətirlərin müəllifinin iki çözüm yolu önərisi var. Baxın, görün, öyrətmək kimi çıxmasın, qəmisiyə sizi eşidirsə, həmin qəmissiyəni göndərin o bağçalarda oxuyan uşaqların valideynlərinə zəng edin, tək-tək soruşun, görün bu doğrudur, yoxsa, yalan. Kaş ki yalan ola...
İki, bağçaların giriş qapısının sağ və ya sol tərəfdə qızılı həriflərlə yazılan Təhsil Nazirliyi, Körpələr evi, Uşaq bağçası kimi mürəkkəb adların aşağısında, gümüşü hərflərlə, (markerlə də olsa olar) yazılsın ki, Təhsil Nazirliyinin adı olan yerdə 15 manat ödəniş eləmək olmaz ( 25 min manata qarışmıram), belə hallarda bu nömrəyə zəng edin, uşaqlar bizim gələcəyimizdir, əziz valideynlər, orta məktəblərə pis örnək olmayın v.s. Ya da ki, bunu rəsmiləşdirmək lazımdır, qoy dama-dama göl olan pullar elə təhsil müəssisələrinin müəllimlərinin əmək haqlarına əlavə edilsin, invertarların yenilənməsinə sərf edilsin.
Eşqi müəllim, axı körpələr hələ yazıb oxuya bilmir, axı onlar ali məktəb tələbələri kimi rüşvət istəyən müəllimlə qarşılaşanda tez qaçıb feysbukda -filan müəllim məndən rüşvət istədi- deyə yazıb həmin müəllimin atasını yandıra bilmirlər. Görürsünüz, təbii olaraq ali məktəblərdə rüşvət halları son dərəcə azalmışdır.
Bundan əlavə, valideynlər körpə balalarını ilk dəfə evindən kənara - təhsil müəssəsinə aparır, ailədən olmayan insanlara öz övladlarını etibar edirlər. Onlardan pul tələb ediləndə də qorxularından verirlər, şəxsən mən qorxumdan verirdim ki, birdən deyilən pulu verməsəm, övladıma kobud davaranar, onu incidərlər.
Zənginlər, onsuz da, öz övladlarını dövlət bağçalarına aparmır, özəl bağçalara etibar edirlər, olan kasıba olur...
Eşqi müəllim, sizin qarşınızda bəzi bağça müdirlərindən, direktorlardan (hamısından yox ha) daha çox əyilərək, lap ikiqat olaraq, dönə-dönə xahiş edirəm, bağçalarımızı ciddi yoxlayın, axı uşaqlar bizim gələcəyimizdir.
Bizim atalarımızın birbaşa rüşvətxorluğa, əliəyriliyə don geyindirən çoxlu sözləri var. Onlardan biri də "gərək sağ əlin verdiyini sol əl bilməsin" atalar sözüdür. Buna sadiq qalmayaraq, sizə bir Quranlıq danos ötürdüm. Ötürdüm ki, işiniz bir az yüngül, əziyyətiniz lap az olsun.
Məni döyüb eləməsələr, xox gəlməsələr və arzu etsəniz, gələn dəfə qulağınıza məktəblər haqqında pıçıldayaram, bir siz bilərsiniz, bir mən...
Bəhram Cəfəroğlu
Telegram kanalımız