Bakıda toyda dava: Qonaqlar polis bölməsinə aparıldılar

Bakıda toyda dava: Qonaqlar polis bölməsinə aparıldılar

Kriminal Veb saytların hazırlanması

13 Sentyabr 2023 18:19 2242


Bakının Qaradağ rayonunda 2002-ci il təvəllüdlü Osman tanışı Teymura xəsarət yetirib.

“Yeni Sabah” Demokrat.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən şadlıq saraylarından birinin həyətyanı sahəsində baş verib.

Orada Osman Teymurun sifət nahiyəsinə bir dəfə zərbə vurub və onu yerə yıxaraq xəsarətlər yetirib.

Hadisəni törədən Osmanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Osman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Qızıldaş qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qayınana” adlı şadlıq sarayında toy mərasimində olub:

“Həmin toy məclisində qəsəbə sakini kimi tanıdığım Teymur da olub. Həmin gün qədərindən artıq spirtli içki qəbul etmişdim. Teymur da sərxoş vəziyyətdə olub. Həmin gün axşam radələrində şadlıq sarayının qapısından çıxdım və getmək istəyən zaman zalın qapısının ağzında olan zaman Teymurla zarafat etdim. Təxminən 10-15 saniyə sonra şadlıq sarayının dəhlizindəki qapıdan çıxmaq istəyərkən Teymur çiyin tərəfdən paltarımdan tutdu və məni geriyə çəkdi, sifət nahiyəmdən başı ilə zərbə vurdu. Teymurun vurduğu zərbə burun nahiyəmə dəydi. Daha sonra mən də Teymurun sifət nahiyəsindən başla zərbə vurdum. Zərbə Teymurun burnuna dəydi. Hər ikimizin burnundan qan gəldi. Ətrafda olan adamlar bizi ayırdılar”.

İş üzrə zərərçəkmiş Teymurun sözlərinə görə, şadlıq sarayının dəhlizində dayanaraq telefonla danışmaq istədiyi zaman Osman yanından keçəndə ona çiyin atıb:

“Osmanın sərxoş olduğunu gördüm, ona fikir vermədim. Bir az keçəndən sonra şadlıq sarayının içərisində Osman yenidən mənə çiyinlə möhkəm vurdu. Osmana iradımı bildirdim. Osman da dedi ki, gəl çıx çölə, səninlə söhbətim var. Osmanla şadlıq sarayının həyətinə çıxdıq. Çölə çıxan kimi Osman yaxamdan tutdu, başla burun nahiyəmdən zərbə vurdu. Zərbənin təsirindən huşumu itirərək yerə yıxıldım. Ayılanda gördüm ki, şadlıq sarayının həyətində polis əməkdaşları var. Həmin polis əməkdaşları bizi Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə apardılar. Baş verən hadisə zamanı Osman məni başla vurandan sonra burnum sındı”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Osman 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!