Abituriyentlərin ixtisas seçimi başlayır. Hazırda təkcə tələbə olmaq arzusunda olan gənclər yox, valideynlər də müəyyən qədər stress yaşayır. Çünki hər il bir çox gənc kifayət qədər bal toplasa da, seçim səhvinə görə istəmədiyi ixtisasa qəbul olunur. Bu isə onlara kariyera qurma yolunda müəyyən çətinliklər yaradır.
Maraqlıdır, gənclər gələcəkdə işsizlik problemi ilə üzləşməmək üçün hansı ixtisaslara üstünlük verməlidir?
Millət vəkili Aqil Abbas Yenisabah.az-a açıqlamasında bildirib ki, dünyada köhnələn ixtisas yoxdur: Dördpendirli pizza
“Məsələn, işsizlər arasında kitabxanaçılıq ixtisasını bitirənlərin sayının biraz çox olduğu deyilir. Çünki kitabxanaların sayı biraz azalmışdı, amma getdikcə artacaq. Başa düşəcəklər ki, kitab ən vacib şeydir. Mədəniyyət Nazirliyi də, Təhsil Nazirliyi də oturacaqlar və papaqlarını qabaqlarına qoyub fikirləşəcəklər ki, kitabxanaların sayını azaltmaq yox, artırmaq lazımdır. İnsanlara elm lazımdır. Hazırda hansı ixtisasın vacib olması məsələsinə gəldikdə isə mən bir ziyalı kimi çox istəyərdim ki, gənclər texniki və iqtisadi elmlərə yönəlsinlər. Məsələn, ADNSU-dakı ixtisasların heç biri köhnələ bilməz. Bəsdir, humanitar elmlərlə başlarını aldatdılar! İndi kompüter əsridir, bu sahəyə yiyələnsinlər”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə qeyd edib ki, ixtisas seçimi insan həyatında ailə seçimi qədər vacib rol oynayır. Ona görə də onlar ürəklərinin səsinə diqqətlə qulaq assınlar:
“Mənim gənclərə tövsiyəm odur ki, bu seçimdə səhv etməsinlər. Allahın onlara hansı bacarıqları verdiyini əsas götürsünlər. Əgər gənc yaxşı musiqiçi olacaqsa, niyə gedib Fizika fakültəsində təhsil almalıdır?! Bu işdə gənclərə məktəb və valideynlər kömək etməlidir. Onlara doğru yolu göstərməli, gəncləri qabiliyyətləri olan sahələrə yönəltməlidirlər. Eşitdiyimə görə, yəhudilərin dünyanı fəth etmələrinin əsas səbəbi öz övladlarına düzgün sənət seçmələridir. Ona görə 15 milyon yəhudi dünya var-dövlətinin 51 faizindən çoxuna sahibdir. Dəb üçün ixtisas seçməyin başını buraxmaq lazımdır. Qonşunun uşağı hüquq təhsili alır deyə, öz övladlarını bu peşəyə yönəltmələri olduqca yanlışdır. Axı bəlkə sənin övladın yaxşı yazıçı olacaq, niyə gedib iqtisadiyyat oxumalıdır və yaxud da bunun əksini etməlidir?”.
Həmsöhbətimiz vurğulayıb ki, ixtisas seçimində valideynlər uşaqlarının qarşısını kəsməməlidir:
“İnsan sevdiyi işlə məşğul olanda yorulmur. Uzun müddət mühazirə demiş biri kimi mən görürəm ki, tələbələrim üç qrupa bölünür. Birinci qrupa ilk sırada oturub yazı-pozu işi ilə məşğul olanlar daxildir. Bu tələbələr ixtisaslarını öz istəkləri ilə seçənlər və sevənlərdir. Onlar keçilənlərdən bir şey öyrənmək istəyirlər. İkinci qrupa aid olanlar orta sırada əyləşirlər və bir gözləri məndə, bir gözləri də dostlarında olur. Bir də üçüncü qrup var ki, onlar ən arxada oturur və nə tələbəyə, nə də müəllimə fikir verir, öz keflərində olurlar. Bu şəxslər təhsil aldıqları yerdən qətiyyən məmnun olmurlar, çünki bu ixtisas onlar üçün zorla seçilir. Deməli, insan sevdiyi fənni öyrənəndə yorulmur. Məsələn, bir şəxs ixtisasını sevirsə, o, 24 saatın 14-15 saatını oxumağa həsr edə bilər. Amma əgər sevmirsə, kitab oxumağa çalışanda 15 dəqiqə sonra onu yuxu tutacaq. Bu həm pedaqoji, həm psixoloji, həm də həyati bir problemdir. Bizim bir toplum kimi uğurumuz doğru seçim etmək olar. Əgər valideynlər öz övladlarına diqqət yetirib onların bacarıqlarını üzə çıxara bilirlərsə, bunu alqışlamaq lazmdır. Valideyn uşağı onun davranışlarına, qabiliyyətinə uyğun bir ixtisasa yönəldə bilər. Materiala baxmaq lazımdır. Qonşuya baxıb özünü oda atmaq çox axmaqca bir şeydir. “Mən sənin atanam, səni mən böyütmüşəm, yedirmişəm, içirmişəm, mən deyəni etməlisən”,- kimi yanaşma indiki dövrdə qəbul olunmur”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız