Bir dəqiqəlik sükut: Səssizliyin səsi

saytların hazırlanması

Evə çatdırılma

Bir dəqiqəlik sükut: Səssizliyin səsi

Sosial

26 Dekabr 2024 12:42 592


Şəhər bir dəqiqəlik dondu. Hamı dayandı. Hərəkət edən heç nə yoxdur. 

Bu bir dəqiqəlik sükut mənə o qədər şey xatırlatdı ki. Öz itirdiklərimi. Ölkəmin itirdiklərini. Keçmişdən ta bu günə qədər.

Sanki o bir dəqiqəlik sükutda beynimin içindən qapqara bir işıq keçdi. Fərqli – fərqli qara rənglər. Bir-birinə bənzəməyən qara zolaqlar. Pepperoni pizza

Səs siqnalı verən avtomobillərin səssizliyi ahəngi pozmur. Əksinə, bu səssizliyə daha da tünd rəng qatır. SUSUN deyir. Və hamı susur. Hər kəs dayanıb önünə baxır. Yəqin onlar da mənim düşündüklərimi düşünür. Beyin düşünmədən dayana bilməz ki. Belə bir anda kim öz qayğılarını, problemlərini, borclarını düşünə bilər?!

Taleyimizdə belə bir dəqiqəlik sükutlar az olmayıb. Əslində, susmaq ən yüksək səslə bağırmaqdır. Üsyan etməkdir. Susmaq qədər insanın düşüncələrini ifadə edən hərəkət yoxdur. Susursan və o susmaq sənin bütün hisslərini, düşüncələrini, demək istədiklərini ifadə edir. Boğazında düyünlənib qalan cümlələr, udqunaraq gözlərindən oxunan “bu da keçər” təsəllisi. 

Həqiqətdə susan insan ən çox danışmaq istəyən, ən çox sözü olan, ən yüksək səslə qışqırmaq istəyən adamdır. Onun o qədər çox demək istədiyi şey var ki. Lakin bunun heç bir anlam ifadə etmədiyini hamıdan çox özü başa düşür, dodaqlarını bir – birinə sıxıb içindəki fırtınanı dinləməkdən başqa çarə tapa bilmir. Beynində müharibə var. Ruhu küləkli şəhərdə havada yellənən salafan paketləri kimi ünvansız və məqsədsiz hərəkət edir.

Acı çox acıdır. Bizi böyüdən də, insan edən də, duyğularımızın sahibi də elə bu acılardır. 

Ramiz Rövşən demişkən: 

“Bu dərdə yiyə dur, sən qorxma oğlum,

Səni bu dünyada dərd böyüdəcək”

Bu gün də şəhərimiz 1 dəqiqəlik susdu. Taleyimizdə dekabrın 26-da susmaq da varmış. Həmin susqunluğu redaksiyamızın eyvanından dinlədim. O qədər nalə eşitdim ki, bu susqunluqdan. 

Bayraqlarımız endirildi, başımız kədərdən əyildi. 

Vətəndaşlarımız təyyarə qəzasının qurbanları üçün sayğı duruşunda dayandı.  Qurban, qurbanlıq... Bəzən  qurban kəlməsinə qarşı o qədər mənfi duyğularım yaranır ki. İnsandan qurbanmı olar? 

Amma indi susmaq zamanıdır. Bir dəqiqəlik olsa da susuram. Allahın ədalət sistemi fərqli işləyir, amma dəqiqdir. Mən yerdəki yox, göylərdəki ədalətə daha çox inanıram. Özümdən də çox.

Sükut bitdi... 

60 saniyənin tamamında və hərəkət başladı. 

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!