“Bu gün müğənnilər camaat arasında olmaqdan çəkinir. Çalışırlar ki, istirahətə başqa ölkələrə getsinlər, guya bunlar əlçatmazdırlar. O əvvəllər idi, indi belə şey yoxdur…”
Bu sözləri Yenisabah.az-a müğənni Əlikram Bayramov deyib. İfaçı bu gün şou-biznesdə olan bəzi həmkarlarını yekəxana olduqlarına görə sərt tənqid edib:
“Artıq şou-biznes toy-biznes olub. Şou-biznesdə olanlar özlərini qaldırıb dağ başına qoyurlar, boş-boş şeylərdir. Get, toyunu oxu, xalqın içində ol, insanların hörmətini qazan. Əsas olan hörmətdir, xalq sənə sənətdən daha çox insanlığına, səmimiyyətinə görə yaxınlaşır. Guya nə sənətiniz var ki, əlçatmaz olasınız, Azərbaycandan o tərəfə keçməmisiniz. Gedək sorğu keçirək görək, sizi başqa ölkələrdə tanıyırlarmı? Özlərindən ulduz düzəldiblər. Qadan alım, sən ulduz deyilsən. Ulduz bütün dünyada tanınan sənətçiyə deyirlər. Bu gün Azərbaycanda tanınmaq 5 vur 5-dir. Kimsə bir video çəkib sosial şəbəkəyə qoyur, səhərə tanınır”. pizza mizza
İfaçı bu gün trenddə olan bayağı mahnılardan da danışıb:
“Görürsünüz, bu gün mahnılar da nə gündədir, incəsənət bərbad olub. Azərbaycan musiqisi yaman günə qalıb. Trenddə olan mahnılara nəzər yetirsəniz bunu aydın şəkildə görə bilərsiniz. Belə tanınmağa nə var ki? Bizim kənddə bir Qasım var, bir video ilə nə qədər baxış əldə etdi, camaat belə şeylərə maraqlıdır.
Zövq bərbad gündədir. Mənim oxuduqlarıma “toy mahnıları” deyirlər, amma öz oxuduqlarıma baxıram ki, indikilərin yanında bir əsərdir. İlhamə Quliyevaya bir dəfə efirə zəng edib demişdi ki, “Əlikram, sənin oxuduğun mahnılarda məna var”. Məndə şeiriyyat var. Buna görə son vaxtlar heç təzə mahnı oxumuram. Adam utanır, vallah. Özü də o cür oxuyanları necə sevirlər, cangüdənlə gəzən kim, qorumaları yanından əskik etməyən kim…”
Ə. Bayramov gənc həmkarlarına sadə olmağı tövsiyə edib:
“Mən özüm sadə adamam, məşhur olanda nə olar? Tez-tez Bilgəh çimərliyində oluram, nə vaxt gəlsəniz məni orada insanların arasında görə bilərsiniz, onlarla bir yerdə çimirəm. Bizim millət kimi gözəl millət yoxdur. Bu millət 44 gündə Qarabağı azad etdi, onların başına dönüm, bizə çörək verən məhz onlardır. Özünü dartmaqla qabağa gedə bilməzsən, nə qədər sadə olsan, bir o qədər səni sevəcəklər.
Birinin imkanı olur, birinin olmur ucuz qiymətə toyuna gedirəm. O gün Neftçalada bir qazi toyunda oxudum, nə qədər qazi dostları gəlmişdi, birinin qolu, birinin ayağı yoxdur. Onlara qurban olum. Axırda toy yiyəsi gətirib pulumu vermək istəyəndə götürmədim, dedim pul istəmirəm, sən istəyirsənsə, üç-beş manat musiqiçilərə verərsən, istəməsən vermə. Mən heç vaxt bu millətdən uzaq düşmürəm”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız