Müğənnilərin toy qiymətləri hər zaman insanların marağında olub.
Bəzi sənətçilərin fantastik toy qiymətləri olsa belə, bu amil insanları onlardan uzaqlaşdırmayıb. Lakin pandemiyadan sonra qiymətlər bu sahədən qazanan hər kəsə, o cümlədən müğənnilərə də təsir göstərib.
Mövzu ilə Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bildirib ki, yerli məşhurlar toylara elə də fantastik qiymətə getmirlər:
“Mənim fikrimcə, bizim müğənnilərimiz məclisə dəvət alanda xalqı düşünürlər. Onlar yetərincə endirim edir, yeri gələndə lap pulsuz da məclislərə gedirlər. Müğənniləri niyə bu qədər tənqid atəşinə tuturlar anlamıram. Kimin gücü haqqı tapdalayana çatmırsa, başlayır müğənniləri daş-qalaq etməyə. Müğənni də mahnını pulla alır, pul verib aranjeman edir, klip çəkdirir, başdan ayağa hər şey puldur. Müğənni də ailə saxlayır, onun da xərcləri çoxdur. Biz müğənnilər bir mahnını ərsəyə gətirmək üçün təxmini 8-10 min pul xərcləyirik. Söhbət yaxşı mahnı, yaxşı aranjemandan, studiyadan gedir. İfaçılar qazandığı pulu tək özü götürüb getmir, ansanbl dolandırır, 10-12 nəfər müğənninin əlinə baxır, gəlib onunla birgə məclisdə çıxış edib qonorarlarını alırlar”.
Sənətçi hazırda restoran menyularının müğənnillərin toy qiymətlərindən daha baha olduğunu deyib:
“Bu gün restoranların menyusundan heç kəs danışmır, hamı müğənninin toy qiymətini müzakirə edir. Restoranlarda adambaşı 200-250 manatlıq menyular var. Niyə heç kəs bundan bəhs eləmir? Başdan-ayağa israfçılıq deyilmi? Müğənni də gəlib əziyyət çəkir, məclisin əvvəlindən axırına qədər təlaş içində olur. Mən özümdən misal çəkəcəyəm, toyun əvvəlindən, ta axırına qədər ayaq üstə dayanıram. Bəzən bir ya iki dəfə otururam. Daima məclisi nəzarət altında saxlayıram, gözüm bəydə, gəlində qalır, bu böyük məsuliyyətdir. Çalışıram hər şey mükəmməl keçsin. Hər şeyi öhdəmizə götürürük ki, mahnılar, rəqslər yerli-yerində olsun, məclis şən, yaddaqalan keçsin”.
X.Şuşalı bildirib ki, karantindən öncə də, sonra da “əl yandıran” toy qiyməti olmayıb və güzəştlərə hər zaman açıq olub:
“Karantin olan vaxt insanlar ən çox müğənnilərə üz tuturdu. ən çox yardımlar edən də məhz müğənnilər idi. Niyə bunları demirlər? Ancaq mənfiləri göstərməyə çalışırlar. Ola bilər kimlərsə absurd qiymətlər deyirlər. Onlar toylara getmək istəmirlər, ona görə bu cür qiymətlər deyirlər. Amma mənim toy qiymətlərim hər zaman münasib olub. Nəzərə almaq lazımdır müğənninin də xərcləri var, geyim-keçimi, saçı, makiyajı... Bunların hamısına pul lazımdır. Allah hamıya ruzi yetirsin. Hər şey insafla olarsa, daha yaxşı olar. O qədər olub ki, məclislərə pulsuz getmişəm, yaxud imkanı olmayıb ucuz qiymətə gedib oxumuşam. Mən belə şeylərə mütləq fikir verirəm. İnsaf dinin yarısıdır. Kiminsə atası, anası yoxdursa, öz vicdanıma uyğun onlara endirim edirəm. Həmişə qiyməti münasib demişəm ki, qoy qiymət az olsun, amma həmişə toylarımız olsun. Biz də xalqdan dolanırıq, gərək hər şeyi onların cibinə uyğun edək. Ayda 5 yox, 10 toy oxu, nolacaq? Təki münasib elə. Zatən biz toydan toy tuturuq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız