Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, ötən gün döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən Azərbaycan Silahlı Qüvvələri qarşısında bir daha acizliyini nümayiş etdirib.
"Döyüş bayrağını qoyub qaçan hərbi hissə məhv olmuş sayılır"
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, döyüş bayrağı hərbi hissələrin şərəf və ləyaqəti sayılır. İstər dinc, istərsə də müharibə şəraitində döyüş bayrağını itirmiş hərbi hissə dərhal ləğv olunur: “Bu, həm də şərəf və ləyaqətini itirmək anlamına gəlir. Hərbi hissənin ləğv olunması orada xidmət göstərən əsgər və zabitlərin müxtəlif hərbi hissələrə köçürülməsi prosesinə səbəb olur, nəticədə həmin hərbi hissə ümumiyyətlə, sənədləşmədən çıxarılır, yəni yaşamaq haqqını itirir. Döyüş bayrağı hərbi hissənin imzasıdır. Döyüş bayrağını qoyub qaçan hərbi hissə isə məhv olmuş hərbi hissədir. Biz I və II Dünya Müharibəsində də döyüş bayrağı ilə bağlı maraqlı hadisələrin şahidi olmuşuq. Əsgər yaralanır, amma döyüş bayrağını əlində dik tutur. Yaxud döyüş bayrağını daşıyan əsgər həlak olur, o, yerə yıxılanda başqa əsgərlər o bayrağı yerdən qaldırıb başlarının üstündə tuturlar. Ermənilər döyüş bayrağını qoyub qaçıblar”.
"Ordumuz düşmənin döyüş bayraqlarının hamısını ələ keçirəcək"
Həmsöhbətimiz vurğulayıb ki, ermənilər Qarabağa ordu yeritməklə, dinc insanları atəşə tutmaqla, qocaları, qadınları, azyaşlı uşaqları qətlə yetirməklə döyüş bayrağını çoxdan itirmişdilər: “Yəni müharibənin öz qanunları var. Bir əsgərin dinc sakinə atəş açması, yaxud zorakılıq əməllərinə yol verməsi artıq o əsgərin şərəf və ləyaqətini itirməsi deməkdir. Biz zaman-zaman bunun şahidi olmuşuq. Bu gün onlar dinc əhalimizi atəşə tuturlar. Bu, Xocalıda, Ağdabanda, Qaradağlıda törədilən hərbi cinayətlərin davamıdır. Bütün bunları nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, ümumiyyətlə, ermənilərin Qarabağda yerləşən bütün hərbi hissələri öz döyüş bayraqlarını-şərəf və ləyaqətlərini çoxdan itiriblər, sadəcə biz bu gün həmin görüntülərlə üz-üzə dayanırıq. Təbii ki, bunun arxasında Azərbaycan ordusunun əsgər və zabitləri, iradəsi, xarakteri dayanır. Biz çox susduq, dözdük, səbr elədik, ancaq bunun qarşılığında onların təxribat faktlarını gördük. Onların siyasi rəhbərlərinin siyasi əxlaqsızlığını gördük. 2019-cu ildə David Tonayan Ermənistanın Müdafiə naziri kimi bəyan etmişdi ki, biz nəinki o torpaqları geri qaytarmayacağıq, hətta Azərbaycana qarşı yeni ərazi iddiaları da irəli sürəcəyik. Ondan sonra Tonayandan həyasızlığına görə heç də geri qalmayan Paşinyan da bəyanat verdi ki, Qarabağ Ermənistandır. Şuşanın paytaxt olması, inaqurasiyanın orada keçirilməsi onların şərəf və ləyaqətlərinin itirilməsi anlamına gəlir. Azərbaycan ordusu o döyüş bayraqlarının hamısını bir-bir ələ keçirəcək.
"Onların Qarabağda yerləşməsi hərbi cinayətdir"
Hərbi ekspert qeyd edib ki, Azərbaycan əsgərindən fərqli olaraq Ermənistan əsgəri bu gün yad torpaqda döyüşür: “Həmin torpaqlara onminlərlə dinc Azərbaycan insanının qanı tökülüb, mülki əhaliyə divan tutulub. İstər beynəlxalq, istər regional, istərsə də yerli hüquq baxımından onların Qarabağda yerləşməsi hərbi cinayətdir. Ricardas Lapaitis adlı litvalı hərbi jurnalist var, mənim həmkarımdır. O, birinci Qarabağ savaşında Xocalı faciəsini öz gözləri ilə görüb və bundan çox təsirlənib. O, vətəninə qayıtdıqdan sonra Xocalı hadisələri haqqında bir kəlmə ilə öz fikrini belə izah etmişdi ki, Ermənistan dövləti, ordusu, əsgəri üçün müqəddəs heç nə yoxdur. Bu gün ermənilərin təxribatına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatlarına da Ricardas Lapaitis münasibət bildirərək qeyd edib ki, nəhayət, Allah xocalıların duasını eşitdi. Sarkisyan müsahibələrindən birində bildirmişdi ki, "Xocalı faciəsinə kimi azərbaycanlılar ermənilərin dinc əhaliyə əl qaldırmayacağını düşünürdülər, biz bu stereotipi sındırdıq". Mən təqribən 25 il ordu sıralarında xidmət etmişəm. Əsgər, zabit şərəfinin nə olduğunu gözəl bilirəm. Yaxşı əsgər heç vaxt uşağa güllə atmaz, qadına əl qaldırmaz, qocalara aqressiya sərgiləməz”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız