Gürcüstanın müxalifət partiyaları parlamentdə səlahiyyətlərini ictimai formada dayandırıblar. Bununla bağlı birgə memorandum imzalanıb. Sənədə əsasən, deputat mandatlarından Vahid Milli Hərəkat, Avropalı Gürcüstan, “Aqmaşenebeli strategiyası” hərəkatı, “Lelo” və Leyboristlər Partiyası imtina edib. “Qirçi”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Vətənpərvərlər Alyansı parlamenti boykota qoşulsalar da, sənədi imzalamayıblar. Gürcüstan parlamentində təmsil olunmaq üçün deputat mandatları əldə etmiş ümumilikdə 8 müxalifət partiyası seçkilərin nəticəsini tanımayıb. Bu günə qədər iqtidar və müxalifət arasında 4 dəfə danışıqlar aparılsa da, heç bir razılıq əldə olunmayıb. Tərəflərin növbəti dialoqunun dekabrın 14-də keçiriləcəyi gözlənilir.
Parlamentinin sabiq deputatı, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov Yenisabah.az-a açıqlamasında bildirib ki, Gürcüstanda 31 oktyabr parlament seçkilərinin nəticəsini müxalifət partiyalarının heç biri tanımaq niyyətində deyil:
“Son seçkilərdə Gürcüstan parlamentində 3 azərbaycanlı mandat əldə etmişdi. Lakin bildiyim qədərilə onlardan biri - Abdulla İsmayılov artıq bu gün parlamentdə təmsil olunmaqdan imtina ilə bağlı ərizə yazıb. Çünki seçki nəticələri bu dəfə Gürcüstanın hər bir yerində saxtalaşdırıldı. Basqın, şantaj və rüşvətlə səs alınması kimi faktlar var”. Toyuqlu pizza
Həmsöhbətimiz vurğulayıb ki, əgər real seçki keçirilsəydi, bu gün yenə Gürcü Arzusu Partiyası müxalifətdə olacaqdı:
“Çünki reallıqda ən çox səs alan bizim partiyadır. 56 faizdən çox səs toplamışdıq. Gürcü Arzusu Partiyası isə 40 faizi keçə bilməmişdi. Bundan xəbərdar olduqlarına görə onlar müxtəlif yollarla özlərinə faizlər əlavə etdilər. Heç bir məntəqədə balans düz gəlmədi. Nəticədə müxalifət partiyalarının hamısı bir qərara gəldi ki, bu seçkinin nəticəsi tanımasın. Bildirim ki, parlamentə getmək niyyətimiz yoxdur. Bu səbəblə məsələyə Amerika və Avropa səfirləri qarışdı. Nəticədə müxalifətlə iqtidarın arasında 4 dəfə görüş baş tutdu. Amma sonuncu görüşdən biz imtina etdik. Çünki keçmiş parlamentin rəhbəri İrak Kobakidze bəyanat verdi ki, əgər parlamentə girməsək, dövlətdən bütün maliyyə dəstəyi kəsiləcək və onların parlamentdə birinci qanunları o olacaq ki, Ədliyyə Nazirliyində Vahid Milli Hərəkat Partiyasının qeydiyyatı baş tutmasın. Yəni açıq şəkildə hədə-qorxu gəldilər. İndi Avropa və Amerika səfirləri müşahidəçi kimi istəyir ki, biz hansısa ortaq məxrəcə gələk”.
Azər Süleymanov Gürcüstanda müxalifətin 4 tələbi olduğunu diqqətə çatdırıb:
“Ən əsas tələbimiz odur ki, yenidən parlament seçkiləri keçirilsin. Bununla yanaşı siyasi məhbuslar buraxılsın, seçki qanununda dəyişikliklər olsun və MSK-nın sədri, bütövlükdə MSK-da vəzifə tutan hər kəs dəyişsin. Çünki qeyri-adekvat olan, seçkinin nəticəsini dəyişən hər kəs vəzifədən getməlidir”.
Sabiq deputat qeyd edib ki, əgər bu danışıqlara dövlət hazır deyilsə, müxalifət partiyası parlamentdə təmsil olunmayacaq:
“Artıq konstitusionistlər çıxış edirlər ki, bu parlament qeyri-legitim olacaq. Çünki parlamentin davam etməsi üçün 2/3 hissənin iştirakı lazımdır və bu, 100 deputat deməkdir. Lakin bu gün Gürcü Arzusu Partiyası cəmi 90 deputatla təmsil olunur. Heç kim də parlamentə getmək niyyətində deyil. Həmçini beynəlxalq aləmdə də gərək, onlar hara getsələr, yanlarında müxalifətdən də təmsilçi olsun, iki vitse-spiker yeri olmalıdır. Parlamentdə bəzi qanunlar var. Məsələn Konstitusiyanın dəyişməsi üçün 113 səs lazımdır. Yəni mövcud parlamentlə hər hansı Konstitusiya dəyişikliyindən söhbət gedə bilməz. O cümlədən 100-ə yaxın səsi olmalı olan qanunlar var ki, burada müxalifətin səsinin olması vacibdir. Yəni demək olar ki, bugünkü Gürcüstan parlamenti siyasi impotentdir. Heç nəyə qadir ola bilməyəcək. Gürcü Arzusu Partiyası yenidən seçkiyə getməyə məcbur olacaq”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız