Son dövrlər dünyanın bir çox yerində diskriminasiyanın, milli-dini ədavətin yüksələn xətlə inkişaf etməsi müşahidə olunmaqdadır. Qlobal problemə çevrilən bu amil özündə olduqca mənfi təzahürləri əks etdirir. Belə bir hal insanlar arasında uçurum yaradır. Bütün bunların əksinə, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir.
Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. Əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidələr, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarını, dini mərasimlərini keçirilməsi üçün şərait yaradır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Tarixin hər dövründə müxtəlif milli və dini icmalar Azərbaycanda əmin-amanlıq, qarşılıqlı tolerantlıq şəraitində yaşayıb. Biz bu həmrəyliyin ən böyük nəticəsini məhz Birinci və İkinci Qarabağ müharibəsində əsaslı şəkildə gördük. Ölkəmizdə olan bütün milli və dini icmaların nümayəndələri öz mənsubiyyətlərindən asılı olmayaraq vahid amal uğrunda – vətənin bölünməzliyi yolunda qanlarının son damlasına qədər döyüşdü. Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş çoxlu sayda belə oğullar var. Bəs görəsən, ölkəmizdə belə nümunəvi mühitin yaranmasının başlıca sirri nədir? pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Müşfiq Əsgərov bildirib ki, bu tolerantlıq həm Azərbaycan xalqının, həm də İslam dininin əsas dəyərlərində mövcuddur:

“Ümumiyyətlə tarix boyunca baxdığım zaman, İslam dininin özü milli-mənəvi dəyərlər üzərində qurulub. İstər peyğəmbərimizin, istərsə də növbəti islam xəlifələri və hökmdarlarının dövründə, hərb və fütuhat zamanlarında qeyri-müsəlmanların dini ibadətlərinə, onların məbədlərinə heç bir halda toxunulmayıb.
Eyni zamanda ölkəmizdə də, tarix boyu eyni tendensiya müşahidə olunub. Hətta, yaxın keçmişə nəzər salsaq, cənab prezidentimiz, Ali baş komandanımız İlham Əliyev işğalda olan torpaqlarımız azad edildiyi zaman bütün məscidlərin və digər dinlərə aid ibadət ocaqlarının əsaslı təmiri ilə bağlı göstəriş verdi.
Bu istər dini, istərsə də milli nöqteyi-nəzərdən Azərbaycanda olan tolerant və qarşılıqlı hörmət dəyərlərindən irəli gəlir. Cənab prezident də, bu ənənələri möhkəm və layiqli formada davam etdirir. O, dəfələrlə vurğulayıb ki, Azərbaycan dini, milli tolerantlıq, multikultural ənənələr baxımından bütün dünyaya bir örnəkdir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov ölkəmizdə olan multikultural mühiti Azərbaycan xalqının tarixi uğuru kimi qiymətləndirib:
“Tarix boyu Azərbaycanda müxtəlif dinlərin, xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Dini-etnik müstəvidə hansısa bir münaqişə olmayıb. Bu mənada Azərbaycan bu gün dünyada unikal nümunələrdən biridir. Biz bunu dünya ölkələri tərəfindən ölkəmizə olan diqqət və ehtiramda da açıq-aydın görürük.

Azərbaycan müsəlmanların çoxluqda yaşadığı ölkə olmasına baxmayaraq, ölkəmizdə bütün dinlərin, xalqların nümayəndələrinə bərabər şərait yaradılıb. Bu Azərbaycanın böyük bir uğurudur. Burada yaşayan istər xristianlar, istərsə də yəhudilər Azərbaycanı öz doğma vətənləri hesab edirlər. Onlar belə bir ölkədə yaşamaqları ilə fəxr edirlər. Dövlətimizin onlara diqqət və qayğısını ən yüksək formada qiymətləndirirlər”.
Deputat dövlətin bu istiqamətdə olduqca ciddi və uğurlu işlər gördüyünü diqqətə çatdırıb:
“Bu ilkin olaraq, Azərbaycan xalqının tarixi təcrübəsindən irəli gəlir. Yəni bizdə bu mədəniyyət tarix boyu formalaşıb. Bütün xalqlar Azərbaycanda qarşılıqlı anlaşma və sülh şəraitində yaşamaq üçün çalışıblar. Bu gün ölkəmizdə bu mənada bir ənənə və təcrübə formalaşıb. Bu bizim tarixi uğurumuzdur. Biz bu uğuru hamılıqla qazanmışıq.
Digər önəmli amil isə, bizim dinimizin roludur. İslam bütün dinlərə, xalqlara bərabər yanaşmağı, onlara hörmət etməyi vacib hesab edir. Bu din multikutural, tolerant dindir, öz ardıcıllarına da bunu təlqin edir. Müasir dövrdə dövlətin bu mövzuda həyata keçirdiyi siyasətin çox böyük rolu var. Bu gün Azərbaycan dövləti belə bir siyasəti uğurla həyata keçirir. Yəni dövlət etiqad azadlığını ən yüksək səviyyədə təmin edir. Heç bir dinlə digəri arasında fərq qoymur.
Cənab prezidentin rəhbərliyi altında Azərbaycanda hər il dövlət büdcəsindən ölkəmizdə fəaliyyət göstərən dini icmalara, mərkəzlərə böyük bir vəsait ayrılır. Bu vəsait onların fəaliyyətinin yüksək səviyyədə qurulmasına öz ciddi və müsbət təsirini göstərir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız