“10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu müddəasında qeyd olunub ki, regiondakı bütün kommunikasiyalar açılmalı və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yol Ermənistan ərazisindən keçməklə fəaliyyət göstərməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
O, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətləri və Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. pizza hut
Xatırladaq ki, rusiyalı rəsmi açıqlamasında 10 noyabr 2020-ci il sənədini əsas gətirərək regionda bütün kommunikasiyaların açılmasının vacib olduğunu dilə gətirib. Lavrov əlavə edib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedəcək alternativ yol olmadığı üçün İrəvan mütləq şəkildə bu məsələni qəbul etmək məcburiyyətindədir.
F. Sadıxovun fikrincə, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq sənədi inkar edib, sənəddə bu məsələlərin olmadığını bildirib:
“Bunlar tamamilə əsassız ifadələrdir. Çünki dəmir yolu uzun illər, hətta sovet dövründə fəaliyyət göstərib. Bu yolun açılması rəsmi şəkildə İrəvanın üzərinə düşür və onlar bunu açmağa borcludurlar”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ifadələrə gəlincə, mövqeyimizin Rusiya ilə üst-üstə düşməsi görüntüsü yaranır. Amma səbəb budur ki, Moskva, sadəcə olaraq, Paşinyanı qəbul etmir. Çünki hesab edir ki, Paşinyan Qərbyönlü siyasətçidir, üzünü Qərbə doğru çevirir və Lavrovun dediyi kimi onlarla pıçıldaşır, onların sözünə baxır. Məhz buna görə də İrəvan hazırda belə bir mövqe tutub”.
Politoloqun sözlərinə görə, Lavrovun bəyanatı Azərbaycana sevgisindən irəli gəlmir və bunun altında digər amillər yatır:
“Əksinə, o, Ermənistana belə bir yanaşma nümayiş etdirir. Əgər Lavrov Zəngəzur dəhlizinin açılmasının vacib hesab edirsə, müttəfiqləri Ermənistana bu yöndə təzyiqlər etməlidir ki, dəhliz açılsın. Buna etiraz etmirik və bu olarsa, sadəcə, sevinə bilərik. Təkrar edirəm, Moskva bunu etsə... Lakin mən buna şübhə edirəm. Reallıq budur ki, özümüz Ermənistana təzyiqi davam etdirməliyik”.
Rafi MÜSLÜMOV

Telegram kanalımız