Əsgərlik xatirəm: Olduğu kimi...

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlik xatirəm: Olduğu kimi...

Sosial

26 İyun 2024 18:02 1393


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Ölkə üçün bəlkə də ən mühüm gündür. Ordu dövlətin var oluşudur. Ordu haqda, qəhrəman əsgərlər haqda çox yazılıb və yazılacaq. Mən isə bu yazıda nə qəhrəmanlıqdan, nə də damarımızda qaynayan vətənpərvərlik hisslərindən yazacam. Əsgərlik xatirələrimdən biri haqda danışmaq istəyirəm. Pafosdan kənar, olduğu kimi...

Əsgərlik xatirələri kişilər üçün elə bir mövzudur ki, günlərlə danışsa da bitməz. 10 il sonra da, 50 il sonra da sanki dünən olmuş kimi yaddaşında qalır.

Vətən sərhəddən başlayır. Həm quru, həm su, həm də hava sərhədindən. Biz vətənimizin hava sərhədlərini müdafiə edirdik. Dəniz səviyyəsindən 2493 metr yüksəklikdə, Kömürgöy zirvəsində.  pizza hut

Bizim hərbi hissədə əsgərlərin ən böyük problemi siqaret idi. Yayda bu problemi qismən asan həll etmək olurdu. Ən yaxın kəndə 4-5 saata gedib-gəlirdik. Qışda isə bu, çətinləşirdi. Yollar qarla örtülür, gediş-gəliş dayanır, yalnız ayda 1 dəfə hərbi hissənin əsgər və zabitlərinin maaşlarını gətirmək üçün rayon mərkəzinə gedənlər bizim siqaret ehtiyacımızı qismən təmin edirdi. O da ayın yarısına kimi bitirdi.

2003-cü il yanvar ayının sonları idi. Heç kimdə siqaret adına heç nə qalmamışdı. «Maxolka» da bitmişdi. Bəzi əsgərlər hətta quruçayı büküb çəkirdi. Amma o zəhrimar kimi bir dad verirdi. Mən cəmi 1 dəfə yoxladım. Normal adam onu çəkə bilməzdi.

Günün birinci yarısında mən - Məmmədov, Cabbarov və Adıgözəlov qərara gəldik ki, kəndə gedib siqaret alaq. Özü də hərbi hissə rəhbərliyinə xəbər vermədən. Və sonra beynimizə axmaq bir fikir gəldi. Biz həmişə Lerik rayonunun Orand kəndinə getmişik, bu kəndin yolunu əzbər bilirik. Kənd hərbi hissədən görünmür. Amma Yardımlının Alar kəndi gözlə görünən yerdə idi. Hava aydın olanda elə bil ovucumuzun içində olurdu. Bizə gəl-gəl deyirdi. Həmin vaxta kimi hərbi hissədən Alar kəndinə gedən əsgər olmamışdı. Düşündük ki, nə var, kənd gözümüzün qarşısındadır. Ən geci 4-5 saata gedib qayıdarıq. Maksimum axşam yeməyinə çatarıq.

Və beləcə 3 əsgər yola düzəldik. Elə bir az getmişdik ki, özümüzü dərədə gördük. Kəndin yaxın görünməsinə baxmayaraq, bir neçə dəfə dərəyə enib qalxmalı olursan. Bu da bizi yanıltdı, istiqaməti itirdik. Saatlarla gah dərəyə endik, gah zirvəyə qalxdıq. Mövsüm boyu yağan qar adam hündürlükdə olsa da donmuşdu, onun üstü ilə yeriyirdik. Təzə yağan qar isə dizdən idi, yerimək asan deyildi. 

Təpənin beli ilə bir xətt üzrə yeriyirdik. Birdən ayağım sürüşdü və dərə boyunca sürətlə aşağı yuvarlandım. Uşaqlara qışqırdım ki, yerlərində dayansınlar. Sürüşdüyüm istiqamətə baxanda ağac gördüm və əlimi atıb ondan yapışdım. Sən demə dərə burada bitir və sıldırım başlayırmış. Qorxudan titrədim və o sürüşdüyüm yeri bir an içində elə sürətlə yuxarı dırmandım ki...

Beləcə saatlar keçir biz istiqaməti tapa bilmirdik. Artıq qaranlıq düşürdü. 8 saat idi ki, mənfi dərəcə soyuqda əlləşirdik.

Ac canavarlar ulaşmağa başladı. Biz hər ehtimal özümüzlə bıçaq və fənər götürmüşdük. Amma qorxurduq...

Uzatmadan deyim ki, gündüz saat 12-də hərbi hissədən çıxan biz gecə 11-də kəndi tapdıq. Kəndi tapmağımıza isə qarşımıza çıxan balaca dağ çayı kömək oldu. Çayın içi ilə hərəkət etdik. Bilirdik ki, çay əvvəl-axır kənddən keçəcək. Buz kimi qarın söyuğundan sonra çayın suyu bizə hamam suyu qədər isti gəlmişdi.

Kənddə ilk qarşımıza çıxan evin qapısını döydük. Sağ olsunlar, bizi qarşıladılar, isti sobanın kənarında əyləşdirib yemək, çay verdilər. Botinkalarımız yaş olsa da qalın çorablar verdilər. Özləri bizə siqaret alıb gətirdilər və yol saldılar. Özü də tək yola salmadılar, bələdçi verdilər. 11 saata gəldiyimiz yolu bələdçinin atının quyruğundan tutaraq 3 saata qayıtdıq.

Hərbi hissəyə çatanda aləm bir-birinə dəymişdi. Hamı bizi axtarırdı, dağlarda, dərələrdə, qar altında, qar üstündə... Sən demə biz çıxandan az sonra hərbi hissə rəhbərliyi xəbər tutub. Özü də bizim Alara getdiyimizi 1 əsgərdən başqa heç kim bilmirdi. O da işin böyüdüyünü görüb, heç nədən xəbərinin olmadığını deyib. Ona görə də bizi tam əks istiqamətdə axtarıblar.

Az sonra bütün axtaranlar geri qayıtdı. Həmin vaxt komandirimiz məzuniyyətdə, Gəncədə idi. Hətta o məzuniyyətini yarımçıq qoyub Lerikə qayıtmışdı. Səhər açılanda hərbi hissəyə gələcəkdi.

Bütün zabitlər, gizirlər, dostlarımız sağ-salamat qayıtdığımıza sevindilər. Heç bir artıq hərəkət olmadı. Sadəcə zabit dostlarımızdan biri söyüş söydükdə özümü saxlaya bilmədim. Kazarmada bir-birimizə girdik. Bizi aralaşdırdılar.

Nə qədər yatdığımızı bilmirəm. Bir də məni onda ayıltdılar ki, komandir gəlib, sizi çağırır. Üçümüz də boynu bükük zabitlərin yaşadığı «qorodok»dakı evlərin birində komandirin qarşısında dayandıq. Mən hiss edirdim ki, komandir çox əsəbidir və hər şey ola bilər. Arxamı çevirdiyim pəncərənin önündə «atfyorka» vardı. Gizlincə onu götürüb arxamda saxladım. Məni vursa və ya söyüş söysə idi vuracaqdım. Amma bizim komandir qızıl adam idi. Heç vaxt onun dilindən təhqir eşitmədim. 

Komandir düz 1 saat dayanmadan danışdı, danladı, qanunları xatırlatdı. Bu bir böyüyün, qardaşın məsləhəti idi. Bizi evdə gözləyənlərin olduğunu dedi. Ağıllı, dəyərli nəsihətlər dinlədik. "Gedə bilərsiniz" sözündən sonra xata-balasız qurtardığımıza sevindim, «atfyorka»nı götürdüyüm kimi də yerinə qoydum.

«Qorodok»dan çıxanda bizə söyüş söyən zabit yaxınlaşdı və üzr istədi. O da mədəni adam idi, ali təhsili və hava hücumundan müdafiə üzrə mütəxəssis idi. Barışdıq...

Ötən il komandirimizlə görüşəndə bu hadisəni xatırlatmışdı. Və demişdi: "Sən elə bilirsən ki, o vaxt «atfyorka»nı götürdüyünü görməmişdim?!"

Sağ ol Komandir. Bu gün daha çox sənin bayramındır. Təbrik edirəm, cənab polkovnik! 

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!