Kirayə mənzil bazarında ev sahibləri kirayəşin seçərkən müxtəlif nüanslara diqqət edir. Əksər hallarda azyaşlı övladları olan gənc ailələr və oğlan tələbələrin kirayə mənzil müraciətlərinə mənfi cavab verilir. Bunun isə müxtəlif səbəbləri olur. Ev sahibləri daha çox uşaqları yetkinlik yaşına çatmış ailələrə və tələbə qızlara üstünlük verməkdədir.
Bəs görəsən, bu tendensiyanın səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, oğlan tələbələr və azyaşlı uşağı olan ailələr bəzi hallarda ev sahibkarları üçün problemlər yaradır: pizza
“Vətəndaş daşınmaz əmlakını istənilən şəxsə kirayə verə bilər. Bu, onun xüsusi mülkiyyətidir. Adətən, ev sahibləri evlərini gənc və çoxuşaqlı ailələrə kirayəyə vermək istəmirlər. Xüsusən də uşaqların yaşı az olanda əksər hallarda, evin divarını, oboyunu və digər təmir materillarını sıradan çıxarırlar.
Bundan əlavə, kirayə müraciətlərində övladları böyük olan ailələrə və tələbə qızlara üstünlük verilir. Səbəb odur ki, evi oğlanlara kirayə verəndə bir sıra problemlər meydana çıxır. Məsələn, evi 3 oğlan kirayə götürür, lakin sonra məlum olur ki, həmin evdə 5 nəfər qalırmış. Təmizlik baxımından tələbə qızlar və evdar xanımlar evə daha yaxşı baxırlar”.
Ekspertin fikrincə, bu məsələdə Avropa nümunəsindən istifadə etmək olar:
“Bizdə bir reallıq da var ki, evi hansısa tək yaşayan xanım və yaxud kişi kirayə götürür və bir müddət sonra məlum olur ki, ev qeyri-etik məqsədlər üçün istifadə edilir. Bəzən hətta kirayə evləri əxlaqsızlıq yuvasına çevirənlər də olur. Bu baxımdan ev sahibləri əmlakı problem yaratmayan və səliqəli ailələrə verməyə üstünlük verirlər. Amma tələbə oğlanların da, çoxuşaqlı ailələrin də kirayə qalmaq hüququ var. Lakin təəssüflər olsun ki, bu gün evlərin baha olması və yaxud tələbə yataqxanalarının olmaması müəyyən problemlər yaradır. Məsələn, Avropa praktikasında bələdiyyə evləri anlayışı var. Yəni hansısa vətəndaş bir zaman sonra işini itirirsə və kirayəni ödəmək gücündə deyilsə, bələdiyyələrə müraciət edir və bələdiyyə evlərində daha ucuz qiymətə kirayədə qala bilir. Bu baxımdan Azərbaycanda da bu təcrübədən istifadə etmək olar”.
Nazim Hacıyev
Telegram kanalımız