Azərbaycanın kəskin etirazından sonra Rusiya sülhməramlıları tərəfindən dekabrın 13-də yayımlanan xəritə dəyişdirildi.
Yenisabah.az xatırladır ki, dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə yaymışdı.
Xəritədə Rusiya sülhməramlılarının nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan Ordusunun nəzarətindədir və buna görə də həmin xəritə həqiqəti əks etdirmirdi. Dördpendirli pizza
Azərbaycan dərhal buna kəskin etirazını bildirərək Rusiya sülhməramlıların üçtərəfli sazişin müddəalarını pozduğunu bəyan etdi. Eyni zamanda Qarabağda yaranan gərginliyin arxasında Rusiyanın dayanması barədə şübhələrin olduğu açıq mətnlə ifadə edildi.
Söhbət Qarabağda “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin törətdiyi təxribatdan gedir. Azərbaycan humanizm nümayiş etdirərək onların çıxması üçün şərait yaratsa da, erməni silahlıları orada möhkəmlənməyə çalışıblar.
Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları isə Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib. Nəticədə ölən və yaralananlar olub.
Bölgədə sülhün qorunmasına məsul olan Rusiya süıhməramlıları isə bunu görməzdən gəlməklə missiyalarını yerinə yetirməyə həvəs göstərməyiblər.
Baxmayaraq ki, Azərbaycan dərhal sülhməramlılarla əlaqə yaradaraq məsələnin ciddiliyini onların diqqətinə çatdırıb. Bundan sonra isə Bakı antiterror əməliyyatı keçirərək həmin əraziləri terrorçulardan təmizləyib.
Bu hadisə çoxsaylı mülahizələrə səbəb olub. Ekspertlər hesab edir ki, erməni terrorçularının hücumu İrəvanın təhriki ilə deyil, bölgədə öz maraqlarına uyğun status-kvo yaratmağa çalışan Kremlin dəstəyi ilə baş verib.
Bu olayın ardınca reallığı əks etdirməyən xəritənin ortaya çıxması Moskvanın gərginlikdə maraqlı olduğuna dair şübhələri bir qədər də artırıb və Rusiya sülhməramlılarının bölgədən çıxarılması gündəmə gəlib. Hətta bununla əlaqədar petisiya da yaradılıb.
Azərbaycanın dirənişi həqiqəti əks etdirməyən xəritənin yenisi ilə əvəzlənməsinə səbəb olub. Rusiya sülhməramlıları əvvəlki xəritədə “nəzarətə” aldıqları əraziləri geri qaytarıblar.
Beləliklə, Azərbaycanın qətiyyət, milli birlik və siyasi iradə nümayişi nəticəsində ədalət bərpa edilib.
Eyni zamanda Bakı bu addımı ilə bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək.
Telegram kanalımız