Hikmət Mirzəyevin təyinatı, ermənilərin kəndləri boşaltması...  - “Yeni müharibə ehtimalı...”

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Mirzəyevin təyinatı, ermənilərin kəndləri boşaltması... - “Yeni müharibə ehtimalı...”

Siyasət

16 Yanvar 2024 22:18 2452


“Ermənistanla Azərbaycan arasında yeni bir müharibənin olması ehtimalı mümkün deyil. Artıq müharibə bölgədə tarixin yaddaşına köçüb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunmasının İrəvanda doğurduğu rezonansa münasibət bildirib. pizza

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyana yaxınlığı ilə seçilən erməni politoloq Vahram Atanesyan qeyd edib ki, general-leytenant Hikmət Mirzəyevin Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunması Ermənistan hakimiyyətində qorxuya səbəb olub. Onun sözlərinə görə, rəsmi İrəvan Azərbaycandakı bu təyinatı təhlükəli sayır.

Polkovnik Ü. Cəfərov isə əmindir ki, müharibə nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan mümkünsüzdür:

“Bu gün səhər saatlarına yayılan məlumata görə isə ermənilər Qazaxın anklav olmayan kənlərinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini boşaldırlar. Onlar bilirlər ki, Azərbaycanın verdiyi zaman limiti yaxın vaxtlarda başa çatacaq. Bu nöqteyi-nəzərdən, yəqin ki, ermənilər başqa yerdən köçürülmüş vətəndaşları oradan köçürürlər”.

Hərbi analitikin qənaətinə görə, ola bilər ki, anklav olmayan 4 kənd uğrunda müəyyən gərginlik yaşansın:

“Lakin Hikmət Mirzəyevin Quru Qoşunları komandanı təyin olunmasının erməniləri narahat etməsi absurddur. Bu, onları niyə narahat etməlidir? Ona qalsa, ermənilər hərbi istiqamətdə dəfələrlə müxtəlif addımlar atırlar ki, bu, bizi narahat etmir. Çünki biz bu məsələləri İrəvanın daxili işi kimi qəbul edirik. Hikmət Mirzəyevin sözügedən təyinatı 2020-ci il müharibəsindən sonra olsaydı, onda deyə bilərdik ki, ermənilərin narahatlığına əsas var. Lakin indi heç bir əsas yoxdur, Azərbaycan öz ordu quruculuğunu, müəyyən kadr dəyişikliklərini həyata keçirir. Ona görə də ermənilərin narahatlığı əbəsdir, boşdur. Çünki Azərbaycan hər hansı bir müharibəyə hazırlaşmır”.

“Əgər onlar düşünürlər ki, biz güc işlətməklə Zəngəzur dəhlizini açmağa hazırlaşırıq, sözün düzü, belə bir şey yoxdur və Ermənistanın Baş naziri Nikol Paşinyan da söyləyir ki, Azərbaycanla İran arasında Zəngəzurla bağlı olan şərtlər İrəvan üçün də keçərlidir. Yəni Azərbaycan bununla rahat şəkildə Naxçıvan Muxtar Respublikasına gedib-gəlmək imkanı əldə edə bilər”, – deyə o, əlavə edib.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, gələn həftənin sonlarında Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu görüşəcək:

“Görək, ermənilər bu dəfə nəyi təklif edib hansı qərarı verəcəklər. Böyük ehtimalla, Zəngəzurla bağlı məsələ yaxın vaxtlarda öz müsbət həllini tapmalıdır. Bu gün bölgədə müharibə riski yoxdur. Yəni regionda hər hansı bir münaqişə ocağı mövcud deyil ki, hansısa bir müharibə riski olsun”.

Ü. Cəfərov xatırladıb ki, Azərbaycanın anklav olmayan 4 kəndlə bağlı iddiasına cavab olaraq, İrəvan yenə dünəndən 32 kənd məsələsini gündəmə gətirməyə başlayıb:

“Çünki Ermənistan stəkanda fırtına qoparmağı xoşlayır. İsveçrədəki Davos sammitində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynla görüşüb müəyyən müzakirələr aparıb. Baş nazir Paşinyan da əlavə edib ki, İrəvan sülhün tərəfdarıdır. Ermənilərin bu açıqlamalarının səmimi olub-olmamasını yəqin ki, yaxın bir neçə gün ərzində görəcəyik”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!