Hökumət güzəştli qiymətlərə keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Hökumət güzəştli qiymətlərə keçə bilər

Sosial

06 İyul 2024 10:02 1157


“Bakıda nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra ictimai nəqliyyatda güzəştlərin və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər”. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. AYNA qeyd edib ki, "Müxtəlif əhali qrupları - tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”. 

Bildirilib ki, Bakıda əksər avtobus marşrutlarında nağdsız ödəniş sistemi tətbiq edilir. Paytaxtda 2000-dən artıq avtobus istismar olunur. Bu avtobuslardan 1 824-də nağdsız ödəniş üçün avadanlıq quraşdırılıb. Qeyd edək ki, son günlər aktual olan mövzulardan biri ictimai nəqliyyatda müəyyən qrup şəxslərə, tələbələrə, təqaüdçülərə, qazilərə, şəhid ailələrinə güzəştlərin tətbiq olunması ilə bağlıdır. 

Görünən odur ki, hazırda hökumət bu istiqamətdə hansısa addımlar atmaq niyyətindədir. Bu istiqamətdə tədbirlər nə vaxt reallaşacaq və xarici ölkələrdə ictimai nəqliyyatda müəyyən qruplara tətbiq olunan güzəştləri ölkəmizdə də görmək mümkün olacaqmı?  pizza mizza

VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir: 

"Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı". 

Onun sözlərinə görə, tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər: 

"İkincisi, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 % intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər". 

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa “Cümhuriyət” qəzetinə bildirib ki, güzəştlərin təmin olunması üçün mütləq nağdsız ödənişlər sistemi genişlənməlidir: 

“Bizdə də bu sistem aktiv işləmir. Hər halda bu məsələ üzərində düşünülməli və güzəştlər də olmalıdır. Çünki elə kateqoriya insanlar- tələbələr, təqaüdçülər və digər insanlar var ki, onlarla bağlı bu məsələ nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə təqaüdçülər hətta bələdiyyə ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Biz bunun haqqında da düşünməliyik. Çalışmalıyıq ki, məsələnin həllini gerçəkləşdirək. Çünki insanlar həm də ictimai nəqliyyatın keyfiyyəti ilə bağlı suallar yönəldirlər. Biz elə etməliyik ki, ictimai nəqliyyatın vaxtında işləməsi məsələsi də öz həllini tapsın ki, insan şəxsi nəqliyyatdan istifadə etməsin”. 

F. Mustafanın fikrincə, əlaqədar qurumlar ictimai nəqliyyatdan istifadəni stimullaşdırmalıdır:

“Ancaq keyfiyyəti yüksəldərək stimullaşdırmaq daha doğru istiqamət olardı”.

İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirib ki, bu gün əsas problemlərdən biri bəzi avtobuslarda kart sistemi ilə bağlı qurğuların quraşdırılmasının hələlik mümkün olmamasıdır: 

“Bunu bəzi nəqliyyatçılar söhbətlərində bildiriblər. Bu gün nağdsız ödənişə keçə bilməmələri bununla bağlıdır. Avtobus parkı yeniləndikcə, o qurğular quraşdırılacaq. Eyni zamanda, bu gün qiymət dəyişikliyinə getməklə paralel olaraq xidmət keyfiyyətini artırırıqsa, eləcə də hərəkətlərimizi müasir dövrün tələblərinə uyğunlaşdırmalıyıq. Bu da ondan ibarətdir ki, hazırda təbəqələrə diferensial yanaşma olmalıdır. Tələbələr, turistlər, təqaüdçülər üçün xüsusi tarif olmalıdır. Bunun üçün isə vahid sistemə keçmək lazımdır ki, tələbə, yaxud təqaüdçü öz kimliyini elektron şəkildə oxuda bilsin. Ancaq buna keçid mütləq lazımdır. Əgər bu gün tələbə gündə bir neçə dəfə marşrut dəyişsə, pulunu daha çox yollara sərf edəcək. Bunu nəzərə almaq lazımdır. 

Bütün bunların tətbiqi üçün vahid sistem lazımdır. Biz bununla bağlı zaman itirmişik. Ölkə rəhbərliyi hər cür şərait yaradır. Ancaq bəzi qurumlar işlərinə daha ciddi yanaşmalıdır”. 

İqtisadçı düşünür ki, bu, çətin və ağır işdir:

“Ancaq düşünürəm ki, reallaşdıracağıq. Hər cür- maddi, texniki imkanlarımız var. İndi yollarda xüsusi avtobus zolaqları yaradılır. Hamısı ona hesablanır ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadə etsinlər. Hazırda nağdsız ödənişlər istiqamətində hökumətdə işlər gedir. Ən əsası odur ki, onu necə inteqrasiya etsinlər. Bir elektron sənəd olmalıdır ki, orada oxunsun. Elə sahələr var ki, məsələn nəqliyyat, daim dövlətin dotasiyasındadır. Əslində bu gün nəqliyyatın xərci çoxdur. Çünki avtobuslar bahadır, daim istismar oluna bilmir. Çox sərfəli biznes deyil. Dövlətin dəstəyi var. Bir vətəndaşın daşınması 70-80 qəpiyə başa gəlir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!