“Kür çayında suyun səviyyəsi qalxır”.
Bunu “Yeni Sabah”a açıqlmasında Salyan rayon İcra Hakimiyyətinin İctimai və humanitar məsələlər üzrə şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhərrəm Məmmədov bildirib.
“Suyun səviyyəsinin qalxması ilə bağlı qabaqlayıcı tədbirlər görülür və görüləcəkdir. Sahil boyu ərazilərə tam nəzarət olunur. Hazırda heç bir təhlükəli vəziyyət qeydə alınmayıb”, - deyə M.Məmmədov qeyd edib. pizza
Regional Su Meliorasiya Xidmətinin mətbuat xidmətindən bildirilib ki, son dövrlərdə Azərbaycanın əksər bölgələrində intensiv yağıntılar nəticəsində əsasən şimal-qərb bölgəsinin çaylarında suyun səviyyəsinin artması qısamüddətli sel və subasma halları ilə nəticələnib:
“Kür çayında aparılan gündəlik müşahidə və monitorinq məlumatlarına əsasən, qış dövründə, ötən illərlə müqayisədə yağıntıların, o cümlədən qar örtüyünün çox olması əksər çaylarda gursululuğun yaranmasına səbəb olub.
Hazırda Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarında gursululuq dövrü (aprel-iyun ayları) davam edir. Daxil olan suyun həcminin artması ehtimalı nəzərə alınaraq, ötən illə müqayisədə Şəmkir su anbarında 166 milyon m³, Mingəçevir su anbarında isə 104 milyon m³ az su ehtiyatı toplanıb. Ümumən əsas su anbarlarında daxilolmalar nəzərə alınmaqla, 2025-ci illə müqayisədə təxminən 250 milyon m³ daha az suyun yığılması təmin edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin yerli istismar idarələri tərəfindən digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə sel sularının təhlükəsiz şəkildə Xəzər dənizinə axıdılması, eyni zamanda, əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Vəziyyət nəzarət altındadır, Kür çayı üzrə daşqın təhlükəsi müşahidə olunmur”.
Qurumdan əlavə edilib ki, əksər bölgələrində müşahidə olunan intensiv yağıntılar nəticəsində şimal-qərb bölgəsinin çaylarında suyun səviyyəsinin artması bəzi lokal ərazilərdə qısamüddətli sel və subasma halları ilə nəticələnib:
“Subasma halları əsasən çayların mühafizə zolaqlarında yerləşən fərdi yaşayış evləri və əkin sahələrində qeydə alınır. Bununla bağlı sakinlər mütəmadi şəkildə məlumatlandırılır və xəbərdar edilir. Eyni zamanda, baş vermiş halların operativ aradan qaldırılması üçün yerli istismar idarələri tərəfindən zəruri tədbirlər görülür.
Baş verə biləcək risklərin vaxtında müəyyən edilməsi və daha ciddi fəsadların qarşısının alınması məqsədilə Kür çayının mühafizə bəndləri boyunca davamlı monitorinqlər aparılır, maşın və mexanizmlər hazır vəziyyətdə saxlanılır, yaranan məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız