“Bizim mentalitet buna icazə vermir...”
Azərbaycanda yəqin ki, ən çox işlədilən cümlələrdən biri də budur. Kimsə fərqli geyinmək istəyəndə, peşə seçəndə, gec evlənəndə, boşananda, başqa şəhərdə yaşamaq istəyəndə, hətta övlad tərbiyəsində yeni üsullar tətbiq edəndə bu ifadə mütləq səslənir. Maraqlıdır ki, “mentalitet” sözünü hamı işlədir, amma çox az adam onun harada başlayıb harada bitdiyini dəqiq izah edə bilir. Çünki hər kəs bu anlayışı başqa cür başa düşür. Amma söhbət kiminsə şəxsi seçimindən gedəndə bu söz dərhal gündəmə gəlir.
Bəs niyə “mentalitet” sözü daha çox qadağa qoyulanda xatırlanır? pizza
Əslində isə mentalitet təkcə qadağalar toplusu deyil. O, bir xalqın yaddaşı, həyat tərzi, ailə münasibətləri, davranış qaydaları və əsrlər boyu formalaşmış dəyərlər sistemidir. Lakin hər ənənə dəyər olmadığı kimi, hər yenilik də təhlükəli demək deyil.
Uşaqlığımızda gördüyümüz ailə mənzərələri bu gün də çoxlarının yaddaşındadır. Axşam yeməyi zamanı bütün ailə bir masa arxasında toplaşardı. Nənə və babalar evin ən hörmətli insanları sayılardı. Bayramlarda qapılar döyülər, uşaqlar küçələrdə oynayar, böyüklər isə saatlarla söhbət edərdi. Bunlar sadəcə nostalgiya deyil, cəmiyyəti bir-birinə bağlayan görünməz tellər idi.
Bu gün isə eyni evdə yaşayan insanlar bəzən bir-biri ilə deyil, telefon ekranı ilə daha çox vaxt keçirir. Bir masa arxasında otursaq belə, hər kəs başqa dünyadadır. Texnologiya həyatımızı asanlaşdırıb, amma münasibətlərimizi soyudub.
Sevgi anlayışı da dəyişib. Bir vaxtlar insanlar bir məktubun gəlməsini həftələrlə gözləyirdi. Bir neçə dəqiqəlik görüş aylarla danışılan xatirəyə çevrilirdi. Mən o dövrün şahidi olmasam da, nənə-babalarımızın danışdığı hekayələrdən hiss olunur ki, münasibətlər daha çox səbir və etibar üzərində qurulurdu.
İndi isə hər şey daha sürətlidir. Bir neçə saniyəyə tanış olmaq, bir neçə dəqiqəyə münasibət qurmaq, eyni sürətlə də onu bitirmək mümkündür. Sosial şəbəkələr seçim imkanlarını artırsa da, bəzən insanlarda heç nəyə bağlanmamaq hissini də gücləndirib. Alınmayan münasibətlərdə “başqasını taparam” tipli düşüncələr daha çox ön plana çıxıb.
Bütün bunlar yalnız Azərbaycana aid deyil. Dünya dəyişir və biz də bu dəyişimin içindəyik. İnternet, qloballaşma, fərdiyyətçilik və Qərb mədəniyyətinin təsiri həyat tərzimizi sürətlə dəyişdirir. Gənclər dünyanın müxtəlif ölkələrində necə yaşandığını görür, müqayisə edir.
Amma qərbləşmək yalnız geyim, həyat tərzi və ya münasibətlərdə sərbəstlik demək deyil. Təəssüf ki, biz bəzən bu dəyərləri deyil, daha çox zahiri görünüşü mənimsəyirik. Bir sözlə, azadlığı məsuliyyətsizlik, müasirliyi isə milli kimlikdən uzaqlaşmaq kimi başa düşənlər də az deyil.
Digər tərəfdən, mentalitet anlayışından da çox vaxt yanlış istifadə olunur. Qadının təhsil almasına, işləməsinə, seçim etməsinə mane olmaq, məişət zorakılığına bəraət qazandırmaq, “el-oba nə deyər?” qorxusu ilə insanların həyatına müdaxilə etmək milli dəyər demək deyil. Onları dəyişməz qanun kimi təqdim etmək cəmiyyətin inkişafına xidmət etmir.
Maraqlıdır ki, biz bəzən milli dəyərlərdən danışarkən dürüstlüyü, zəhmətkeşliyi, qonaqpərvərliyi, böyüyə hörməti, kiçiyə qayğını deyil, daha çox başqalarının həyatına qarışmağı müdafiə edirik.
Başa düşürəm, müasir dövr bizdən tamamilə fərqli bacarıqlar tələb edir. Tənqidi düşünmək, fərqli fikirlərə hörmət etmək, qadın və kişinin bərabər imkanlara sahib olduğu cəmiyyət qurmaq, uşaqları qorxu ilə deyil, anlayışla böyütmək, texnologiyadan düzgün istifadə etmək, psixoloji sağlamlığa diqqət yetirmək artıq zamanın tələbidir. Bunlar milli dəyərlərlə ziddiyyət təşkil etmir. Əksinə, sağlam cəmiyyət qurmağın vacib şərtlərindəndir.
Bəlkə də məsələ mentaliteti qorumaq və ya ondan tamamilə imtina etmək deyil.
Dünyanın dəyişdiyi bir dövrdə düşüncələrimizin də dəyişməsi qaçılmazdır. Amma bu dəyişiklik köklərimizi itirmək hesabına baş verməməlidir. Mən hələ də anlaya bilmirəm ki, bəzən qorumağa çalışdıqlarımız həqiqətən milli dəyərdir, yoxsa sadəcə dəyişmək istəmədiyimiz vərdişlərdir…
Aydan Hacı
Telegram kanalımız