Səs-küylü məhkəmə işi - Həbs mütləq idimi?

saytların hazırlanması

Evə çatdırılma

Səs-küylü məhkəmə işi - Həbs mütləq idimi?

Sosial

02 İyul 2026 15:54 330


“Arzum 9999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyeva 5 il 2 aylıq cəza alaraq məhkəmə zalında həbs edildi. İndi müzakirə olunan cəzanın həddən artıq sərt olmasıdır.

BDU-nun Hüquq fakültəsinin elmi işlər üzrə müavini, hüquq üzrə fəlsəfə doktoru, Rahim Məmmədov “Yeni Sabah”a bildirib ki, bu qərarın cəmiyyətdə müxtəlif rəylər doğurması təbiidir:

“İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci maddəsi – yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə təqsirli bilinib. Həmin maddənin sanksiyasına əsasən, şəxs 3 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilə, eyni zamanda, 2 ildən 6 ilədək azadlıqdan məhrum oluna bilər”. pizza hut

R.Məmmədovun sözlərinə görə, belə qəzalarda cəza bütün işlər üçün eyni olmur, hər hadisə ayrıca qiymətləndirilir:

“Avtoqəzalarda hansı hallarda həbsin qaçılmaz olması məsələsinə gəldikdə isə ümumi qayda budur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərə görə qanun həm alternativ, həm də azadlıqdan məhrumetmə cəzasının tətbiqinə imkan verir. Əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olursa, artıq Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tələbləri tətbiq edilir”.

Hüquqşünas hakimin çıxardığı hökmə dair qeyd edib:

“Cəzanın normal olub-olmadığını yalnız məhkəmənin araşdırdığı konkret hallar əsasında qiymətləndirmək olar. Məhkəmə cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu xarakterizə edən halları, eləcə də digər mühüm məqamları araşdırdıqdan sonra cəzanı müəyyən edir. Yəni 5 il 2 ay müddətində azadlıqdan məhrumetmə cəzası da həmin qiymətləndirmənin nəticəsi kimi təyin olunub.

Bununla belə, nəzərə alınmalıdır ki, söhbət ehtiyatsızlıqdan törədilmiş cinayətdən getsə də, nəticədə bir insan həyatını itirib. Bu itkinin əvəzini heç nə ilə qaytarmaq mümkün deyil.

Digər tərəfdən, təqsirləndirilən şəxsin dəymiş zərəri ödəməsi, peşman olması, ailəli olması, azyaşlı uşaqlarının olması kimi hallar, qanunvericiliyə əsasən, cəzanı yüngülləşdirən hallar hesab oluna bilər. Bu konkret işdə həmin halların hansı həddə nəzərə alındığını söyləmək çətindir. Lakin ümumilikdə məhkəmələr belə halları qiymətləndirirlər”.

R.Məmmədov hesab edir ki, cəzanın maksimum həddə verilməsi problemi tam həll etmir:

“Şəxsi mövqeyim budur: həm statistika, həm də məhkəmə təcrübəsi göstərir ki, cəzanın sərtləşdirilməsi bütün hallarda insanların cinayət törətməsinin qarşısını almır və onların islahına da mütləq şəkildə təsir etmir.

Hesab edirəm ki, müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti verə və iş yuxarı instansiya məhkəməsində yenidən qiymətləndirilə bilər. Çünki söhbət qəsdən deyil, ehtiyatsızlıqdan törədilmiş cinayətdən gedir. Heç kim qəsdən belə bir nəticənin baş verməsini istəməz. Amma bununla yanaşı, bir insanın həyatını itirməsi onun ailəsi və yaxınları üçün çox ağır nəticələr doğurur.

Yuxarı instansiya məhkəməsi işə baxarkən peşmançılığı, dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsin ailə vəziyyətini, uşaqlarının olmasını və digər yüngülləşdirici halları nəzərə alaraq cəzanı dəyişə də bilər, dəyişməyə də bilər. Bu artıq məhkəmənin hüquqi qiymətləndirməsindən asılı olacaq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!