İyunun 24-də keçirilən tarix fənni üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanından sonra sosial şəbəkədə narazılıqlar səngimir. Müəllimlər bir sıra test tapşırıqlarının elmi-metodiki baxımdan mübahisəli olduğunu, bəzi sualların isə həddindən artıq çətin, vaxtaparan və çaşdırıcı tərtib edildiyini bildirirlər. Ən çox müzakirə olunan 52, 54, 57 və 60-cı suallarla bağlı müəllimlər apellyasiya şikayətləri verəcəklərini deyiblər.
“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, tarix müəllimləri sosial şəbəkədə və ixtisas qruplarında paylaşdıqları fikirlərdə imtahanın çətinlik səviyyəsinin əvvəlki illərlə müqayisədə daha yüksək olduğunu bildiriblər.
Onların sözlərinə görə, bəzi suallar kurikulumun məntiqinə uyğun olmayıb, əzbərçiliyə əsaslanıb, uzun və dolaşdırıcı formada tərtib edilib. Müəllimlər hesab edirlər ki, bu cür suallar onların fənn biliklərindən daha çox, vaxt idarəetməsini və uzun mətnləri qısa müddətdə təhlil etmək bacarığını yoxlayıb. Toyuqlu pizza
Müəllimlərin ən çox etiraz etdiyi məqamlardan biri 52-ci sualla bağlıdır. İddialara görə, "Böyük coğrafi kəşflər" mövzusu əsasında hazırlanan situasiya tapşırığı tarix fənnindən daha çox coğrafiya fənninin məzmununu əhatə edir. Sualda müəllimin "Böyük coğrafi kəşflər" mövzusunu keçərkən onun dünya iqtisadiyyatı ilə əlaqəsini izah etməsi və həmin ölkələrin xəritədə göstərilməsini tapşırması əsasında hansı inteqrasiyanı reallaşdırdığı soruşulur. Müəllimlər bildirirlər ki, bu məzmun tarix deyil, coğrafiya fənninə aiddir və buna görə də düzgün cavab kimi fəndaxili inteqrasiyanın götürülməsi yanlış hesab olunur. Onların fikrincə, bu sual tarix müəlliminin səriştəsini yoxlamır və cavab açarında da səhv var.
57-ci sualla bağlı narazılıqlar metodika üzrə situasiya tapşırığı ilə əlaqədardır. Sualda sinfə yeni gələn əcnəbi şagirdin digər şagirdlərlə ünsiyyət qura bilmədiyi şəraitdə müəllimin atmalı olduğu ən effektiv addım soruşulur. Müəllimlərin iddiasına görə, cavab açarında müəllimin şagirdi sinifdən çıxararaq məktəblə və digər şagirdlərlə tanış etməsi düzgün cavab kimi göstərilib. Onlar isə hesab edirlər ki, dərs zamanı müəllimin sinfi tərk etməsi və bütün məktəbi gəzdirməsi nə metodiki, nə də pedaqoji baxımdan doğru yanaşma sayıla bilər. Müəllimlərə görə, bu situasiyada layihə işi, sinifdaxili fəaliyyət və ya inklüziv mühitin yaradılmasına yönəlmiş variantlar daha düzgün cavab olmalı idi.
Mübahisə doğuran digər tapşırıqlardan biri 60-cı sualdır. Müəllimlər qeyd edirlər ki, sualın mətni həddindən artıq uzun, variantları isə çox mürəkkəb və dolaşıq qurulub. Onların sözlərinə görə, sualı tam oxuyub anlamaq və cavablandırmaq üçün xeyli vaxt tələb olunub. Bəzi müəllimlər bildirirlər ki, bir sual üzərində 10-15 dəqiqəyə yaxın vaxt sərf ediblər. Onların fikrincə, bu, tarix fənni üzrə imtahan iştirakçılarını digər fənlərlə müqayisədə əlverişsiz vəziyyətə salıb və qiymətləndirmədə bərabərlik prinsipini pozub.
Sosial şəbəkədə 54-cü sualla bağlı da etirazlar səsləndirilib. Müəllimlər həmin sualın da mübahisəli olduğunu bildirsələr də, paylaşımlarda bu sualla bağlı konkret elmi-metodiki əsaslandırma geniş şəkildə izah edilməyib. Bununla belə, onlar həmin sualın da apellyasiya zamanı yenidən qiymətləndirilməli olduğunu bildirirlər.
Bundan başqa, müəllimlər qeyd edirlər ki, imtahanda Birinci və İkinci Dünya müharibələri, Azərbaycan tarixi və 44 günlük Vətən müharibəsi kimi geniş mövzulara nisbətən, daha az əhəmiyyət kəsb edən məqamlarla bağlı suallara üstünlük verilib. Onların sözlərinə görə, bəzi tapşırıqlar dərslik mətninin cümlə-cümlə əzbərlənməsinə hesablanıb və kurikulumun mahiyyətinə uyğun olmayıb.
Sosial şəbəkədə paylaşım edən müəllimlər həmkarlarını mübahisəli hesab etdikləri suallarla bağlı apellyasiya şikayəti verməyə çağırıblar. Onlar hesab edirlər ki, apellyasiya zamanı bu sualların elmi-metodiki baxımdan yenidən ekspertizadan keçirilməsi vacibdir.
Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Respublikasının Təhsil İnstitutuna sorğu ünvanlayıb. Sorğuda tarix fənni üzrə imtahanın çətinlik səviyyəsi, müəllimlərin etiraz etdiyi 52, 54, 57 və 60-cı sualların elmi-metodiki baxımdan düzgün hesab edilib-edilmədiyi, həmin sualların hazırlanması və ekspertizasını həyata keçirən qurum və ya ekspert qrupu, indiyədək tarix imtahanı ilə bağlı daxil olan müraciətlərin sayı, apellyasiya zamanı hər hansı sualın qüsurlu olduğu müəyyən edilərsə, qiymətləndirmənin hansı mexanizmlə aparılacağı, eləcə də gələcək sertifikatlaşdırma imtahanlarında oxşar mübahisələrin qarşısının alınması üçün hər hansı dəyişikliklərin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suallar yer alıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutu bir neçə gündən sonra Oxu.Az-ın sorğusunu cavablayıb:
"Apellyasiya başa çatdıqdan sonra geniş cavab veriləcək. Hələ ki bir şərh yoxdur".
Telegram kanalımız