Əvvəlcə “A” hərfini öyrəndi. İlk yazdığı söz “Ana” oldu. Sonra “Ana Vətən” sözünü yazdı. Lap sonda Ana Vətən uğrunda canını fəda etdi.
İnsanların özləri, üzləri, xarakterləri kimi, taleləri də müxtəlifdir. Amma şəhidlərin taleyi bir-birinə çox bənzəyir. Müqəddəs vətən bayrağına sarılaraq, bu dünyadan köçmək ancaq onlara qismət olur.
Mərahim də o şəhidlərdən biridir. Cəmi 18 yaşında zirvəyə qalxmağı bacaran igiddir Mərahim. Pepperoni pizza
18 yaş!
Bu yaş insanın müstəqil həyata atıldığı yaşdır. Bu yaş həm də Mərahim kimi onlarla igid əsgərin özlərini ölümün ağuşuna atdığı yaşdır.
Vətəni yaşatmaq üçün ölümü seçən igid azərbaycanlılardan biridir budəfəki qəhrəmanımız...
Nə olsun ki, cəmi 18 yaşı vardı. Nə olsun ki, həmişə 18 yaşda qalacaq.
Onlar öz mübarək ölümləri ilə əbədi yaşamaq hüququ qazanıblar...
Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açıb. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətinin ilk 5 ayından sonra İkinci Qarabağ müharibəsi başlayıb. O. müharibənin ön cəbhəsinə könüllü olaraq atılıb.
Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qəhrəmanlığın yaşı olmur, fəlsəfəsi olur. Əsas odur ki, dünya durduqca Mərahim tarixdə və xalqın yaddaşında igid əsgər kimi qalacaq.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız