“Birinci Qarabağ müharibəsində əli qana batmış şəxslərin həbs edilməsi tamamilə başqa məsələdir. Bunun mahiyyətində dayanan əsas ideya ondan ibarətdir ki, əli Azərbaycan xalqının qanına batmış bütün hərbi canilər tutulacaq, həbs ediləcək və ədalətli cəzasını alacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili Bakıdakı istintaq təcridxanasında saxlanılan separatçı rejimin “hərbi və siyasi liderləri”ndən sonra sözügedən cinayət işi ilə bağlı Baş Prokurorluq tərəfindən prosesə daha kimlərin əlavə olunacağı haqqında fikirlərini bölüşüb. Dominos pizza
E.Nəsirov söyləyib ki, hazırda İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarından sonra həbs olunan separatçı canilər istintaqa cəlb olunub və məlum proses davam edir:
“Lakin bu, heç də o anlama gəlmir ki, proses bununla məhdudlaşacaq. Çünki Azərbaycan Respublikasının Baş Prokurorluğu təxminən 300-ə qədər hərbi cinayətkarın məsuliyyətə cəlb edilməsi ilə bağlı artıq istintaq hərəkətlərinə start verib və onların həbsi an məsələsidir. Burada heç bir güzəşt və kompromisdən söhbət belə gedə bilməz. Ona görə də bunun sülh müqaviləsinin imzalanması məsələsi ilə heç bir əlaqəsi yoxdur”.
Müsahibimiz hesab edir ki, sülh müqaviləsinin imzalanması, nəticə etibarilə, digər hərbi canilərin də istintaqa cəlb edilməsi üçün münbit şərait yarada bilər:
“Ermənistandakı Paşinyan hakimiyyəti Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlərə görə məsuliyyət daşımadığını bəyan edərək, həmin hərbi canilərin Azərbaycana verilməsini həyata keçirə bilərlər ki, bu da, hər 2 dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması baxımından çox mühüm addım ola bilər”.
Deputatın fikrincə, proses heç də ötən il saxlanılan hərbi canilərlə məhdudlaşmayacaq. əksinə, perspektivdə yeni-yeni istintaq prosesinə hərbi cinayətkarların cəlb edilməsi labüd görünür:
“Bu məsələ, həmçinin Robet Koçaryan və Serj Sarkisyana da aiddir. Düzdür, adıçəkilən şəxslər deputat toxunulmazlığı adı altında gizləniblər, lakin hər ikisinin Paşinyan hakimiyyətinə qarşı sərt mövqedə olduqları bəllidir. Belə olan halda ilk fürsətdə onların hakimiyyət tərəfindən həbs edilməsi proqnozlaşdırılır. Amma bu məsələləri gələcək perspektivdə istisna etmək olmaz. Çünki Paşinyan Sarkisyan-Koçaryan tandemini hakimiyyəti üçün ciddi təhlükə hesab edir deyə, onlardan yaxasını qurtarmaq naminə bu caniləri törətdiyi cinayəti Azərbaycanın qoyduğu məsələlər fonunda araşdıra bilər”.
“Bu gün dünyada elə proseslər baş verir ki, onu bir neçə il qabaq proqnozlaşdırmaq belə çox çətin idi. Keçmişdə Xankəndidə Sarkisyan-Koçaryan cütlüyü Azərbaycana qarşı növbəti terror əməllərini həyata keçirmək istəyirdilərsə, indi orada Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Belə olan təqdirdə, həmin canilərin həbs edilməsinə niyə inanmayaq? Burada söhbət zamandan və İlahi ədalətdən gedir ki, biz o günü də görəcəyik”, – deyə, o, fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız