Artıq 8 gündür ki, Silahlı Qüvvələrimiz əks hücuma keçərək işğal altındakı Azərbaycan ərazilərini düşməndən təmizləyir. İndiyə qədər Murovdağ zirvəsi və 20-dən artıq yaşayış məntəqəsi azad edilib. Ordumuzun gücü qarşısında davam gətirə bilməyən işğalçı Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, mülki obyektləri, dinc əhalini hədəfə alır. Son 2-3 gündə isə düşmən daha da azğınlaşıb. Ermənistan ərazisindən Gəncə, Mingəçevir, Xızı və Abşerona davamlı şəkildə raket atılır, müharibə bölgəsindən uzaqda yerləşən şəhərlərimiz dağıdılır, vətəndaşlarımız qurbana çevrilir. Ötən gün ermənilərin bu vəhşiliyi nəticəsində Gəncə şəhər sakinləri arasında da ölən və yaralananlar olub. Bu hadisələrdən sonra Azərbaycanda mülki əhaliyə dəyən maddi və mənəvi zərərlə əlaqədar olaraq, müvafiq rayon prokurorluq orqanlarında Ermənistanın rəhbər şəxslərinə qarşı cinayət işi qaldırılıb. Maraqlıdır, həmin canilərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olacaqmı?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev qeyd edib ki, həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər:
“Cinayət işi başlanıb, istintaq gedəcək. Buraya konkret şəxslər cəlb olunacaq. Məsələn, oyuncaq Qarabağ hökumətinin rəhbərləri - qondarma prezidenti, baş naziri, hərbi naziri və digər "vəzifəli" şəxsləri var. Onlar qanunsuz silahlı birləşmələrə rəhbərlik edirlər. Özlərini "Dağlıq Qarabağ Respublikası" adlandırırlar, lakin heç bir dövlət tərəfindən tanınmırlar. Həmin tərkibdə olmaq, birləşmiş hərbi qüvvələrdə iştirak etmək artıq cinayət məsuliyyəti daşıyır. Onlara qarşı cinayət işi qaldırılıb və barələrində qiyabi surətdə ittiham verilməlidir. Yəqin ki, veriləcək. Onların Azərbaycana təhvil verilməsi Ermənistan hökumətindən tələb olunacaq. Çünki artıq hüquqi sənədlərdə, məsələn, Avropa Məhkəməsinin “Çıraqov Ermənistana qarşı” işində hüquqi cəhətdən tanınıb ki, Qarabağ torpağına Ermənistan nəzarət edir, inzibati idarəçiliyi həyata keçirir. Bu, həm də BMT-nin 4 qətnaməsində öz əksini tapıb. Məhz buna görə ilk növbədə o adamların verilməsi Ermənistandan tələb olunacaq. Yəqin ki, Ermənistan buna cavab verməyəcək. O zaman Azərbaycan həmin şəxsləri beynəlxalq axtarışa verib tutulması barədə İnterpola və yaxud da digər ölkələrin hüquq-mühafizə orqanlarına sorğular göndərəcək. Təcrübəyə istinad edərək deyə bilərəm ki, İnterpol onları həbs edib Azərbaycana verməyə bilər, belə də ehtimal var. Lakin biz bilirik ki, bu adamlar tez-tez xaricə gedirlər, orada lobbiçiliklə məşğuldurlar. Ermənistan üçün silah göndərilməsini, pul yığılmasını təşkil edirlər. Onlar əgər İnterpolun siyahısında varsa, heç olmasa, prosedur qaydasına uyğun olaraq həmişə saxlanılıb sorğu-sual olunacaqlar. Bu, artıq onlar üçün baş ağrısı olacaq və hər dəfə belə çətinliklərə rast gəlmələri nəticəsində onlar Ermənistandan çıxa bilməyəcəklər”. Sezar pizza
Hüquqşünas Ermənistanın özünə qarşı Avropa Məhkəməsində iddia qaldırmaq məsələsinə də toxunub: “Biz o vaxt məcburi köçkünlərlə bağlı iş qaldırmışıq, hazırda kommunikasiyası gedir. Lakin indi də bu qətllər, mülki şəxslərə dəymiş ziyanla bağlı iddia qaldırmaq lazımdır. Bunun üçün bu sahədə çalışan vəkillər səfərbər olmalıdırlar. Bütün dağıntı və ölüm faktları üzrə Avropa Məhkəməsi üçün şikayətlər hazırlanmalıdır”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız