Bir müddət əvvəl Qırğızıstan prezidenti Sadır Japarov ölkəsinin borc girdabına düşməsiylə bağlı açıqlama verdi. Bildirdi ki, artan xarici borclara görə Qırğızıstan müstəqilliyini itirmə təhlükəsi ilə qarşı-qarşıyadır.
Burada söhbət Çinə olan 2 milyard dollara yaxın borcdan gedir. Lakin bu gün təkcə Qırğızıstan yox, demək olar ki, Mərkəzi Asiya ölkələrinin hamısı Çinə olan borclarına görə ciddi çətinliklərlə üzləşirlər. Belə ki, Tacikistan kimi kiçik bir ölkənin Çinə 1 milyard dollardan çox, Özbəkistanın isə gəlirinin 16 faizi həcmində borcu var. Həmçinin Qazaxıstan da daim Çinə borclanan ölkələr arasındadır. Bunlar isə Çinin yardım adı ilə ölkələri özündən asılı vəziyyətə salmaq və həmin dövlətlərin bazarını ələ keçirmək üçün gördüyü tədbirlərdən qaynaqlanır.
Maraqlıdır, Mərkəzi Asiya ölkələrinin Çindən asılılığını sonlandırmaq üçün Türk Dövlətləri Təşkilatı hansı addımları ata bilər? Dominos pizza
Beynəlxalq məsələlər üzrə mütəxəssis, təhlükəsizlik eksperti Sabir Askeroğlu məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, Türk Dövlətləri Təşkilatı üzv dövlətlərlə əməkdaşlığı inkişaf etdirərsə, onların digər dövlətlərdən asılılığı azalar:
“Mərkəzi Asiya ölkələri Çindən asılılıqlarını azaltmaq istəyirlər. Buna görə də həm Türk Dövlətləri Təşkilatı, həm də digər böyük və regional güclərlə əlaqə qurmağa çalışırlar. Məsələn, Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli əməkdaşlığı bu məqsədlə yaradılıb. Bu mexanizm digər ölkələr üçün də nümunə ola bilər. Özbəkistan Azərbaycanla olduğu kimi Türkiyəylə də ikili münasibətləri əsas alaraq iqtisadi və ticari əməkdaşlığı inkişaf etdirmək istəyir. İnanıram ki, bu, Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyaya töhfə verəcək”.
Ekspert Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı artırmaq üçün öz aralarında məsləhətləşmələr apardığını da diqqətə çatdırıb:
“Hətta buna görə Qırğızıstanda görüş keçirildi. Mərkəzi Asiya ölkələri Çindən asılılığı azaltmaq üçün Körfəz regionu ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Onlar körfəz kapitalını ölkəyə cəlb etməyi hədəfləyirlər”.
Həmsöhbətimiz Çinlə əlaqələrin tamamilə kəsilməsinin mümkün olmayacağını da vurğulayıb:
“Çünki Çin hələ də region ölkələrinin güclü tərəfdaşıdır və onlar Çinlə münasibətlərini saxlamaq istəyirlər. Hətta “Kəmər və Yol” Təşəbbüsündə iştirak etməyi və Çin kapitalını öz ölkələrinə cəlb etməyə davam etməyi planlaşdırırlar”.
Telegram kanalımız