Fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi ölkənin əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia barəsində həbs qətimkan tədbirinin görülməsi barədə qərar qəbul edib. O, 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında “Qavrilov gecəsi“ kimi tanınan polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və qrup zorakılığında iştirakda təqsirləndirilir. Məhkəmənin qərarından sonra ölkənin Baş naziri Giorgi Qaxariya vəzifəsindən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verib. Bu gün səhər isə Tbilisidə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri müxalif “Vahid Milli Hərəkat” partiyasının baş ofisində əməliyyat keçirib. Partiya sədri Nika Melia həbs edilib. Onun həbs edilməsi zamanı polislə vətəndaşlar arasında baş verən insidentlə əlaqədar 21 nəfər də saxlanılıb.
Bu hadisələrlə bağlı Yenisabah.az-a açıqlama verən “Vahid Milli Hərəkat”ın üzvü, sabiq millət vəkili Azər Süleymanov müxalifət liderinin həbsinin kökündə dayanan məsələləri açıqlayıb:
"Bu gün səhər saatlarında “Birləşmiş Müxalifət”in liderini həbs etdilər. Həbs də onunla bağlıdır ki, 2019-cu il iyunun 20-də rusiyalı deputat Qabrilov Gürcüstana gələndə parlament sədrinin yerində əyləşdi, bu isə böyük aksiyalara səbəb oldu. Rusiya Dumasının Kommunist Partiyasının üzvlərindən birinin parlamentdə çıxışı zamanı bizim müxalifətdən olan millət vəkilləri böyük etiraz etdilər və imkan vermədilər ki, Gürcüstanın 20 faiz torpağını işğal etmiş dövlətin nümayəndəsi Gürcüstan parlamentinin sədrinin yerində əyləşsin, orada çıxışlar etsin. Beləliklə, 20 iyunda parlamentin qarşısında böyük qarşıdurma yarandı və bunun nəticəsində Nika Melianı əsas təşkilatçı kimi ittiham etdilər. Məhkəmə prosesi getdi və onun qoluna elektron qolbaq bağladılar. O, artıq evdən çıxarkən icazə almalı idi. 2020-ci ilin oktyabr ayında parlament seçkilərindəki böyük saxtalaşdırmadan sonra Nika Melia mitinqlərin birində o qolbağı açıb tulladı və “Mən bu qolbağı saymıram, bu gündən bütün Gürcüstan mübarizəyə keçir”, - dedi. Onunla əlaqədar Nika Melia üçün yenidən məhkəmə prosesi baş tutdu. Məhkəmə zamanı ona 70 min lari cəza tətbiq edildi. Bildirim ki, ona bu cəza iki dəfə tətbiq olunub. Nika Melia da öz növbəsində bir prosesə iki dəfə pul ödəməyəcəyini dedi. Buna görə də ona bir həftə vaxt verdilər. Demək olar ki, bütün “Birləşmiş Müxalifət” Nika Melianı qorumağa başladı. Çox təəssüflər olsun ki, bu gün səhər saatlarında “Vahid Milli Hərəkət” Partiyasının ofisinə daxil olaraq oranı darmadağın etdilər və Nika Melia həbs edildi". pizza
A.Süleymanov deyib ki, bu gün saat 3-dən Gürcüstanda mitinqlər başlayıb:
"Bu gün artıq Gürcüstan açıq-aydın Avropa kursundan çıxıb, 90-cı illərə çevrilməyə başladı. Hər kəs ümidini itirib, işsizlik, rüşvətxorluq hökm sürür. Əhalinin əsas etirazı 2020-ci ildə “Gürcü Arzusu”na yox deməsi oldu. Amma təəssüf ki, “Gürcü Arzu”su qol və polis gücünə seçkilərdə qalib oldu. Bu gün içərisindən 4 nəfər satılmaqla bütün müxalif partiyalar parlament mandatından imtina etdilər. Düşünürəm ki, proseslər dərinləşəcək. Artıq iqtidarla müxalifətin görüşməsinin 5-ci raundu olacaq. Mənə elə gəlir ki, heç o görüşlərə ehtiyac qalmayıb. Qeyd edim ki, keçmiş baş nazir Nika Melianın həbs edilməsini istəmirdi və onunla bağlı açıqlama da verdi. Tutduğu baş nazir postundan geri çəkildi. Bildirdi ki, demokratik dövlətdə müxalifət liderini həbs etmək olmaz. O, ikinci dəfə əlini qana batırmaq istəmədi”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız