İranın Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində üç qız yaralanıb. Hadisə hər iki ölkə arasında gərginliyə səbəb olub. Bəs görəsən bu hücum yaxın dövrdə dünyada yeni münaqişə ocağının yaranması ilə nəticələnə bilərmi?
Mövzunu Yenisabah.az-a şərh edən politoloq Mətin Məmmədli qeyd edib ki, bu tip eskalasiyalar irimiqyaslı müharibə riskini doğurur.
“Məlum olduğu kimi, son vaxtlar Yaxın Şərq regionunda hərbi-siyasi eskalasiya durmadan artır. HƏMAS və İsrail arasında davam edən müharibə, Yəməndə husilərin qiyamı və buna bənzər proseslər bölgədəki gərginliyi pik həddə çatdırır. Regionda davam edən münaqişələr daha irimiqyaslı müharibələrə, hətta dünya müharibəsinə gətirib çıxara bilər. Son olaraq İranın Pakistanda terror təşkilatlarının bazalarını vurması iki ölkə arasında gərginliyə səbəb oldu. Pakistanın xarici işlər naziri İranın bu addımını qınayan bəyanatla çıxış etdi və iki ölkə arasında olan münasibətlərin daha da kəskinləşə biləcəyini bildirdi”. pizza mizza
Politoloq hər iki ölkənin hazırki dövrdə genişmiqyaslı münaqişəyə maraqlı olmadığını bildirib.
“Nəzərə alsaq ki, İranla Pakistan arasında onsuz da indiyə qədər müəyyən problemlər olub və son hadisəni də əlavə etsək, hərbi qarşıdurma riskləri artır. Ancaq düşünmürəm ki, hər iki ölkə arasında yaxın gələcəkdə hər hansı real toqquşma və hərbi münaqişə baş versin. İstər İranın, istərsə də Pakistanın siyasi, iqtisadi və hərbi sahədə kifayət qədər problemləri var. Belə bir vəziyyətdə iki ölkənin hansısa müharibəyə başlayacağı real görünmür”.
Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib.
Nazim Hacıyev
Telegram kanalımız