Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Yenisabah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur. Bu gün yeni ofislə təmin olunan siyasi təşkilatlardan biri də AĞ Partiyadır.
Partiyanın sədri Tural Abbaslı təəssüratını saytımıza bölüşüb. O, siyasi partiyaların ofislə təmin olunmasını müsbət addım kimi qiymətləndirib: pizza hut
“Təbii ki, bu müsbət addımı biz alqışlayırıq. Siyasi islahatların başlamasına elan verildikdən sonra Prezident Administrasiyasında yeni şöbə yaradıldı və o şöbə partiyalarla işləməyə başladı. İlk dəfə olaraq mətbuatda dialoq mühiti kimi ifadələr işlədildi və bu, artıq real nəticələr verir. Partiyalar arasındakı düşmənçilik rəqabətə çevrilib. Vətən müharibəsi dönəmində partiyaların birgə bəyanatları, dövlət maraqlarından çıxış etmələri kimi nüanslar tutulan yolun doğru olduğunun göstəricisi idi. Eyni zamanda ilk görüşlərdə çoxpartiyalı sistemin inkişafına mane olan məsələlər müzakirə olunmuşdu. O sırada əsas öndə gələn problemlər partiyaların fəaliyyət göstərməsi üçün imkanların olmaması, kirayə məsələsi idi. Bu istiqamətdə işlər gedirdi və təbii ki, bizə də məlumatlar verilirdi. Nəhayət, bu həftədən müvafiq dövlət qurumu ilə partiyalar arasında müqavilələr imzalandı və artıq bir çox partiyalar ofislə təmin olundu”.
T.Abbaslı bu prosesin yarımçıq qalmayacağına ümidvar olduğunu dilə gətirib. O, sadəcə partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi yönümündə deyil, eyni zamanda partiyaların siyasi həyatda daha yaxından və aktiv iştirak etməsi üçün lazım olan hüquqi bazanın da yaradılması istiqamətində addımlar atılmasının vacibliyini vurğulayıb: “Ümumiyyətlə, çoxpartiyalı sistemin inkişafı üçün hər iki tərəf üzərinə düşəni icra edərsə, Azərbaycan dünya dövlətləri səviyyəsinə çata biləcək bir dövlət qura bilər. Ofisin vəziyyətinə gəldikdə isə deyə bilərəm ki, düzdür, buraya çox böyük qərargah demək olmaz, çünki ofisin həcmi təxminən 140 kvadratmetrdir, lakin otaqlar təmirlidir. Amma təbii ki, əşyalar yoxdur. Bəzi kommunal məsələlər var ki, həll edilməlidir. Amma yenə də biz bardağa dolu tərəfindən baxmağı seçirik. İradə olduqdan sonra qalan məsələlər də aradan qaldırılacaq, bu prosesi bitmiş hesab etmək olmaz”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız