“Partiyalar psixoloji-siyasi natamamlıqdan qurtulur” –   MHP sədri

saytların hazırlanması

Evə çatdırılma

“Partiyalar psixoloji-siyasi natamamlıqdan qurtulur” – MHP sədri

Siyasət

18 Dekabr 2020 16:55 901


Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq, siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür. Siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib. Həmin siyasi təşkilatlardan biri də Milli Həmrəylik Partiyasıdır (MHP). 

Partiyanın sədri Əlisahib Hüseynov təəssüratlarını Yenisabah.az saytına bölüşüb.

O, siyasi partiyaların ofislə təmin edilməsini misli görünməmiş hadisə kimi qiymətləndirib: Toyuqlu pizza

“Mən dövlətimizin bu addımını birmənalı şəkildə yüksək qiymətləndirirəm. Bu addım Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq atılıb. Məqsəd də siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılmasıdır. Ofis, qərargah məsələsi partiyaların gündəlik olaraq üzləşdiyi ən ciddi problemlərdən biri idi. Bir çox partiyalar daimi qərargahın olmamasından əziyyət çəkirdi. Bizim də daimi qərargahımız yox idi. Kirayə ofisdə otururduq. Bu isə istər-istəməz psixoloji diskomfort hissi yaradırdı. Lakin şükürlər olsun ki, bu problem artıq öz həllini tapdı. Gördüyünüz kimi siyasi partiyaların ofis sahələri ilə təmin olunması prosesi başlayıb. Proses çərçivəsində artıq 10-dan çox partiya qərargahla təmin edilib və bu ilk onluqda biz də varıq. Sədri olduğum Milli Həmrəylik Partiyasına da dövlət tərəfindən qərargah verilib”. 

MHP sədri söyləyib ki, onun rəhbərlik etdiyi təşkilat bu hadisəni ölkənin siyasi həyatında və ayrıca olaraq partiyalara münasibətdə dönüş nöqtəsi hesab edir:

“Artıq siyasi partiyaların fəaliyyətində yeni mərhələ başlayır. Partiyalara münasibətin dəyişməsi bütövlükdə siyasi mühitin keyfiyyətcə dəyişməsinə, yaxşılaşmasına təkan verəcək. İndi dövlət-partiya münasibətləri daha sivil müstəviyə keçir. Partiyaların ofislə təmin edilməsi ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapmasının göstəricisi olmaqla bərabər, həm də partiyalara psixoloji-siyasi natamamlıqdan qurtulmaq imkanı verir. Ofisi olmayan partiya yarımçıq qurum deməkdir. Heç bir siyasi partiya normal ofis şəraiti olmadan effektiv fəaliyyət göstərə bilməz. Ofisi olmayan siyasi partiyanı heç cəmiyyətin özü də ciddi qəbul etmir. Bu baxımdan, mən partiyaların ofislə təmin olunması prosesini  onlara ikinci nəfəsin verilməsi kimi qiymətləndirirəm”.

Ə.Hüseynov mövcud problemin həllində, partiyaların qərargahla təmin edilməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rolunu xüsusi olaraq qeyd edib:

“Hörmətli Ədalət Vəliyevin rəhbərlik etdiyi sözügedən şöbə siyasi partiyalara qarşı sözün əsl mənasında dövlət qayğısı və peşəkar yanaşma nümayiş etdirir. Biz bunu partiya sədrlərinin ofis sahələri ilə tanış edilməsi, sənədləşmə prosesində də bir daha müşahidə etdik. Mən Ədalət müəllimin qayğıkeşliyini və şöbə əməkdaşlarının işə məsuliyyətlə yanaşmalarını təqdir edirəm. Rəhbəri olduğum MHP-nin üzvləri dövlət tərəfindən ofislə təmin edilməyimizi böyük ruh yüksəkliyi ilə qarşıladılar. Biz bu möhtəşəm anı uzun illər ərzində gözləmişdik. Bu hadisə bizim gələcək fəaliyyətimizdə şübhəsiz ki, çox şeyi dəyişəcək. Əlbəttə, söhbət müsbət dəyişikliklərin anonsundan gedir. Dövlətin qayğısını və dəstəyini hiss edən bir siyasi qurum kimi MHP bundan sonra ölkədə milli birlik və həmrəylik əhval-ruhiyyəsinin qorunub saxlanması istiqamətində daha da əzmlə çalışacaq. Azərbaycanımızın postmüharibə dövründə daha böyük uğurlara imza atması üçün hamımız əl-ələ verməli və Prezidentin ətrafında sıx birləşməliyik”.

Sayad HƏSƏNLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!