Erməni diversantı ələ keçirən azərbaycanlı zabitlərin cəzalandırılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İctimai-siyasi fəallar Müdafiə Nazirliyinin bu addımına tənqidi yanaşıblar. Onların fikrincə, erməni diversantı həbs edən zabitlərimizin cəzalandırılması orduda döyüş ruhuna mənfi təsir göstərə bilər. Bildirək ki, Müdafiə Nazirliyi yaydığı açıqlamada hərbçilərin cəbhə bölgəsində smartfon işlətdikləri üçün cəzalandırıldıqlarını qeyd edib.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu kimi məsələlərdə ilk olaraq Müdafiə Nazirliyinin yaydığı məlumata diqqət yetirməliyik və onun əsasında fikir söyləməliyik:
“Son zamanlar sosial şəbəkələrdə erməni zabitin ələ keçirildiyi istiqamətdə xidmət göstərən hərbçilərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Mən dəfələrlə demişəm ki, biz gərək ordu, cəbhə bölgəsi, Dağlıq Qarabağ və oradakı fəaliyyətlə bağlı fikir söyləyəndə əsaslı olaq. Buna baxmayaraq, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyi hədəfə çevrilib və haqlarında əsassız iddialar səsləndirilir, hətta bəzən etik qaydalardan kənar ifadələr işlədilir”. Dördpendirli pizza
Şair Ramaldanovun sözlərinə görə, təxris olunanlar həmin əməliyyatda iştirak edən, erməni baş leytenantını ələ keçirən hərbçilər yox, sadəcə erməni ələ keçiriləndən sonra səngərdə olan hərbçilərdir:
“Məndə olan məlumat belədir. Bəzi sosial şəbəkə istifadəçiləri yazırlar ki, guya Baş qərargah rəisinin əmri ilə həmin hərbçilər uzaqlaşdırılıb. Mən bir daha demək istəyirəm ki, həmin hərbçilərin təxris olunması birləşmə komandirinin səlahiyyətində olduğu üçün birləşmə komandirinin əmri əsasında təxris olunublar.
Digər bir məsələyə diqqət yetirmək istəyirəm. İstər hərbi hissələrdə xidmət edən hərbçilər, istərsə də hərbi hissədə işləyən mülki şəxslərin hamısı bilir ki, artıq bir neçə ildir ki, Müdafiə nazirinin əmrinə görə smartfon telefonları hərbi hissə ərazisinə gətirmək və istifadə etmək qəti qadağandır. Bununla əlaqədar hətta mütəmadi olaraq hərbçilərə informasiya da verilir. Hərbçilər bu əmrlə tanış olduqları haqda imza da atırlar. Lakin buna baxmayaraq, onlar bu qadağanı kobudcasına pozaraq həmin görüntüləri yayıblar. Bu, birinci hadisə deyil ki, smartfon telefonunun istifadəsinə görə hərbçilər ordudan təxris olunur. O hərbçilərin təxris olunması ilə bağlı da xəbər yayılıb. Bu məsələ ciddidir və daima nəzarət altındadır. Bunu bildikləri halda smartfon telefonu məhz səngərdə, düşmənlə təmasda hansı məqsədlə istifadə edirlər?”.
Həmsöhbətimiz hesab edir ki, həmin hərbçilərin o görüntüləri yaymaları nəticəsində məxfi olan məlumat düşmən tərəfindən sosial şəbəkələrdən ələ keçirilib:
“Onlar artıq məlumatlanıblar ki, baş leytnantları hansı şəraitdə və harada əsir götürülüb. Ona görə də düşünürəm ki, biz hamımız buna təmkinli, obyektiv yanaşmalıyıq. Sosial şəbəkələrdə ola bilər ki, hərbidəki bəzi məsələləri bilmədən müəyyən müzakirələr aparılır və bu zaman Müdafiə Nazirliyinin rəhbərliyi barədə yersiz fikirlər səsləndirilir. Ona görə bildirim ki, bütün hərbçilər andiçmə mərasimində əmri yerinə yetirəcəkləri ilə bağlı and içirlər.
Mən sosial şəbəkələrdə əsassız şəkildə fikir söyləyənləri bu işdən çəkindirmək istəyirəm. Bir məsələ də var ki, bəzi saytlar Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamanı rus dilinə çevirərkən düzgün tərcümə etməyiblər və fikir təhrif olunub. Bu məsələlərdə də diqqətli olmaq, düzgün yanaşmaq lazımdır”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız